«Əvvəldən demişdik ki, bu hakimiyyət bu cür ciddi islahatları aparmağa qadir deyil»
Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə kampaniyasının ömrü heç üç ay çəkmədi. Cəmi bir neçə ay əvvəl ölkənin birinci adamından tutmuş, sıravi məmurlarına qədər rüşvətxorluğun və korrupsiyanın böyük bəla olduğu, onun kökünün kəsiləcəyi, bu əmələ yol verənlərin kimliyindən asılı olmayaraq ağır cəzalandırılacağı ilə bağlı gurultulu bəyanatlar səsləndirilirdi.
Həmin vaxt həqiqətən də bütün dövlət idarələri əl-ayağa düşərək azərbaycan vətəndaşlarını bir xeyli təəccübləndirmişdilər. Amma canfəşanlıq çox çəkmədi və rüşvət əvvəlki qaydada irili-xırdalı bütün sahələrdə öz sözünü deməyə başladı. Bir aya yaxındır ki, yol polisindən tutmuş, dövlət idarələrində oturan kiçik məmura qədər hər kəs əvvəlki qaydada “işləməyə” başlayıb. Əslində, Azərbaycan müxalifəti və vətəndaş cəmiyyəti bu kampaniyanın şou xarakterli olduğunu, hökumətin rüşvət və korrupsiyaya qarşı mübarizəyə yox, “pəhrizə” başladığını ta başından demişdi. Göründüyü və onların dediyi kimi, bu “pəhriz” bir neçə aydan uzağa gedə bilmədi.
Ekspertlər hesab edir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ərəb ölkələrində baş verən inqilablar fonunda başlamışdı: “O vaxt beynəlxalq güclər tərəfindən də diktatorlara ciddi mesajlar ünvanlanırdı. Bütün bunlardan ehtiyatlanaraq hökumət bir az geri çəkildi. Çünki baş verənlər onlarda qorxu, xof yaratmışdı. Sonradan ərəb ölkələrindəki proseslər uzanmağa başladı. Müəyyən dirənişlərlər oldu. Görünür, bu da Azərbaycan rəsmiləri üçün stimul rolunu oynadı”.
Ekspertlərin fikrincə, Azərbaycandakı idarəetmə üsulu rüşvət və korrupsiya olmadan yaşaya bilməz: “Hökumət yaxşı bilir ki, rüşvət və korrupsiya olmasa, bu rejim çökəcək. Onlar öz hakimiyyətləri üçün fərqli idaretmə üsulu görmürlər. Ona görə də duruş gətirə bilmədilər. Gördülər ki, belə davam edə bilməz. Məcbur olub əvvəlki sistemi bərpa etdilər. Bu da insanlarda məyusluq yaratdı ki, axı, nə oldu? Başlamışdızsa, niyə dayandırdız? Biz əvvəldən demişdik ki, bu hakimiyyətin mahiyyəti rüşvət və korrupsiya ilə yoğrulub. Onlar bu cür ciddi islahatları aparmağa qadir deyillər. Proseslər göstərir ki, biz öz proqnozlarımızda haqlı olmuşuq”.