Lütfən A 4 ölçüdə bir ağ kağızı ikiyə bölün. Birinci vərəqin lap yuxarısına bu sualı yazın: Bakıda qiyməti 20-30 min manatdan yuxarı olan sıfır kilometrli (təptəzə) minik avtomobillərini kimlər alır?
Ikinci vərəqin də yuxarısına belə bir sual yazın: Bakıdakı “göydələn” evlərdən kimlər mənzil alır?
Suallara cavab axtarmanız da olun, yadınıza analoqsuz inkişafı salım.
YAP-ın müxalifətlə dialoqu gündəmə gələndə başındakı cinləri oynayan triosu – Əli Əhmədov, Siyavuş Novruzov və Mübariz Qurbanlı başda olmaqla, cümlə şahsevənlər Ilham Əliyev iqtidarının xarüqələr yaratdığını yorulmadan car çəkirlər.
Və xalqın rifahının gündən-günə çiçəkləndiyini deyirlər. Doğrudur, bu zatlar, inkişafa rəğmən rifahın dombalaq aşdığını, yaxud “hopstop” oynadığını hələ ki, dilə gətirmirlər.Ancaq camaatın gözünün içinə dimdik baxıb izhar edirlər ki, maddi durumumuz yüksəlib.
Maddi durumun yüksəlməsini Birləşmiş Millətlər Təşkilatının (BMT) Inkişaf Fondu və digər beynəlxalq institutlar xüsusi kriteriyalarla müəyyən edir və onların illik hesabatlarında Azərbaycanın adına siyahıların yuxarısında rast gəlmək çətindir.
YAP başbilənləri əhalinin maddi durumu dedikdə, böyük ehtimalla məmmədhəsənlərin və tükəzbanların mentalitetini nəzərə alır. Yəni 15 il əvvəl evinə ayda iki kilo ət almaqda zorlananlar indi 4 kilo ət ala bilirsə, səhər yeməyinə kərə yağı, şam yeməyinə 2 manatlıq donqili araq əlavə olunursa və o tükəzbanlarla məmmədhəsənlər Çində istehsal olunmuş ucuz par-paltarla abırlarını örtüb toya, yasa gedə bilirsə, deməli, vəziyyəti yaxşıdır, kefləri yüzbiri vurur.
Yaxşı yaşamağın dünyada qəbul olunmuş kriteriyalarını yazıb qanınızı qaraltmaq fikrində deyiləm. Sadəcə, onu deyirəm ki, ISTIRAHƏT adlı bir məfhum var və bizim də Ana Yasamızın 37-ci maddəsində təsbit olunub ki, hər kəsin istirahət hüququ vardır.
Açıq deyirəm, bu gün bizdə istirahət deyəndə çoxları səhərdən-axşama yatmağı, Heydər parklarında, yaşayış evlərinin qarşısındakı “besedkalarda” domino, nərd oynamağı və bir də dəniz sahilində gəzintini düşünür. Analoqsuz inkişaf şərqisini oxuyanlar da müxalifət aksiya keçirmək istəyəndə məhz o zəhmətkeşlərin istirahətinə-domino, nərd oynamasına mane olacağını əsas gətirərək, əli dubinkalı polisə “vur” əmri verir.Istirahətin içində səyahət olduğunu, ailəliklə restoranda şam yeməyi, teatra getməyi düşünənlər nə yazıqlar ki, çox azdır. Daha doğrusu düşünənlər var, fəqət gerçəkləşdirmək mümkün deyil.
Nədən ki, lənətə gəlmiş o “analoqsuz inkişaf” imkan vermir ki, BAŞ mədənin problemlərini həll edib özü haqqında düşünə bilsin.
Suallara cavabınız hazır olar, yəqin. Təxmin edirəm ki, birinci sualın – kimlərin bahalı avtomobillər aldığını və ikinci sualın – kimlərin göydələnlərdən mənzil aldığını bu ardıcıllıqla müəyyən edibsiniz:
– iş adamları (halal yolla alanların halalı olsun);
– yüksək vəzifəli şəxslərin özləri və uşaqları;
– yüksək vəzifəli şəxslərin (kiçik padşahların) cariyələri-məşuqələri;
– şou-biznes aləminin nümayəndələri;
Nadir hallarda istisnalar ola bilər. Kimsə evini satıb bahalı maşın ala bilər, kimsə ipotekadan yararlanıb mənzil ala bilər – bunlar elə də çox deyil və tutaq ki, əhalinin 1 faizini təşkil edir. O bahalı maşınları və mənzilləri də alanların sayı olsun əhalinin 9 faizi. Bax, analoqsuz inkişaf o 10 faizə aiddir. Qalan doxsan faizin – müəllimin, həkimin, mühəndisin, alimin, təqaüdçünün, işsizin işi-gücü o maşınlara və mənzillərə baxıb həsəd aparmaqdır.
Həsəd də ki, qəzəbə və sonra da nifrətə çevrilir.
YAP-da olanlar isə onun məhəbbətə çevrildiyini iddia edirlər.Iddiaları doğrudurmu?