“Vətəndaşların mülkinə qəsd edirlər”

Fuad Ağayev: «Hətta ən geridə qalmış ölkələrdə də belə qanunsuzluğa rast gəlmək olmaz»

Bu işlərin Avropa Məhkəməsində uğur qazanmaq şansı çox böyükdür”

Azərbaycanda, xüsusən də paytaxt Bakıda aparılan söküntü kampaniyası bugünə qədər minlərlə sakini evindən məhrum edib. Sökhasök ya müxtəlif layihələri reallaşdırmaq, ya da şəhərin gözoxşayan hissələrinə sahib olmaq məqsədiylə aparılır. Insanların illərdir yaşadıqları evlərdən çıxarılması və aqibətlərinin necə olması isə qarşı tərəfi ümumiyyətlə maraqlandırmır.
Vəziyyət o yerə çatıb ki, artıq beynəlxalq qurumlar da Azərbaycanda həyata keçirilən bu özbaşınalığa etiraz edir, ölkə başçısını məsələyə müdaxilə etməyə çağırırlar. Məsələn, “Human Rights Watch” son bəyanatında Azərbaycandakı məlum söküntü kampaniyasının minlərlə şəhər sakinini evindən məhrum etdiyini, Bakıda təkcə evlərin deyil, insanların həyatınının da dağıdıldığını qeyd edib. Qurum hesab edir ki, Azərbaycan hökuməti Bakının “gözəlləşdirilməsi” adı altında paytaxt sakinlərini qanunsuz olaraq mülkiyyətdən məhrum etməyi, məcburi evlərindən köçürməyi və evlərinin söküntüsünü dərhal dayandırmalıdır. “Human Rights Watch” prezident Ilham Əliyev və Bakı Şəhər Icra Hakimiyyətinə məktub yazaraq onları insanların mülkiyyət hüquqlarının pozulmasına müdaxilə etməyə çağırıb.
Hüquqşünas Fuad Ağayev baş verənləri qanuna, Konstitusiyaya zidd hərəkət kimi qiymətləndirir: “Vətəndaşların əmlakının üzərindən yenidən bölgü aparmaq ağlasığmaz, hətta ən geridə qalmış ölkələr üçün səciyyəvi olmayan bir prosesdir. Gec-tez buna son qoyulmalıdır”.
F.Ağayev hesab edir ki, hökumət qurumları baş verənlər barədə kifayət qədər məlumatlı olsalar da, heç bir tədbir görmürlər: “Prezident Administrasiyasının bundan çox gözəl xəbəri var. Məsələn, ”Neftçilər 61″ binasının sankinləri mənə bildirdilər ki, onlar Administrasiyada müvafiq şəxslərlə görüşüblər. Həmin görüşlərdən sonra bu özbaşınalığı dayandırmaq əvəzinə bu sakinlərin yaşadığı binanın dağıdılması prosesi bir az da sürətləndirilib.
Belə çıxır ki, bu proses barədə icra orqanlarında, polis orqanlarında kifayət qədər məlumat var. Amma indiyə qədər tədbir görmürlər. Bu söküntülərə görə, vətəndaşların Konstituasiyanın 28, 29 maddələri ilə nəzərdə tutulmuş hüquqlarının müdafiəsinin təminatına son zamanlar rast gəlmirik. Prosesə polisin müdaxiləsi ümumiyyətlə heç bir əndazəyə sığmır. Hansısa icra orqanlarının, şirkətlərin nümayəndələri vətəndaşların mülkinə qəsd edirlər. Polis hüquq pozmalarının, cinayətlərin qarşısını almaq əvəzinə bu pozuntulara şərait yaradır”.
Hüquqşünasın fikrincə, mülkiyyət hüququ pozulan sakinlərin haqlarını Avropa Məhkəməsində bərpa etmək şansı kifayət qədər böyükdür: “Artıq bəzi şəxslər məhkəmələrdə öz mülkiyyət hüquqlarının müdafiəsinə qalxıblar. Onlar Azərbaycanda nəticə əldə etməyə bilərlər. Amma Avropa Məhkəməsində uğur qazanmaları üçün kifayət qədər əsas var”.

Gültəkin