Oqtay Şirəliyev oliqarxlardan qorxur?

Keyfiyyətsiz yemək verən şadlıq saraylarının adları açıqlanmır

Bu ilin 5 ayı ərzində sanitar-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitar norma və qaydaların tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 225 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.
Şadlıq evləri ilə bağlı məqam da diqqəti cəlb edir. Belə ki, restoranlardan 5805 yaxma nümunəsi, 81 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 84-də mikrobioloji çirklənmə aşkar edilib. 5 ay ərzində əhali arasında 258 qida zəhərlənməsi hadisəsi baş verib, 325 nəfər zərərçəkən olub. O cümlədən 17 botulizm hadisəsi baş verib, bundan 35 nəfər zərərçəkən olub. Lakin maraqlıdır ki, yoxlamaların aparıldığı şadlıq saraylarının adları açıqlanmır. Belə başa düşmək olar ki, Səhiyyə Nazirliyi özü üçün, statistika xatirinə belə reydlər təşkil edir. Hansı restoranın müştərilərə keyfiyyətə cavab verməyən məhsul təqdim etdiyini də onların özlərindən başqa heç kim bilmir. Bunu da bir neçə səbəblə izah etmək olar. Şadlıq sarayının keyfiyyətsiz yemək verdiyi məlum olsa, istehlakçılar onun xidmətindən istifadə etməyəcək. Bu da obyekt sahiblərinin maraqlarına cavab vermir.
Paytaxtdakı restoran və şadlıq saraylarının əksəriyyətinin məmur-oliqarxlara məxsus olduğu heç kimə sirr deyil. Görünür, Səhiyyə Nazirliyi restoran biznesi sahiblərinin maraqlarına zərbə vurmağa qorxur. Ya da nəyinsə müqabilində tərəflər razılıq əldə edib. Nəticədə zərər çəkən yenə də sadə vətəndaşlar olur.

Fizzə