b.esed2

Bəşər Əsəd ilk qurbanını verdi

Etirazçıların hədəfində olanlardan biri Suriya diktatorunun dayısı biznes fəaliyyətini dayandırdı

Suriya xalqı geri çəkilmir; ölkənin dörd bir yanı küçələrə axışdı

 

İyunun 17-də Cümə namazından sonra Suriyanın müxtəlif şəhər və qəsəbələrində Bəşər Əsədin istefası tələbiylə kütləvi aksiyalar keçirilib. “Əl Cəzirə” kanalı paytaxt Dəməşq, Hələb, Qamışlı, İdlib, Lazkiyə, Banyas, Dəraa, Humus, Həma, Dər əl Çətin kimi iri şəhərlərdə anti-Əsəd mitinqlərinin baş tutduğunu bildirib.

Etirazçılar “Yetər qan tökdün”, “Xalq sənə nifrət edir”, “Suriyadan rədd ol” şüarları səsləndirərək Bəşər Əsədi dinc aksiya iştirakçılarına qarşı silah işlətməməyə və istefa verməyə çağırıb. Hökumət qüvvələri Banyasda keçirilən etiraz aksiyasını dağıtmaq üçün nümayişçilərə atəş açıb. Ölən və yaralıların olduğu bildirilir. Təhlükəsizlik qüvvələri etirazçıları dar küçələrə sıxışdıraraq onları atəşə tutub.

Suriya dövlət televiziyası isə Cisr ər Şuhur qəsəbəsindən sonra Türkiyə ilə sərhəddən 45 km uzaqda yerləşən Marat əl Numan və ölkənin cənubundakı Xan Şeyhun şəhərinə daxil olduğunu açıqlayıb.

Ordu paytaxt Dəməşq ilə ölkənin şimal regionlarını bağlayan yolların girişində barrikadalar qurulub. Toplaşmağa çalışan kiçik qruplar mühasirəyə alınaraq həbs edilirlər. Dəməş ilə Hələb arasındakı əlaqəni kəsməyə çalışan hökumət qüvvələri bölgədə xüsusi əməliyyatlara başlayıblar.

Bu arada Suriya başlanan etiraz dalğası zamanı hakimiyyətə qarşı nifrətin alovlanmasında “əməyi” olan ölkənin ən zəngin iş adamı Rami Mahluf bütün ticarət fəaliyyətini dayandırdığını bildirib. Suriya diktatoru Bəşər Əsədin dayısı olan Mahlufun bundan sonra özünü xeyrxahlıq tədbirlərinə həsr edəcəyini söyləyib. Mahluf paytaxt Dəməşqdə keçirdiyi mətbuat konfransında bundan sonra Suriya dövlətinə, xalqına və prezident Bəşər Əsədə yük olmayacağını vurğulayıb.

Ölkənin ən böyük mobil operatoru “Syriatel” başda olmaqla “duty-free” mağazalar, maye yanacaq doldurma mətnqələri, aviasiya, turizm, inşaat və bank kimi bir çox sahədə fəaliyyət göstərən şirkətlərin sahibi və ya ortağı olan Rami Mahluf 2007-ci ildən bu yana ABŞ-ın sanksiya tətbiq etdiyi suriyalılardan biri olub. O, bir müddət öncə Avropa Birliyinin Suriya rəsmiləri və hakimiyyətə yaxın adamlara qarşı qəbul olunan qadağaların hədəfinə də çevrilmişdi.

Mahluf Bəşər Əsədə qarşı etirazların başlandığı günlərdə “The New York Times” qəzetinə verdiyi bir müsahibəsində “Suriyada iqtidar ailəsinin sona qədər savaşacağını və Əsədin devrilməsinin regionda sabitliyiə təhlükə yaradacağını söyləmişdi. Bəşər Əsədin anası Anissanın qardaşı olan Mahlufun atası Məhəmməd Hafiz Əsəd dövründə külli miqdarda sərvət əldə edib.

Siyasi və sosial tələblərə keçirilən din aksiyalara hökumət qüvvələrinin sərt müdaxiləsi Bəşər Əsəd rejiminə qarşı beynəlxalq hərbi müdaxilə məsələsi də son günlər aktuallaşıb. Lakin NATO-nun baş katibi Anders Foq Rasmussen alyansın Liviyada olduğu kimi Suriyaya hərbi müdaxilənin reallaşdırılmasının düşünülmədiyini bildirib. Rasmussen Liviya nümunəsindən fərqli olaraq Suriyaya hərbi əməliyyat barədə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının səlahiyyəti və bölgə ölkələrinin dəstəyi olmadığını da vurğulayıb.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Bernar Valero Avropa Birliyinin Suriyaya qarşı sanksiyaların genişləndirilməsinə hazırlaşdığını söyləyib. Əlavə edək ki, bir müddət öncə Suriya diktatoru Bəşər Əsəd də daxil olmaqla 10 rəsmi və hakimiyyətə yaxın şəxslərin Avropa Birliyinə üzv ölkələrə səfərləri qadağan olunub və onların bank ehsabları dondurulub.

BMT-nin baş katibi Pan Gi Munun Bəşər Əsədlə telefonla danışıb. Təşkilat rəhbəri Suriya hakimiyyətinin nümayişçilərə qarşı sərt müdaxiləsini pisləyib. BMT İnsan Haqları Şurasına göndəriləcək hesabatda isə rəsmi Dəməşq rəhbərliyi vətəndaşların təməl hüquq və azadlıqlarını pozmaqda günahlandırıb.

İnformasiya şöbəsi