İlham Əliyev generalları üz-üzə qoydu

Dövlət Gömrük Komitəsinə nəzarət uğrunda ölüm-dirim savaşı

Kəmaləddin Heydərovla Bəylər Əyyubov toqquşur

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov arasında Dövlət Gömrük Komitəsinə nəzarət uğrunda savaş davam edir. Bir neçə gün əvvəl mətbuatda artıq komitənin Bəylər Əyyubovun nəzarətinə keçdiyi barədə məlumatlar yayılsa da, bu, hələ ki, təsdiqini tapmır.
Əksinə, Kəmaləddin Heydərov həmin məlumatlardan sonra uzun illər Dövlət Gömrük Komitəsində çalışan Bəylər Əyyubovun yaxın adamı Ismayıl Məmmədovun tutduğu vəzifədən azad edilməsinə nail olub.
Hakimiyyətdə iki söz sahibinin “gömrük davası” ilə bağlı gələn xəbərlərdə deyilir ki, Bəylər Əyyubovun komitəni nəzarətinə keçirmək istəyinin kökündə qeyri-leqal gəlirlərin gizlədilməsi dayanır. Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri dövlət başçısını inandıra bilib ki, komitədə belə faktlar mövcuddur və bunun qarşısının alınması üçün “dəmir əl”ə ehtiyac var. Ilham Əliyev də məsələni araşdırmağı Bəylər Əyyubova tapşırıb. Dövlət başçısının şəxsi mühafizə xidmətinin rəhbəri isə bundan istifadə edərək komitəni öz nəzarəti altına almağa çalışır. 
Bu arada “gömrük savaşı” ilə bağlı bir maraqlı məlumat da almışıq. Məlumatda deyilir ki, bir müddət əvvəl Bəylər Əyyubovun tapşırığı ilə Bakı şəhər Baş Gömrük Idarəsinin rəisi Vüsal Novruzov cəzalandırılıb. Məlumata görə, kənd təsərrüfatı avadanlıqlarının ölkəyə gətirilməsinə gömrük rüsumu qanunla qadağan olunsa da, Vüsal Novruzov “yuxarılar”a məlumat vermədən ölkəyə sözügedən avadanlıqları gətirən iş adamları ilə əvvəlki qaydada işləməyə üstünlük verib. Bir müddət öncə isə məşhur biznes strukturlarından biri (adı bizə bəlli olsa da, dəqiqləşdirmələr apardığımız üçün yazmırıq) ölkəyə gətirilən kənd təsərrüfatı avadanlığına görə 500 min manat nəzərdə tutulmayan ödəniş etməyə məcbur edilib.
Araşdırmalar nəticəsindəá həmçinin bəlli olub ki, Vüsal Novruzov yaxınlarının adına qeyri-adi villalar ucaldıb. Hətta məlum olub ki, Bakı gömrüyünün rəhbəri Ilham adlı sürücüsünün adına Novxanıda qiyməti milyonlarla ölçülən villa ucaldıb. Bütün bunlardan sonra Vüsal Novruzov ağır şəkildə cəzalandırılıb. Yaxın vaxtlarda onun işdən də çıxarılacağı gözlənilir.

İnformasiya şöbəsi