Tarix elminin anasını ağlatmaq

Deyilənə görə, bir nəfərin təltiflənməsi üçün onun adını Napoleona verirlər. Imperator soruşur: hanısı səbəb görə? “O, döyüşlərdə çox iştirak edib, əlahəzrət”, deyildikdə Napoleon “mənim atım da bütün döyüşlərdə olub” söyləyib, təltifdən qaçır.

Çox döyüşdə olmaq hələ yaxşı döyüşçü olmadığı kimi, çox kitab yazmaq da hələ yaxşı yazıçı olmağı təsdiqləmir. Nə edəsən bu sadə həqiqəti uzun illərdir Azərbaycanda çox əliqələmli qəbul etmək istəmir. Məsələn, eşitmişəm ki, Mehdi Hüseyn Yazıçılar Birliyinə sədr keçəndə qocaman yazıçılardan biri ona bir qalın əsərini təqdim edib deyir ki, gənclərin zayı çıxıb, mənim əsərlərimi çap etmirlər. M.Hüseyn əsərdən bir-iki abzas oxuyub kənara atır. Yazıçı daha çox oxumasını israr edir. M.Hüseyn “zibil zibildir də, istər bir çimdik olsun, istər tonla” deyir.

Yunus Oğuzu tanıyırsınızmı? “Olaylar” adlı qəzet və agentliyin rəhbəri, həvəskar deputatlığa namizəddir. Yunus müəllim nə səbəbdirsə, tarixi şəxsiyyətləri terror etməklə məşğuldur. O, əvvəlcə məzarında sakitcə uyuyan Nadir şahın, daha sonra Təhmasib şahın, Atillanın ruhunu narahat elədi, bu adamlar haqqında kitab yazdı. Indi də o, Əmir Teymura girişib.

Hələ “Nadir şah” dərc olunanda yazmışdım ki, gör Nadir şahın günahı nə boyda olub ki, Tanrı onu Yunus Oğuzun kitabına material etməklə cəzalandırıb.Şahlar, hökmdarlar haqqında kitablar bağlayan Yunus müəllim  2003-cü ildə prezidentliyə namizəd idi. Namizədliyini Ilham Əliyevin xeyrinə geri götürdü. Azərbaycanda yeni şah rejiminin yaranmasına dəstək verdi. Indi bu adam bizə şahlardan, hökmdarlardan kitab yazır.

Halbuki, tarixin dərin qatlarına baş vurmadan müstəqil Azərbaycan respublikasının şahını tədqiq etmək olardı.

Ən maraqlısı və təəccüblüsü Yunus Oğuzun dərsliklərə düşmək istəyidir. O, bu istəyini keçmiş deputat Imanverdi Əbilovun vasitəsi ilə ifadə edib. Əbilov “Olaylara” müsahibəsində deyib ki, məktəblilərimiz Yunus Oğuz kimi kamil bir yazıçının olduğunu görməli, onun əsərlərini oxumalıdırlar. Azərbaycan məktəblilərinə bundan artıq bir zülm edilə biləcəyinə inanmıram. Zavallı məktəblilər, Misir Mərdanov kimi nazirinizin olması azmış kimi indi də üstünüzə Yunus Oğuzu yollamaq istəyirlər…

Azərbaycan xalqına və onun kitab oxuyan kəsiminə geniş səbr və dözüm arzulayıram. Əminəm ki, növbəti intellektual işgəncələrdən sağ-salamat qurtara biləcəyik.

3 zabit

3 zabitin taleyi bu günlərdə məni düşündürməkdədir. Bu, Bosniyada 8 min müsəlmanı qıran Radko Miladiç (onu bu yaxınlarda tutdular, yəqin ki, ömürlük həbsə gedəcək) və Moskvada küçənin ortasında öldürülən Yuri Budanovdur. Yuri 2003-cü ildə 18 yaşlı çeçen qızı öldürmüşdü, buna görə elə öz ölkəsinin həbsxanasında 6 il yatmışdı. Onun ölümünü 2003-dəki qətllə əlaqələndirənlər çoxdur. Və 3-cü polis Azərbaycanda son zamanlar məşhurlaşan Süleyman Nemətovdur. Nemətov yenə mətbuata danışıb və mitinqlərdə həbs olunan müxalifətçilərə işgəncə vermədiyini, ancaq ona tapşırılan vəzifəni yerinə yetirdiyini deyib. Şübhə etmirəm, inanıram ki, Süleyman müəllimə işgəncələrlə bağlı kimsə tapşırıq verir. Radko Miladiçə, Yuri Budanova da tapşıq verənlər olub. Indi onların heç biri bu adamları nə ölümdən, nə də soyuq kameralardan qoruya bilir. Qədim kitablarda deyilən kimi “bəsirət gözü bağlı olmayanlar ibrət ala bilər”.