Qardaş Türkiyə Cümhuriyyətində parlament seçkiləri sona çatdı. Ölkədə fəaliyyət göstərən 141 universitetin rektorlarından biri Türkiyə Böyük Millət Məclisinə (TBMM) üzv olmadı. Nədən ki, bir rektor belə namizəd deyildi.
Avropa parlamentlərində ümumiyyətlə, rektorlar parlamentə yaxın durmur.
Yalnız ürəyi Kremlin təlim-tərbiyəsini almış postsovet məkanında universitet rektorları qanunverici orqanda oturmağa can atırlar.
Nədən ötrü? Azərbaycanda debilliyi və ya şizofreniyası olmayan hər bir şəxs bu suala düzgün cavab verər.
Rektorun parlamentə üzv olması, vəzifə kreslosunu və sahib olduğu obyektləri qorumaq üçün gərəkdir.
Bunun üçün də Milli Məclisdə rejimə sərf edən qanunların qəbulu zamanı “HƏ” düyməsini ən birinci rektorlar basır.
15 il əvvəl guya keçid dövrü üçün icra hakimiyyətinin yuxarı eşalonundakı bəzi vəzifəli şəxslərə qanunverici hakimiyyətdə də təmsil olunmaq hüququ verdilər. Indi əlinə mikrofon alan YAP ideoloqu bar-bar bağırır ki, bölgənin lider dövlətiyik.
Belədirsə, demək keçid dövrü də bitmiş olmalıdır. Bitməyibsə, liderliyimizə bir quş. Bitibsə, hakimiyyətin icraedici qanadında təmsil olunanın, elə bu hakimiyyətin digər qanadında nə işi var?Bunu qoy, Azərbaycanı “ağ günə” çıxaranlar düşünsün, keçək, rektorların deputatlığına.
Azərbaycanda bir əldə iki qarpız tutmaq dəbdədir. Rektorlar isə elmli olduqlarından bir neçə qarpızı bir əldə saxlaya bilir. Minlərlə tələbəsi, müəllimi, texniki əməkdaşı olan universitetin rektoru necə macal tapır ki, həftədə 5 gün də parlamentdə fəaliyyət göstərir?
Bizim rektorların əksəriyyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ya müxbir üzvü, ya da həqiqi üzvləridir. Yəni, çox yekə alimlərdir və təkcə bu fakt ona işarə edir ki, bu adamların başını belə qaşımağa vaxtı olmamalıdır. Əcəba, bizim rektorlarımızın sutkası 24 saat yox, 240 saatdan ibarətdir ki, həm elmi məqalələr, kitablar yazır, həm universitetdə tədrisə, texniki işlərə rəhbərlik edir və üstəgəl qanunverici orqanda fəaliyyət göstərirlər.Üstəgəl bununla bitmir, rektorların əksəriyyəti açıq və ya qapalı şəkildə həm də bizneslə məşğuldur. Azərbaycanda cəmiyyətdən nəyisə gizlətmək kimsəyə müyəssər olmayıb hələ.
Evdən çıxanda qarşınıza çıxan huşu başında olanın birindən xəbər alsanız ki, hansı universitetin rektorunun göydələnləri, hansının şadlıq evləri, hansının da ticarət, səhiyyə, iaşə obyektləri var, düppədüz cavab alacaqsınız.
Məni qərəzçilikdə suçlayanlar, qoy, sosial şəbəkələrin birində rektorlarımızın biznes fəaliyyəti haqqında sual versinlər.
Lap belə özünü “obyektiv”, “qərəzsiz” və “vicdanlı” adlandıran ANS TV-dən rica etsinlər ki, əməkdaşlarını şəhərə göndərib rektorların sahib olduğu obyektlər barədə bir süjet hazırlasın. Işdir, cənab rektorlarda narazılıq yaransa, qoy, özlərində cəsarət tapıb mal varlıqlarını ictimaiyyətə açıqlasınlar. Və Milli Məclisdə oturan bir rektor şərəfinə və müqəddəs kitabımıza and içib bəyan etsə ki, onun universitetində rüşvət almırlar, obyekti-filanı yoxdur, biznesdən uzaqdır, sırf elmi işlə məşğuldur və parlamentə HALAL yolla seçilib, o zatın dünyasını dəyişənlərinin ruhuna Qafqaz Müsəlmanları Idarəsinə məxsus obyektlərin birində “Fatihə” oxutdurmaq mənim boynuma.
100 il ötsə də, Azərbaycanın bir ali təhsil müəssisəsinin adı dünyanın qabaqçıl universitetlərinin sırasında olmayacaq, səbəbini Milli Məclisdə oturan biznesmen rektorlar daha yaxşı bilir. Və yazanda ki, Azərbaycanda 5-10 samballı alim yetişib, bəzi elmlər namizədləri və elmlər doktorları əl atıb yaxalarını cırırlar.
Deyən yoxdur ki, akademik rektorların elmi fəaliyyəti bundan ibarətdirsə, sizlərin atılıb-düşməsinə nə ehtiyac var.
Alın ayın 15 gününə çatan maaşınızı, pıçıltı ilə narazılığınızı bölüşün və fürsət düşən kimi iqtidarı öyüb müxalifəti söyün. Bəlkə bu üsulla biznesmen rektorların gözünə girdiniz və sizi dekan, zamdekan ya da kafedra müdirliyinə irəli çəkdilər. Rektorluğa, akademikliyə və parlamentə gedən yol elmdən deyil, öyməkdən və söyməkdən keçir.