Özü olan polis

Hər cəmiyyət şəkil etibarıyla özünün idarə olunduğu formanı alır. Hər fərd isə həmin idarəçiliyin başında duranın əksinə çevrilməyə başlayır. Öz şəklini dəyişir, özgənin şəklini alır. Özgənin şəklini almaq istəməyənlər, müqavimət göstərənlər, öz şəklinə daha hörmətlə yanaşanlar siyahıya alınır, izlənilir, təhdid edilir, işgəncələrə uğarıdılır. Onları çox rahat tanıyırlar – polis də, təhlükəsizlik agentləri, hətta MIS işçiləri də onları görən kimi duyuq düşür. Yox, onların alnında kim olduqları yazılmayıb – sadəcə, başdakına oxşamırlar, başqa şəkildədirlər, qıcıq yaradırlar, kəsəsi alınlarına kim olmadıqları yazılıb. Ona görə də istənilən həqiqi, səmimi, əməldə özü olan şəxs baş vurduğu dövlət idarəsində və ya hansısa dövlət məmuruyla qarşılaşdığında dərhal gözə alınır, burnundan vurulub geri qaytarılır.

Onları bir-birinə bənzəyənlərin toplumundan təcrid eləyib məhbəslərə atır, bezdirir, sındırır, bir sözlə, şəkillərini əzib zibil qutusuna tullamaq üçün hərəkətə keçirlər.

Biz tanımadığımız, yad adamların şəkillərinə baxanda da mütləq onları tanıdığımız bir adama oxşatmağa çalışırıq. Bəzən o yad adamın kimə bənzədiyini tapa bilməyəndə saatlarla bu haqda düşünür, əzab çəkir, onun kimin oxşarı olduğunu xatırlayana kimi özümüzə gələ bilmirik: “Yox e, axı bu kimə oxşayır, bilirəm, ama heç cür yadıma sala bilmirəm – adı lap dilimin ucunda fırlanır”.
Hürufilər kimə bənzədiyimizi özləri üçün biryolluq müəyyən eləmişdilər:
– Surətin nəqşində hər kim görmədi nəqqaşını,
Vahibi-surət onun gözsüz yaratmış başını,- Nəsimi deyib.

Bu, adamların özlərini padşaha, despota, liderə, hökm sahibinə, talançıya, cəllada bənzətməsinin qarşısını almaq üçün ən gözəl yol idi. Çünki hər zaman bu cür düşünmək insan təbiətinin, kütlə psixologiyasının ayrılmaz cəhəti olub. Insanın, kütlə fərdinin özünü kiməsə bənzətmə ehtiyacı, qidalanma, cinsi istək, gərəklilik kimi təbii ehtiyaclar qədər güclüdü – hürufilik təlimindəki kimi alternativ pozitiv bənzətmə olmadığına görə, idarəçilik dəyişməyənə qədər biz yüz minlərlə diktatorlarla qarşı-qarşıya qalacaq, onlarla savaşmalı olacağıq. Mən bir fərd olaraq düşünürəm ki, rejim dəyişən kimi insanlar da dəyişəcək, içindəki qəddarlığın, alçaqlığın üzə çıxması üçün münbit şərait əldə eləmiş adamlar birdən-birə çevrilib (bu, hətta çox əzablı bir proses olsa da), yaramazlıq şəkillərindən xilas olacaqlar. Həzrət Əlinin “Padşahlar dəyişəndə zəmanə dəyişər” kəlamına da məhz bu aspektdən yanaşmaq yerinə düşərdi.

Bu fikirlər son aylar baş verən intihar olaylarını xatırlayarkən, ayrıca son polis intiharının təfsilatını mərhumun yas yerindən Ramin Dekonun hazırladığı reportajdan oxuyarkən doğuldu. Polisin yalnız yuxarıdan əmr alaraq robot kimi hərəkət elədiyi bir məqamda özünü güllələdiyi deyilən ağsulu polis serjantı Asim Baxşiyevin mövcudluğundan xəbər tutmamız bizi əslində istənilən xidmət sahəsində dəyərli, öz şəklində qalmaq istəyən adamların var olduğuna inanmağa vadar edir. Təəssüf ki, onun mövcud olduğunu mövcudluğunu itirməsindən sonra bilmişik. Bu bizim faciəmizdi. Onu intihara sövq edən rəislər köləsi olduqları rejimə bənzəyirlər, mərhum serjantdan da elə bunu tələb eləyiblər – yaramazlıq, murdarlıq, başkəsənlik, nakişilik. O öz şəklinə sadiq qalıb, simasını itirməyib, ama nə yazıqlar ki, mövcudluğunu itirib. Çünki polis serjantı Asim Baxşiyev özünü tək və gücsüz zənn eləyib. Halbuki onun kimi zəmanəsinə, onu yönəldənlərə oxşamayan nə qədər insan var. Sadəcə, onlara doğru addım atmaq, özünə yönəlmiş ümidsizlik qiyamını xaricə yönəltmək gərəkdi. Özgənin şəklini cırmaq varkən, özünə qıymaq nədən?..