Yağmur dolu Ankarada “qızmar” bir seçki günü…

Bu il Ankarada insanlar bahara həsrət qaldıqlarından gileyli. Qışın ardınca başlayan yağışlar indiyə kimi davam etməkdə. Bakının bürkülü havasından uzaqlaşıb bu şəhərin sərinliyinə düşüncə, ortam yaylaq təsiri bağışlayır. Havanın təmizliyi də müqayisə olunmaz dərəcədə fərqli. Amma Ankaranı Bakıdan fərqləndirən təkcə təbii havası deyil. Burada gördüyümüz siyasi ab-hava da bizim qibtə edə biləcəyimiz dərəcədə başqa…

Və belə bir gündə – 12 iyunda Ankarada Türkiyə tarixinin ən unudulmaz seçkilərindən birini izlədik. Seçki demokratik dəyərləri oturuşmuş ölkələr üçün dəyişikliyin yeganə və başlıca şərti olduğuna görə, bu prosesi belə yerdə izləməyə dəyər. Sözün əsl anlamında, bu təcrübədən öyrəniləcək çox şey var. Qardaş ölkədə bir neçə seçkinin şahidi kimi deyə bilərəm ki, müşahidəçilər ölkə tarixində belə gərgin siyasi kampaniya görmədiklərini etiraf etməkdə haqlıydılar. Seçki ərəfəsində baş verənləri hər kəs xatırlayır. Kənardan gəlmiş biri üçün bu həyəcan paytaxt Ankarada daha artıq və yaxından hiss olunur. Şəhər mənzərələri demokratik seçim marafonu üçün tələb olunan hər şeyi göz önünə sərsə də, insanların gərginliyi üzündən oxunur. Çünki burada seçicilərin tərkibi də, bizdən fərqli olaraq paytaxtı başdan-başa bəzəyən reklam plakatlarının, afişa və bayraqların çeşidi qədər rəngarəngdir…

Sadəcə, bu dəfəki əsəbiliyi və gərginliyi artıran əsas səbəb başqaydı. Türkiyə siyasətində ilk dəfə seçimə qatılan müxalif partiya yetkililərinə qarşı ənənəvi olmayan üsullardan istifadə edilirdi. Öncədən, fəal kəsimin böyük qismi bu çirkin metodun işə yaramayacağını söyləsə də, ortaya daha heyrətləndirici nəticələr çıxdı. Iki il təkbaşına hökumət quran AKP keçən ilə nisbətən səslərini artırıb rekordunu təzələdi. Bu mənzərə qarşısında pərtliyini gizlədə bilməyən CHP və MHP tərəfdarları çaşqın görünsə də, hakim partiyanın qalibiyyətini şübhə altına almaq kimsənin ağlının ucundan belə keçmir. Çünki Türkiyədə seçicinin sandıqdan səs çoxluğu qazanmış şəxsdən başqasının çıxacağı ilə bağlı heç bir əndişəsi yox. Adam istər-istəməz “demokratiyanın bu mərhələsinə yetişmək üçün nələri qurban verməzdik?” deyə düşünməkdən saxlaya bilmir özünü.

Bir çox siyasi dairələrdə AKP-nin üçüncü dəfə iqtidara gəlməsini qorxulu tendensiya kimi dəyərləndirənlər var. Əslində, mən özüm də bir siyasi rejimin uzun illər hakimiyyət başında qalmasının əleyhinə olanlardanam. Amma demokratik Türkiyə seçicisinin böyük çoxluğu səsini bir daha bu partiyaya verdisə, azlıqda qalan partiyaların başının çarəsinə baxması lazım. Məncə, demokratik ortamda üçüncü dəfə rəqib partiyaya yenilən siyasi qüvvələr bu gündən “təmizlik” işləri haqqında düşünməlidir. Irəli getmək üçün nə istefalardan qorxmaq, nə də əsas mövqelərə yeni düşüncəli, ağıllı insanları gətirməkdən çəkinmək lazımdır. Bu, Türkiyədə həmin müxalif partiyaların tərəfdarı olan, səsini heç fikir dəyişmədən onlara bağışlayanların qənaətidir. Məncə, həmin partiya rəhbərlərinin də illərini öz ideallarına qurban vermiş bu insanlara bir daha xəyal qırılığı yaşatmaq haqqı yox…

Bu seçkini mənim üçün unudulmaz edən səbəblərdən biri də hazırda Ankarada müalicədə olan qədim dostumuz Qənimət Zahidin ailəsi ilə keçirdiyimiz günlər oldu. Səfərdə “inqilabçı” ailənin gənc üzvləri – Hunay, Çilənay, Aysel və Ərhunun ən maraqlı tərəflərini öyrənmək şansı da qazandım…
Bir də… ümumiyyətlə, Ankara mənim üçün ən dəyərli dostların şəhəridir. Oradan Bakıya gözəllik və sevgi dolu dönməmək imkansız…