Azərbaycan – Bazarbaycan

Dörd tərəfi bazardır Azərbaycanın.

Yüz minlərlə vətəndaşımız sübhün gözü açılandan ta gecənin yarısına qədər bazardadır.
Ermənistanı deyə bilmərəm, qonşu Gürcüstanda camaat elliklə alverə qurşanmayıb.
Tiflisdə bir müəllimlə söhbət etdim. Bakıda gördüklərindən heyrətə gəlmişdi.
Dedi ki, bazar məsələsində Azərbaycana çatmaq mümkün deyil. 
Gürcü düz buyurur, bazar məsələsində Anadolu türklərinin təbirincə desək, kuşkusuz liderik.
Qismətinə Milli Məclisdə əbədi oturmaq yazılmış SSRI, Azərbaycan və Ermənistan SSR xalq artisti Zeynəb Xanlarova “Qardaş olub Hayastan, Azərbaycan” və erməni xalq mahnısı “Nune”ni oxuyan zamanlarda Yerevanın bazarları biz azərbaycanlıların nəzarətində idi. 
Bu gün həmvətənlərimiz böyük Rusiya bazarlarını işğal edib. 
Heç də ticarətə pis yanaşmıram. Fəqət bir xalqın kütləvi şəkildə bazara axınının sonu yaxşı nəticələr vermir.
Bazar verdiyindən çox alır.Və ən başlıcası, insan münasibətlərini korlayır, mənəviyyata zərbə vurur.
Yəqin razılaşarsınız, bu gün Azərbaycanın az qala hər bir kəndinə Rusiyadan tabut gətirilib.
Soydaşlarımızın Rusiyada bir-birinə qənim kəsilməsini də danmaq mümkün deyil və bu, ayrı bir yazının mövzusudur.
Etiraf etmək gərəkdir, azərbaycanlıların bir-birini qətlə yetirməsi pis ənənəyə çevrilib. Və bu cinayətlərin əksəri alver zəminində yaranan münaqişədən sonra baş verir.Dedik ki, bazarın verdiyi aldığından qat-qat artıqdır.
Bazar pul qazandırır və eyni zamanda cinayətə sürükləyir, evləri dağıdır, elə dəyərləri deformasiyaya uğradır ki, altını gələcək nəsillər çəkməli olur.Bazara nədən bu qədər məhəbbətimiz var? 
Bu məhəbbətin kökü çox uzağa gedib çıxır. Şərq faktoru öz yerində, xalqı idarə edənlərin “uzaqgörənliyi” də mühüm rol oynayıb Azərbaycanın BAZARBAYCANA çevrilməsində.
Rusiyanı bir tərəfə qoyaq, Bakının bazarlarında alver edənlərin içərisində ali təhsillilərin sayının gündən-günə artması rejimin mahiyyətinə ayna tutur.Ciddi sosial-iqtisadi konsepsiyası olan hansı dövlətdə müəllim, həkim, mühəndis alverə qurşanar?
Deyin, dünyanın hansı kitabında oxudunuz ki, müəllim məktəbi atıb bazarda alver edir?
Harada rast gəldiniz ki, həkim insanlara şəfa vermək əvəzinə piştaxtanın arxasında dayanır?
Bir həkimin və ya müəllimin ərsəyə gətirilməsinə dövlətin çəkdiyi məsrəfləri ona, yüzə deyil, ən azı minə vurun və aldığınız rəqəmi iqtisadi qalxınmadan ağızdolusu danışanların qarşısına qoyun.
Və sual edin ki, müəllimi, mühəndisi, həkimi işlə təmin edib yaşada bilmirsinizsə, nədən dövlətin pullarını havaya sovurursunuz, nədən universitetlərdə elmi əsasla hesablanmış sayda mütəxəssis hazırlamırsınız.

Ali təhsillilərin sayının çoxluğu ilə öyünmək yox, ali təhsilliləri bazarda alverə vadar etdiyinizə görə utanmaq lazımdır.
Azərbaycanın başını elmli, savadlı vətəndaşları uca edəcək. 
Bazar bolluğu avtoritar rejimlərin fəlsəfəsindən doğur və manqurtlaşma məkanıdır bazar. Çünki bu məkanda vətənə və dövlətə sevgi yaranmır, əksinə bu dəyərlər ucuzlaşır.
Xalqın elliklə alverə girişinin qarşısı alınmalıdır. Ən azı cibində universitet diplomu gəzdirənlərin bazarda deyil, məsləklərinə uyğun iş yerlərində çalışmasını təmin etmək gərəkdir.
Bunun üçün kağız üzərində yox, gerçək iş yerləri açmaq və  ən birinci dövlət müəssisələrində rüşvət bazarını bağlamaq lazımdır.Kim edəcək bunları?
Dərd də burasındadır.