İctimai Palatadan Bakı polisinə xəbərdarlıq

Mehriban Vəzir: “Təxribatçı qüvvələrdən yararlanmaq hakimiyyətin ziyanına olacaq”

«Zorakılığa haqq qazandırmaq üçün bəribaşdan İctimai Palatanını aksiyasına kölgə salmaq istəyirlər»

“Bizdə məlumat var ki, iyunun 19-da ”Nərimanov” kinoteatrının qarşısında şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirmək istəyən radikal müxalifət “Gürcüstan variantı”na hazırlaşır. Lakin qoy onlar yaddan çıxarmasınlar ki, özünü Ictimai Palata adlandıran qurumun qanunsuz aksiyasının qarşısı, lazım gələrsə, “Gürcüstan variantı”ndan da sərt şəkildə alınacaq”.
Bu sözləri Ictimai Palatanın iyunun 19-na təyin etdiyi mitinqlə bağlı APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov deyib.
Səhlab Bağırovun müxalifəti hədələməsi hakimiyyətin aksiyaları yasaqlamaqla bağlı bütün arqumentlərinin əlindən çıxdığını göstərir. Iqtidar ideoloqları anlayır ki, sərbəst toplaşmaq azadlığına qadağa davam etdikcə beynəlxalq aləmin də bu məsələ ilə bağlı təzyiqləri artacaq. Bu baxımdan hakimiyyət müxalifətin aksiyalarını “iğtişaş” kimi qələmə verməklə qeyri-rəsmi fövqəladə vəziyyətə haqq qazadırmağa çalışır. Istisna deyil ki, Ictimai Palatanın 19 iyun aksiyasında hansısa təxribatlar baş verəcək. 2 aprel aksiyasında əvvəl də hüquq-mühafizə orqanları iğtişaşdan danışırdılar. Nəticədə iqtidarın təxribatçı qüvvələri aksiya zamanı bir neçə mağazanın şüşəsini sındırdı. Lakin azad mətbuat bu təxribatçıları ifşa etdi.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir də “Azadlıq”a açıqlamasında bildirib ki, hakimiyyətin aksiya zamanı təxribatçı qüvvələrin “köməyindən” yararlanmaq cəhdi istisna deyil: “Lakin nəticə yenə də hakimiyyətin ziyanına olacaq. Çünki Ictimai Palata əvvəlcədən bəyan edib ki, aksiya dinc xarakter daşıyır. Biz ölkədə barışın, dialoqun tərəfdarıyıq. Bu aksiyalar Azərbaycanda ədalətli cəmiyyətinə qurulması məqsədilə keçirilir. Burada hər hansı qara niyyət, sabitliyi pozmaq cəhdləri yoxdur. Müxalifət heç zaman zorakı vasitələrdən istifadə etməyib. Zorakılığı polis edib. Indi də zorakılığa haqq qazandırmaq üçün bəribaşdan Ictimai Palatanını aksiyasına kölgə salmaq istəyirlər. Lakin əminəm ki, bu niyyətləri baş tutmayacaq”.

Informasiya şöbəsi