Əliyevanın kitabxanası evimdə

Sovet hökumətinin vaxtında çoxları iş yerindən balacalara maraqlı hədiyyələr gətirməyi xoşlayırdı. Çünki bolluq idi. Məsələn, o vaxtlar laboratoriyada işləyən böyük bacım mənə qum saatı, kolba, menzurka… “oyuncaqlarını” gətirərdi. Rəfiqələrimlə “evcik-evcik” oynayanda onları menzurkada kolba çayına qonaq edirdim. Dil-dodağımız yansa da, ölçülü menzurkadan çayı qram-qram içməkdən zövq alırdıq. Bəzi müəllim uşaqları isə valideynlərinin məktəbdən çırpışdırdığı mellə, şəkillərlə yaşıdlarına fora verirdilər. Indi isə  camaat evdən iş yerlərinə “hədiyyələr” daşıyır: xəritə, mel, süpürgə, vedrə… Dövlət büdcəsində olan iş yerlərinin ancaq quru adı qalıb.

Bizim məhəllədə məmur villalarında çalışan bir sürücü yaşayır. Sürücü qardaş arada məmurların tullamaq istədiyi köhnə mebelləri, xalça-palazı, pal-paltarı ucuz qiymətə qonum-qonşuya satmaq üçün məhəlləyə gətirir. Bir dəfə “Naxçıvan” mehmanxanasından bir xeyli taxta-tuxta gətirmişdi. Arxasına “Bakı-kazino” yazılan taxtaları satmaq üçün onları ilginc üsulla reklam edirdi: “Bu taxtaya prezident yumruğunu vurub… Bu taxtaya baş nazir kürəyini söykəyib…”. 

Əvvəllər camaat ondan nəsə alırdısa, indi heç kim küçəyə tökülən əşyalara gözünün ucu ilə də baxmır. Camaat dolanmaq üçün məcbur olub dəyərli əşyalarını satır, qudurğan məmurların yumruğunu, başını vurduğu zir-zibil nəyinə lazımdır? Xüsusilə, dağ kəndinə göndərilən bir kisə pal-paltardan sonra baş verən hadisə çoxunun gözünü qorxutmuşdu: uca dağların başında məmur kostyumunu, köynəyini geyən çoban iki-üç gündən sonra paltarlara od vurub onları yandırmışdı. Və paltarları ona göndərən şəhərdəki qohumuna xəbər yollamışdı: “Mənim şaqqıldaqlı paltarlarım o parıldayan kostyumlardan min dəfə təmizdir. Ömrümdə qaşınmağın nə olduğunu bilmirdim, amma cibləri diş çöpü və əl dəsmalı ilə dolu olan zibilləri geyəndən sonra hər yerim qaşınır. Allah bəlanızı versin!”. Hadi Rəcəbli ona görə deyir ki, çobanlar, işsizlər məndən bahalı kostyum geyinir. Yəqin, zavallı çoban üçün göndərilən pal-paltarlar deputatların deyil, nazirlərin olubmuş…

Bu yaxında, əskiçi qardaş bir maşın kitabı məhəlləyə gətirəndə, bilmədim sevinim, yoxsa kədərlənim. Sanki kitablar atılmış uşaqlar kimi sığınmaq üçün yer istəyirdilər. Evdə kitabları qoymağa yer yox idi və ən pisi isə kitabların əksəriyyəti yaş idi. Ən maraqlısı isə kitabxanasını zibilliyə atmaq istəyən xanımın soyadı Əliyeva idi. Onun hakim Əliyevlər ailəsi ilə qohumluğu haqda heç nə deyə bilmərəm. Amma xanımın ad və soyadının iziylə internetdə axtarış edəndən sonra müəyyən qədər məlumatlandım.

Məlum oldu ki, kitabxanasını, hətta içində ürək sözləri və imzaları olan müəlliflərin kitablarını zibilliyə atmaq istəyən şəxs tanınmış alimdir. Kitabların çox hissəsi Heydər Əliyev haqqında idi. Aralarında Heydər Əliyevin müəllifi olduğu kitablar da vardı. Bilmirəm kitablardakı tozdan idi, ya əsərlərdəki mənfi enerjidən, məni birdən-birə qaşınma tutdu, boğazım göynədi. Qaşınma, öskürmə bir-birinə qarışdı. Saxta sözlər, fikirlər yığını olan kitablar sevgidən doğulmayan, zorlama, təcavüz nəticəsində dünyaya gələn uşaqlara bənzəyir. Ona görə də ən eybəcər kitabı da yandırmaq, tullamaq olmur. Yəqin ki, xanım Əliyeva qaşınmaqdan xilas olmaq üçün virus yayan, eybəcər kitabları evindən çıxardıb. Ay sizi, çoxbilmiş Əliyevlər! Bəs millətin qolunu-qanadını qıran, depressiyaya salan heykəlləri nə edəcəksiniz? Axı onlara ən axmaq, ən tamahkar əskiçi də yaxın durmaz. Yəqin ki, qorxulu heykəllər bağ-bostanlarda qurd-quşu hürkütmək üçün istifadə olunar…