amerika

ABŞ Bakıda «qolunu çırmalayır»

Demokratik yumşalma üçün yeni şanslar yaranır

 

ABŞ dövlət katibinin müavini Tomas Melia dünəndən Azərbaycandadır. Müxalifət liderlərilə görüşüb və hakimiyyətlə də görüşləri planlaşdırılır. Bu səfərin Azərbaycanda mühüm siyasi hadisədən öncəyə təsadüf etməsi hazırkı vəziyyət üçün ciddi bir olay kimi qiymətləndirilməlidir.
Azərbaycan və ABŞ hökumətləri arasında münasibətlərin kritik həddə olduğu göz önündədir. Ötən iki ilə yaxın müddətdə rəsmi Vaşinqton və Bakı arasında yalnız kəskin ritorik təmaslar müşahidə olunub. Bundan başqa, ABŞ mediasının Azərbaycan hakimiyyətinə ünvanlanan tənqidi yazıları yerli rəsmi mətbuat tərəfindən kəskin reaksiyalarla qarşılıq alıb. Əlbəttə, Azərbaycan rəsmi mediası Qərb dünyasında, xüsusilə ABŞ-da oxunmasa da, diplomatik kanallar bu reaksiyalardan xəbərdar oldu və öz mərkəzlərini də bilgiləndirdi.
Bundan başqa, Azərbaycan hakimiyyəti dəfələrlə ABŞ-la öncədən planlaşdırılan tədbirləri təxirə saldı və ya gündəlikdən çıxartdı. Bu, ya hərbi sahədə birgə təlimlər, ya da təhlükəsizlik sahəsində məsləhətləşmələrə daxil olan mühüm əməkdaşlıq tədbirləri olub. Dəfələrlə ABŞ tərəfi bəyan edib ki, bu cür planlaşdırılmış ikitərəfli tədbirlər birtərəfli qaydada Azərbaycan hökuməti tərəfindən təxirə salınır. Bu isə Azərbaycan hökumətinin Vaşinqtonla münasibətlərdə maraqlı olmamasının ifadəsi kimi anlaşılmalıdır və belə də başa düşülür.
Yeri gəlmişkən, “WikiLeaks” saytı yeni məlumatında belə bir məqam açıqlayıb ki, ABŞ diplomatları Ilham Əliyevin neft pullarına arxalanaraq onlara məhəl qoymadığını yazıblar. Bu siyasətin Azərbaycanda ən çiçəkli çağının 2008-ci il olduğu hər kəsə bəllidir. Niyə məhz 2008-ci ilin üzərində dayanmağımızın da iki mühüm səbəbi var. Birincisi odur ki, Azərbaycan hökuməti özünün ən güclü vaxtına 2008-də yetişdi. Ikincisinin izahatı isə başqa bir ciddi siyasi hadisə ilə bağlıdır.
Beləliklə, biz ABŞ-Azərbaycan münasibətlərində növbəti bir dövrü təhlil edəcəyik. Bu dövr Azərbaycan hakimiyyətinin beynəlxalq münasibətlərdə bütün balanslara qarşı gəlməsilə başlayan və günümüzə kimi davam edən dövrdür. Başlıca halqa isə ABŞ və Azərbaycan arasındakı konfrantasiyanın dərinləşməsidir.

 

Üç ildə ilk dəfə

Başlayaq ondan ki, Azərbaycan hakimiyyətinin dünyanı saymamağa başlamasıyla bərabər ABŞ hökuməti rəsmi Bakı ilə insan haqları və demokratiya sahəsindəki əməkdaşlığını səngitmişdi. Son üç ildə ilk dəfə ABŞ administrasiyasında insan haqları və demokratiya məsələlərinə cavabdeh şəxs Bakıya gəlib. Bu səfərin mənası bu baxımdan daha böyükdür. Yuxarıda qeyd etdiyimiz “yeni era” ABŞ-Azərbaycan münasibətlərində insan haqları və demokratiya məsələlərinin yenidən və rəsmən gündəmə gəlməsidir. Bu, 19 iyun mitinqi ərəfəsində hakimiyyət üçün imkan yaradır ki, həm ABŞ-la münasibətlərin yeni fazasını daha həlim bir məcraya yönəltsin, həm də daxili narazılıqların daha sivil ifadəsinə imkan yaratmaqla ölkədə dinc siyasi müstəvinin canlanmasına təkan versin. Azərbaycan hakimiyyəti belə bir fürsətdən yararlanmaq istəsə, bu, təbii ki, beynəlxalq birlik tərəfindən də müsbət qarşılanacaq. Əks halda isə, növbəti konfrantasiyanın olacağı şübhəsizdir. ABŞ demokratik olmayan və islahata meyllənməyən ölkə rəhbərlərinə qarşı siyasətində ardıcıl olduğu üçün bu konfrantasiyanın nəticəsini düşünmək də çətin deyil. Bu mənada da, Ilham Əliyev ölçülü davransa, ümumi prosesin xeyrinə olar.

Obama Mübarəkə də çox demişdi

ABŞ-ın son xarici siyasətində diktatorlara aid blokun maraqlı ştrixlərindən biri odur ki, islahat edə biləcək rəhbərlərə kifayət qədər fürsətlər verilir. Bu fürsətlərin hansı səviyyədə dəyərləndirilməsi isə həmin rəhbərlərin öz iradəsinə və siyasi fəhminə bağlı məsələdir. Misirin keçmiş diktatoru Hüsnü Mübarəklə bağlı ABŞ prezidenti Barak Obamanın maraqlı bir fikri hələ də yaddaşlardadır: “Hüsnü Mübarəkə dəfələrlə demişdim ki, islahatlar vacibdir…”
Göründüyü kimi, Azərbaycana da uzun müddətdir islahatlar barədə təkliflər və tövsiyələr verilir. Rəsmi Bakı isə bu tövsiyələri qulaqardına vurmaqda davam edir. Azərbaycandakı sosial narazılığın özünə beynəlxalq dəstək tapması, eyni zamanda, hakimiyyətin kompromisə hazır olmaması vəziyyəti getdikcə çətinləşdirir. Ilham Əliyev islahatlar prosesinə başlamazsa, ATƏT ölkəsində ərəb nümunəsi yaşamaqla tarixə düşmək durumuyla qarşı-qarşıya qalmaq həm hakimiyyət, həm də cəmiyyət üçün qaçılmaz olacaq.

Seymur Həzi