Tarixçi Musa Qasımlı təyinatlı parlamentə düşdükdən sonra susdu, susdu, susdu və keçən həftə quşu gözündən vurdu. Günün günorta çağı küçələrdə işıqların yanmasından danışdı və bu israfçılığa son qoyulmasını tələb etdi. Ilin-günün bu vaxtı, bu basabasda, bu soxhasoxda bir tarixçi-deputatın dərdinə-azarına baxın, siz Allah!
Bu ölkədə günün günorta çağı bir general küçənin ortasında öldürülür və hələ də nə qatil var ortada, nə qətlin sifarişçisi, özünə deputat deyən kəsin isə çıxıb bunun hesabını sormağa cəsarəti çatmır, ürəyi yetmir.
Günün günorta çağı bir manyak universitetə daxil olur, onlarca çiçəyi burnunda gənci qanına qəltan edir, terrorun sifarişçisi olduğu bildirilən adamı isə jurnalistlər gah təndir çörəyi bişirərkən, gah kartof əkərkən yaxalayır, özünə deputat deyən kəsdən yenə “çırt” səsi yoxdur.
Günün günorta çağı bir jurnalisti şəhərin ən gur yerlərindən birində şillə-təpiyin altına salırlar, ağzını-burnunu qırırlar, nə döyən tapılır, nə də döydürən, özünə deputat deyən kəsin ağzını isə yenə bıçaq açmır.
Günün günorta çağı öz halal haqqını tələb etmək, onları aldadan tikinti şirkətindən şikayətlərini hakimiyyətin təpəsində oturan adama duyurmaq üçün Prezident Administrasiyasının qarşısına toplaşan qadınları polis saçından tutub yerlərdə sürüyür, “ərləriniz kişi olsa, sizi bura göndərməz” deyə aşağılayır, alçaldır, özünə millətin vəkili deyən kəsin isə yenə nə içi sızlayır, nə tükü tərpənir.
Amma günün günorta çağı hardasa bir lampa yanır deyə o deputat yeri-göyü inlədə bilir, etiraz edə, hesab istəyə bilir.Ey Musa Qasımlı! Müdafiəçisi olduğun rejimin haqsızlığı, zülmü ucbatından bu ölkədə günün günorta çağı bir ata özünü və ailəsini yandırır, sən də bunu içinə sindirir və dinmirsən, əvəzində isə günün günorta çağı hardasa işıqların yandırılmasından narahat olur və hayqırmağa başlayırsansa, bunun adı nə millət vəkilliyidir, nə vətəndaşlıq borcudur, nə də ziyalı mövqeyidir.
Bunun adı tarixdə nədir, ona artıq özün qərar ver, tarixçi deyilsənmi?
Layihələrin bahalaşması, mübarizənin ucuzlaşması
Bilirsiniz, Əliyev hökumətinin “nəqliyyatın intellektual idarəetməsi sistemi” adlı bir layihəsi var. Içini boş verin, adı belə çox komikdir. Dövləti feodal zehniyyəti ilə idarə edib, xalqı muğamla idarə edib, sonra da nəqliyyatı intellektual idarə etmək ancaq bunların ağlına gələ bilər.
Sözüm onda deyil. Dünən açıqladılar: layihənin dəyəri 77 milyon dollardan bahalaşaraq 100 milyon dollara çatıb.
Indiyədək bunların əl qoyduğu heç bir layihə ucuzlaşmadı. Oğuz-Qəbələ-Bakı su kəməri 700 milyon manata başa gələcək dedilər, sonra bahalaşdıra-bahalaşdıra 1 milyard manatı vurub keçdi.
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin bahalaşmadığı ay yoxdur. Az qala ayda bir dəfə xərcləri artırırlar, bəhanələri də itinətökdür. Sanki dəmir yolu deyil, dollar yolu çəkirlər.
Ucarla Yevlax arasında beşaddımlıq avtomobil yolunun layihəsini belə, beyqəfil 72 faiz (!) bahalaşdırmışdı bunlar. Bakı-Quba yolunun layihə dəyəri də, necə olmuşdusa, bir günün içində yarıbayarı bahalaşmışdı. Çox uzatmayım, onsuz da say, say, bitən deyil.
Indiyədək başlatdıqları bir layihəni ucuzlaşdırdıqlarını görmədik. Ucuzlaşdırmaları cəhənnəm, bir işi əvvəlcədən hesablanan dəyəri ilə başa çatdırdıqlarını görmədik.
Utanmadan bir də “korrupsiya ilə mübarizədən” danışırlar. Sevsinlər sizin korrupsiya ilə mübarizənizi!
Yazıçının qulaqları
Illər əvvəl artıq qələmi yerə qoyduğunu, bundan sonra əlinə silah götürüb Heydər Əliyevin əsgəri olacağını bəyan edən, ardınca Ilham Əliyevi “peyğəmbər övladı” adlandıracaq qədər dibə vuran xalqsız xalq yazıçısı Isa Hüseynov təzəlikcə müsahibə verib və bu dəfə başqa planetdən səslər eşitdiyini deyib.Doğrudan da zibilə düşmüşük: burdan bura işsizlik, aclıq, səfalət içində inləyən vətəndaşlarının fəryadını eşitmir, qulağının dibində xalqın azadlıq, demokratiya, istiqlal hayqırışlarını eşitmir, amma başqa planetdən səsləri eşidə bilir.
Nə deyim vallah… Tanrı bütün bəndələrinin ağlından muğayat olsun!