“Q” günü

“Iyunun 15-i Azərbaycanda rəsmən Qurtuluş Günü kimi qeyd edilir. 18 il əvvəl, iyunun 15-də Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilib. 1997-ci ildən etibarən isə iyunun 15-i Qurtuluş bayramı kimi qeyd edilməyə başlayıb”, – bu günlər az qala iqtidarlı-müxalifətli mətbuatda gedən məqalələr təxminən bu cümlələrlə başlayır.

Adamın ağlına gələn ilk fikir bu olur ki, biz nədən qurtulmuşuq? Çox bəsit və çox da ciddi sualdı. Gerçəkdən, qurtulduğumuz bir şey olubmu?

Qurtuluş son dərəcə sanballı sözdü. Birmənalı olaraq insanın və ya hər hansı canlının içinə düşdüyü çilədən, əzabdan, yaman günlərdən xilas olmasını bildirir. Bəs həqiqətənmi 18 il qabaq iyunun 15-də Azərbaycan qurtulub, insanlar ağ günə çıxıb, ağrı-acıya, yenilgiyə son verilib?

“Rəsmi təbliğata görə, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ölkəni vətəndaş müharibəsi təhlükəsindən, müstəqilliyini itirməkdən xilas edib”, – “Azadlıq” radiosu yazır.

Rəsmi təbliğata aid edilən bu iddiada həqiqət payı olmamış deyil. Gerçəkdən də həmin vaxt, hərbi qiyam tam olaraq baş tutmasa, Əliyev hakimiyyətə yiyələnə bilməsəydi, vətəndaş müharibəsi baş verə bilərdi. Hərçənd mən Azərbaycanda vətəndaş müharibəsinin baş verəcəyinə heç bir halda inanmıram. Çünki vətəndaş müharibəsinin baş verməsi üçün toplumda güclü enerji, hal-hərəkət, böyük ideyalar, heç olmasa böyük və dönməz milli ambisiyalar olmalıdı. Bunlarla isə yeni çağ Azərbaycan cəmiyyətində qarşılaşmaq inandırıcı deyil. 1988-dən başlayan xalq hərəkatı xalqın 70 il yığışmış və boğulmuş enerjisinin azad olması idi. Ən böyük amal olan müstəqilliyə nail olunmuşdu, daha heç nə vətəndaş müharibəsi kimi qorxulu bir aktın baş verməsini zəruri və ağlabatan eləmirdi.

Yerdə bircə kiminsə və kimlərinsə şəxsi ambisiyaları, hakimiyyət hərisliyi və bundan yararlanmaq fikrində olan hansısa dövlətlərin maraqları qalırdı. Bu isə heç bir halda xalq iğtişaşı doğurmaq gücündə deyildi, toplumun parçalanmaq ehtimalı da yox idi. Lakin hakimiyyət hərisliyi olan şəxs hədsiz dərəcədə iddialı və dönməz idi. O, hakimiyyətə yiyələnmədikcə sakit oturan deyildi. Illərdən bəri apardığı iş, hazırlıqlar cəmiyyətin parçalanmasına, milli hakimiyyətə inamın sarsılmasına yönəlmişdi. Onun əli boşa çıxacağı halda nəinki vətəndaş müharibəsi baş verərdi, imkan olarsa, hətta dünya müharibəsi də törədilə bilərdi.

Əslində, 15 iyun qiyamı elə gözəgörünməz dünya müharibəsi fonundaca baş verirdi, Əliyev də eynən Lenin kimi dünya müharibəsini vətəndaş müharibəsinə çevirməklə məşğul idi. Yəni 15 iyun çevrilişi – rəsmi təbliğatın dilində “mübarək qayıdışı” vətəndaş müharibəsinin qarşısını almadı, ama hakimiyyət hərisinin vətəndaş müharibəsi törətmək planını təxirə saldı.

Müstəqilliyin itirilməsinə qalanda isə, bir il müddətində qazanılmış müstəqillik, Azərbaycanın siyasi və iqtisadi maraqları ölkədə qiyam hazırlayan, ona dəstək verən dövlətlərə müxtəlif faiz dərəcələri ilə peşkəş edildi. Əvəzində isə hakimiyyətə tam olaraq yiyələnmək, suçsuzluq üçün indulgensiya alındı. Həmin bu indulgensiya ilə artıq 17 ildir ki, milli hökuməti devirənlər hakimiyyətdə qalır, günbəgün Azərbaycanı qurtuluşdan uzaqlaşdırırlar.

15 iyun bu dövləti demokratiyadan, insan haqlarından, sosial ədalətdən, qardaşlıqdan, bərabərlikdən, ölkənin var-yatırına hər bir vətəndaşın eyni qədərdə payçı olmaq hüququndan, azadlıqlardan, sivil seçimlərdən qurtarmış oldu. Bir də gerçəkdən bu günü Qurtuluş günü saymaq olar – bir sülalənin qurtuluş günü! Azərbaycanın Qurtuluş Savaşı isə davam edir.