Qonşuları da Qəzzafidən üz döndərdi

Liberiya Liviya ilə əlaqələri kəsdi, Tunis üsyançıların legitimliyini tanıyacağını bildirdi

NATO-nun Liviya diktatoru Müəmmər Qəzzafi rejiminin hərbi hədəflərinə hava hücumu davam edir. Koalisiya qüvvələrinə aid qırıcılar paytaxt Tripoli və ölkənin mərkəzi hissəsi olan Əl Cifrəyə zərbələr endirib.

Tirpolinin bombalanması zamanı Qəzzafinin iqamətgahı, bir sıra hökumət binaları, həmçinin radar qurğuları və hərbi bazalar kimi eyni obyektlər hədəfə alınıb. Zərbələr endirilmiş ərazidə tüstü və yanğın müşahidə olunub. Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur. Liviyanın rəsmi “Jana” agentliyi NATO qırıcılarıının iyunun 14-dən 15-nə keçən gecə Tripolinin şərqindəki Əl Firnaq kvartalına zərbələr endirildiyi haqda məlumat yayıb. Bombardman nəticəsində dinc əhalinin də öldüyü bildirilir.

NATO açıqlama yayaraq koalisiya qüvvələrinin bazar ertəsindən başlayaraq Tripoli və Liviya diktatorunun nəzarəti altında olan digər hərbi hədəflər 62 hava zərbəsi endirdiyini bildirib. Alyans koalisiya qüvvələrinin son bir neçə gün ərzində hava hücumlarının sayını artdığını da bəyan edib.

Müəmmər Qəzzafiyə qarşı vuruşan üsyançılar isə diktatora bağlı silahlıların nəzarətdə saxladığı Misrata şəhərinə doğru irəlilədiklərini bildiriblər. Üsyançılar Misrataya qərb istiqamətdən yaxınlaşaraq şəhərin mühasirəsini daraltmağa çalışıblar. Qəzzafiyə sadiq qüvvələr isə şəhərə gedən yolları bağlayıblar.

NATO da üsyançılara dəstək olmaq üçün Misratanın qərbindəki Zlitan bölgəsinə havadan elanlar ataraq hökumət qüvvələrini mövqelərini boşaldaraq geri çəkilməyə çağırıb.
Avroatlantik alyansın loqotipinin də əks olunduğu elanlarda ərəbcə “Qaçacaq yeriniz yoxdur. Vətəndaşları təhdid etməyi davam etdirsəniz məhv olacaqsınız” deyilir.

Üsyançılar gözlənilən bombardmandan əvvəl onlara Misrata və Zlitan arasındakı kəməri qorumaq tapşırığı verildiyini söyləyib. “Reuters” agentliyi Qəzzafi qüvvələrinin atdığı raketlərin Misratadakı limanın yaxınlığında quraşdırılmış generatorları saıradan çıxardığını bildirib.

Bu arada Liberiya hökuməti Qəzzafi hakimiyyəti ilə diplomatik əlaqələrini kəsdiyini bəyan edib. Liberiya prezidenti Ellen Conson-Serlifin adından yayılan açıqlamaya görə, buna səbəb Müəmmər Qəzzafinin Liviyani idarə etmək haqqını itirməsidir.

Liberiya Liviyadakı səfirini geri çağırmaq və bu ölkədəki nümayəndəliyinin fəaliyyətini dondurmaq barədə qərar çıxarıb. Açıqlamda Qəzzafi rejiminin dinc sakinlərə qarşı hücumlarının dayandırlması da tələb olunub. Əlavə edək ki, digər iki Afrika ölkəsi Seneqal ötən ay liviyalı müxalifləri qəbul etmiş, Mavritaniya prezidenti isə Qəzzafinin hakimiyyətdən getməyinin söyləmişdi.

Tunisin müvəqqəti hökuməti də Liviya müxalifətinin Benqazidə qurduğu Milli Keçid Şurasını tanımağa hazır olduqlarını bəyan ediblər. Tunisin Təhsil Naziri və Nazirlər kabinetinin sözçüsü Tayib Bakkuş bildirib ki, bir iqtidarın öz vətəndaşlarını və şəhərləri bombalamasını qəbul etmək qeyri-mümkündür. Bu addımı atan legitimliyini itirib. Bakkuş Tunis hökuməti ilə Liviya Milli Keçid Şurası arasında danışıqlar aparılacağı halda Tunisin Şuranı tanımağa hazır olduğunu söyləyib.

Tunisin müvəqqəti baş naziri Beyci Cahid Əssəbsi də “Əl Cəzirə” televiziyasına verdiyi müsahibəsində tələb olunacağı təqdirdə Milli Keçid Şurasını tanıyacaqlarını bildirmişdi.

İnformasiya şöbəsi