Əliyev ABŞ-ın gücünü etiraf edib

Dövlət başçısı insan haqları məsələsində yalnız ABŞ-ın tənqidlərinin əsaslı olduğunu deyib..

 

VikiLeaks Ilham Əliyevlə bağlı yeni məlumatlar açıqlayıb. Bu məlumatlarda müxtəlif məslələrə toxunulub. Fəqət biz bir neçə əsas məqamın şərhini vacib bilirik. Belə ki, Ilham Əliyev və onun administarsiyasında olan Novruz Məmmədov Qərb diplomatları ilə ünsiyyətdə bir neçə maraqlı mülahizələr irəli sürüblər.
Bunlardan biri odur ki, Novruz Məmmədov Ilham Əliyevin demokratikləşmə məsələsində daxili təzyiqlərə məruz qaldığını vurğulayıb. Yəni dövlət başçısı islahatlara həm də ona görə həvəs göstərmir ki, məmur elitası da bunu istəmir və üstəlik, buna görə ona təzyiq edirlər. Ilham Əliyevin hakimiyyətdə birmənalı söz sahibi olmadığına dair fikirlər hər zaman populyar olsa da bunu PA rəsmisinin ifadə etməsi rəsmi mənbəyə istinad imkanları yaradıb. Ola bilsin ki, bu açıqlama ilə Novruz Məmmdəov guya Ilham Əliyevi birbaşa təzyiqlərdən yayındırmaq istəyib. Amma istənilən halda, ya dövlət başçısı komandaya nəzrət edə bilmir, ya da bu yalan mesaja möhtac olacaq qədər daxili immunitet zəifləyib.

 

Rusiya mifi sındımı?

Ikinci mühüm məqam odur ki, Ilham Əliyev özü Rusiya mifini sındırdığını deyib. O, “Qazprom”un təkliflərinə müsbət cavab verməməklə buna nail olduğunu bəyan edib. Diqqətli oxucumuz xatırlayar ki, bundan öncə də Ilham Əliyevin ABŞ diplomatları ilə görüşlərdə Rusiya dövlət və hökumət başçılarını təhqir edən fikirlər səsləndirdiyi yazılmışdı. O ki, qaldı “Rusiya mifi”nə, görünür, Ilham Əliyev həm də bir çox dövlətlərin edə bilmədiyini etdiyinə işarə vurub. Yəni lazım gələndə Rusiya ilə sərt danışmaq da olur. Amma nədənsə Rusiya Ermənistanla hərbi ittifaq bağlayanda, ya da elə yaxın günlərdə Rusiyalı generalın “Müharibə başlasa Ermənistanı dəstəkləyəcəyik” deməsinə hər hansı reaksiya olmadı. Görünür, Ilham Əliyev bu fikirləri səsləndirməklə ABŞ-a Rusiya ilə məsəfə saxladığını göstərməyə çalışıb. Əlbəttə, reallıqdan uzaq bir mənzərəni göstərmək çətindir.

“ABŞ tək gücdür”

Ilham Əliyev Norveç rəsmisini tənqid edərkən deyib ki, bu ölkə Azərbaycanın daxili işlərinə qarışa bilməz. Ümumiyyətlə, belə imkan yalnız ABŞ-da var. Çünki, ABŞ dünyada ən böyük dövlətdir. Göründüyü kimi, Ilham Əliyev hələ də reallıq hissini tam itirməyib. Onun ABŞ-a qarşı yürütdüyü əsəbi siyasətinin qorxudan qorxutmaq olduğu bir daha sübut olundu. Yəni Azərbaycanda hələ də dünyadan tam təcrid olunmağın mümkünsüzlüyünü və buna cəhdin hansı fəsadlara gətirib çıxaracağını anlayırlar.

Seymur Həzi