İctimai Palata ilə bağlı məxfi plan

Hakimiyyət «vahid namizəd əməliyyatı» ilə qurumu parçalamağa hazırlaşır

Hakimiyyət Ictimai Palatanı sıradan çıxarmaq üçün yeni plan hazırlayıb. Bu barədə “Azadlıq”a iqtidardaxili mənbələr məlumat verib. Məlumatlara görə, Ictimai Palatanın genişlənməsi, beynəlxalq aləmin quruma böyük diqqət göstərməsi hakimiyyətdə təşviş doğurub. Iqtidar ideoloqları bu qənaətə gəliblər ki, Ictimai Palatanın cəmiyyətdə nüfuz qazanmasının bir səbəbi də müxalifətə qarşı əks-təbliğatdır.
Ictimai Palataya və qurumda təmsil olunan müxalifət liderlərinə qarşı kampaniya bumeranq effekti verib. Cəmiyyətdə müxalifətə qarşı sipatiyanı daha da artırıb. Bu isə Ictimai Palatanın real gücə çevrilməsinə səbəb olub. Iqtidar ideoloqlarını narahat edən məsələlərdən biri də Ictimai Palatanın hazırladığı, ictimaiyyətə və beynəlxalq təşkilatlara təqdim etdiyi demokratiya keçidlə bağlı “yol xəritəsi”dir.
Məlumatda deyilir ki, təşviş içində olan iqtidar qurumu dağıtmaq üçün yeni plan hazırlayıb. Planın mahiyyəti Ictimai Palataya təfriqə salmaqdan ibarətdir. Məlumatlara görə, bu həftə hakimiyyətin nəzarətində olan KIV-lərin rəhbərləri ilə Prezident Administrasiyasının məsul işçiləri arasında görüş olub. Həmin görüşdə KIV rəhbərlərinə bildirilib ki, Ictimai Palatada aranı qarışdırmaq üçün 2013-cü il prezident seçkiləri ilə bağlı müxalifətin vahid namizədinin kim olacağı barədə məsələni gündəmə gətirsinlər. Bu mövzuda Ictimai Palatanın tanınmış üzvlərindən, müstəqil siyasi ekspertlərdən müxalifətin birliyinə xələl gətirən açıqlamalar alsınlar. Beləliklə Ictimai Palatada ziddiyyətlərə nail olsunlar.

İnformasiya şöbəsi