Dünən…

Dünən yuxudan oyandığımda ilk qızımın gözlərinə baxdım. Utana-utana, qızara-qızara baxdım. O da mənim bu səhər bir az qəribə olduğumu anladı sanki. Həmişəki kimi gözəl-gözəl gülümsədi. Sonra o şirin, o havalı səsiylə soruşdu: “Nə olub, ata, mənə niyə elə baxırsan?”

Axı nə cavab verəydim? Nə deyəydim axı? Ona niyə utana-utana, ona niyə günahkar-günahkar baxdığımı necə anladaydım ki? Anlatsam belə, anlayacaqdımı ki? O uşaq məsumluğu, o uşaq təmizliyi 18 il əvvəl bu ölkənin necə ağılalmaz pisliklərə, çirkinliklərə, yalanlara, talanlara, hüquqsuzluqlara, ədalətsizliklərə təslim edildiyini anlamağa yetəcəkdimi ki?

Ona necə sevgilərdən yoxsul, azadlıqlardan kasad, ümidlərdən qıt, əvəzində namussuzluqlardan, şərəfsizliklərdən, cibgirliklərdən, oğurluqlardan, quldurluqlardan bol ölkə buraxdığımı anlaya biləcəkdimi ki?

***

Dünən hər birimizin uşaqlarımızın gözlərinə utanaraq baxdığımız gün idi. Onlar qarşısında özümüzü suçlu hesab etdiyimiz gün idi dünən. Onlar bunun fərqində olmasalar belə…

Amma onlar bir gün böyüyəcək, çağdaşlığın nə qədər arxasında, modernliyin, demokratiyanın nə qədər gerisində bir ölkənin vətəndaşı olduğunu anlayanda bəlkə bizim utancaq, günahkar baxışlarımızı da xatırlayacaqlar.

Və bəlkə onda içlərinə mərhəmət dolacaq, bizi bağışlamaq istəyəcəklər. Bizi, nə vaxtsa onlara hüququn yerlərdə süründüyü, korrupsiyanın, yalanın, yaltaqlığın, saxtakarlığın dövlətin təpəsinə oturduğu bir məmləkət miras qoyduğumuza görə utanmağımıza, xəcalət hissi keçirdiyimizə, özümüzü günahkar hiss etdiyimizə bağışlayacaqlar bəlkə.

***

Dünən utana-utana, qızara-qızara baxdım qızımın gözlərinə. Suçlu-suçlu, günahkar-günahkar baxdım. Ki, illər sonra dünənki baxışlarımı xatırlayanda əfv edə bilsin məni. 
Mən dünən sadəcə, bu qədərini bacardım.
Siz özümüzü uşaqlarımıza əfv etdirməyin başqa yolunu bilirsinizsə, söyləyin.

Ya da…

Ya da gəlin elə edək ki, onlar böyüdüyündə bizi bağışlamaları üçün heç bir səbəb qalmasın.

Bəstəkar Kamal üçün tarixə düşmək fürsəti

Kəmaləddin Heydərovun Kərəm Əkbərov adında bir bacısı oğlu varmış, biz onu Azərbaycan mədəniyyətinin son illərdə yetişən ən parlaq simalarından biri Elmir Mirzəyevin sayəsində tanıdıq.

Elmir bəy “facebook”da Heydərovun bacısı oğlu ilə siyasi polemika aparıb. Biz rejim törəmələrinin polemika mədəniyyətinin haracan olduğunu yaxşı bilirik. Bu dəfə də mənzərə dəyişməyib: siyasi dartışmanın sonunda uduzduğunu görən, daha artıq müzakirəyə ağlının, zehninin yetmədiyini görən rejim gənci indi fikirlərin toqquşmasını qol gücünə, zor gücünə bitirmək istəyir.

Hazırda Kəmaləddin Heydərovun bacısı oğlu əlimyandıda Elmir bəyi axtarır. Onun evinin yerini belə müəyyənləşdirib və göndərdiyi məktubda hazırda Almaniyada olan bəstəkar dostumuza “Bakıya qayıdan kimi özünü ölmüş bil” yazıb.

Kərəm Əkbərov maşallah, dayısının sayəsində irticanın verdiyi hər cür nemətdən dada bilir, əli üstündə əl, sözü üstündə söz yoxdur, fövqəlpullarla bəslənir. Fövqəlpullarla bəslənənin əlində isə fövqəlbəstələrin müəllifini öldürmək su içimi kimi bir şeydir.Axı Elmir bəyi öldürməkdən asan heç nə yoxdur. Onun tək silahı musiqidir. Bəstələridir. Bu isə onu min illər yaşatmağa yetər, amma bir namərd gülləsindən qorumağa yetməz.

Məncə, Kəmaləddinin bacısı oğlu fürsəti heç, amma heç əldən verməsin, Elmirin Almaniyadan dönməyini belə gözləməsin, getsin onu elə Motsartın vətənindəcə öldürsün. Hətta bunu özü yox, dayısı eləsə daha yaxşı olar, axı biz Heydərovun “bəstəkar Kamal” kimi də tanındığını bilirik, o, “bəstəkar Kamal” kimi olmasa da, bəlkə Elmiri öldürməklə “ikinci Salyeri” kimi tarixə düşə bildi. 

Zəhləm gedən klişelər – 1

“Ölənin arxasınca pis danışmazlar” – eşidincə təpəmin tası atır. Içim qalxır, ürəyim bulanır.

Mən ölənin arxasınca danışıram da, yazıram da. Əcəb eləyirəm, əlimin içindən gəlir. Ölən zəhmət çəksin, ölümündən sonra arxasınca nə deyiləcəyini, nə yazılacağını ölmədən düşünsün. Diriykən elə bir ömür yaşasın, ölüb gedəndən sonra arxasınca pis danışmağa, yazmağa ehtiyac qalmasın.