Əlahəzrət parlamentə bir “yaş senzi” qanunu yollamışdı. Bu qanun yollanılan kimi qəbul olunsaydı, 65 yaşdan o tərəfə olan məmurlar nəvələrinə nağıl danışmağa gedəcəkdilər…
Qanun müzakirəyə çıxdı. Əvvəl dedilər ki, bu, iri dövlət məmurlarına şamil edilməməlidir. Yəni, beləcə Ramiz Mehdiyevi, Artur Rəsizadəni və artıq kreslo ilə simbioz həyat keçirən onlarla məmuru xilas etdilər.
Daha sonra dedilər ki, a kişilər, bu qanunu qəbul etsək, dövrümüzün Mendeleyevi Abel Məhərrəmovu, Qreqor Mendeli Əhliman Əmiraslanovu, Arximedi Misir Mərdanovu da təhsilimiz itirəcək. Azərbaycan təhsili bununla da yetim-yesir qalacaq. Nəsə, qanunu sonda elə qəbul etdilər ki, “yaş senzinin” şapalağı gedib 5-6 dərəcəli məmurcığazlara dəydi. Indi 65 yaşlı bir kişinin ixtiyarı nədir ki, kənd klubunda direktor, orta məktəbdə “zavxoz” işləsin?“Yaş senzi” məsələsilə Ilham Əliyev öz bacarıqsız rəhbər obrazını bir daha sübut etdi. Adamın ya ətrafına gücü çatmır, ya da sadəcə o, “kitayski” islahatlarla bizimlə məzələnir. Necə ki, 3 ay əvvəl o, “kitayski” antikorrupsiya islahatına start vermişdi… Yeri gəlmişkən, əlahəzrət iyunun 6-dan gözə dəymir. Deyilənə görə, istirahətə yollanıb. Ümidvaram, müxalifət qibleyi- aləmi birdəfəlik istirahətə də belə səssiz-küysüz yola sala biləcək.
Indi müxalifət olmaq
Hakimiyyət yenə Ictimai Palata əleyhinə qara təbliğata başlayıb. Mitinqqabağı onlarda bu cür sancıların olması çox təbiidir. Onsuz da onların telekanallarına baxan yoxdur. Azərbaycan telekanallarının təbliğatına inanan olsaydı, insanlarımız indi özlərini Skandinaviya vətəndaşları kimi azad və bəxtiyar sanardılar. Simasını itirən adamlar və kanallarla insanlara sirayət etməyin mümkünsüzlüyünü elə bu rejimin başbilənləri özləri il yarım əvvəl etiraf etmədilərmi?
Etdilər, guya özlərini dəyişməyə də cəhd göstərdilər. Heç nə alınmadı. Çünki həqiqət o tərəfdə deyil. Sahib Alıyevin beyninin qırışlarını 8 dəfə sıxlaşdırsan da o, yenə də tamaşaçıda ikrah yaradacaq. Internetin inkişafı isə bütün avtoritar hakimiyyətlər kimi, bizdəkilərə də sağalmaz bəla olub. Internet hər saniyə Azərbaycan hakimiyyətinin sarayından bir kərpic salır. Internet azadlıq deməkdir, azadlıq olan yerdə isə əliyevçi zehniyyətə yer yoxdur.Ancaq bunlar gerilikçi ağılları ilə internetdə də güclü görünmək istəyirlər. Necə? Guya ağıllı çıxıb, tanınmış simaların adına “facebook”da saxta profillər yaradırlar və o saxtalar da başlayır ucuz təxribata: onların adından yazırlar ki, müxalifət mitinqi təxirə salır, filankəs filan dövlət məmuru ilə görüşüb, ay qan tökülcək və s. O saxta şüvənləri görəndə ürəyi bulananlar olur…
Əslində isə sevindiricidir. Qabaqlar pis-yaxşı 2-3 müxalifətçini satın alıb televiziyaya çıxarıb, özlərini öydürə bilirdilər. Daha bu iş də iflasa uğrayıb. Daha cib və saxta müxalifət nümayəndəsini real həyatda yarada bilmirlər. Indi müxalifət olmaq kifayət qədər cəlbedici və qürurludur… Bu isə qələbənin yaxında olmasına işarədir.
Uçmağın qiyməti
“AZAL” lütfkarlıq edərək, ölkə vətəndaşlarına xüsusi güzəştli tariflər açıqlayıb. Qurumdan bildiriblər ki, iyunun 15-dən dekabrın 31-dək vətəndaşlarımız Gəncə, Lənkəran və Zaqatala istiqamətlərində “xüsusi güzəşt”dən yararlana bilərlər. “Xüsusi güzəşt”dən sonra Bakı-Gəncə bileti 40 manat olub.Ingiltərədə yaşayan dostum Ruslan Fərzəliyev “qafqazinfo” saytında balaca bir qeydilə “AZAL”ın “xüsusi güzəşt”indən istifadə edərək hökumətin analoqsuz iqtisadi inkişafına xəncər sancıb.
Ruslan yazır: “Bakı-Gəncə reysi üçün bilet 40 manatdır. Böyük Britaniyada ”Easycet” ve “Flybe” təyyarə şirkətlərində Bakı-Gəncə arasında olan məsafədən iki qat artıq olan məsafə üçün biletlər təxminən 18-22 funt-sterlinqdir. Ən dəhşətlisi isə odur ki, 22 funt-sterlinqi (təxminən 25 manat) Ingiltərədə bir xadimə 3-4 saata qazanarkən, 40 manat, aylıq məvacibi 160 manat olan müəllimin bir həftəlik dolanışığına bərabərdir”.
Yüngül bir müqayisə Əliyevçi hakimiyyətin qol-qabırğasını görürsünüzmü necə əzir? Böyük-böyük saxta rəqəmlərin arxasında gizlənib, xalqa “səxavət” paylamaq lazım deyil. Minnətli “səxavətli xüsusi güzəştlər”in əvəzində insanlara normal əməkhaqqı vermək və soyğunçuluq sayılmayan xidmət göstərmək gərəkdir.