Hakimiyyətin ədalət prinsipi – ədalətsizlik!

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun Ictimai Palatanın nümayəndələrilə görüşündən sonra iqtidarın narahatlıqları artmağa başlayıb. Səbəb bəllidir, bunu uzun-uzadı izah etməyə ehtiyac yoxdur. Amma bu narahatlığı izhar edərkən bəzən kimsə diplomatiya dərsi vermək istəyir, bəziləri də mənəviyyat, vicdan, ədalət kimi insani dəyərləri əlində və dilində fırlayıb bununla da hakimiyyətin bərabərlik və ədalət prinsiplərinə sadiqliyini nümayiş etdirməyə çalışır.

Bu cəhdləri görəndə ilk ağla gələn bu olur: “Çox komik!”

Çünki hakimiyyəti təmsil edənlərin insanlıq və vicdan anlayışı idarə etdikləri ölkənin halından, burada yaşayan, daha doğrusu, ölüb canını qurtara bilməyən insanların yaşayışından bəllidir. Amma Azərbaycan boyda faktı həmişəki kimi bir kənara buraxıb başqa planetlərdən danışırmış kimi danışırlar…Bu, hakimiyyətdəkilərin ölkənin halını bilməzliyindən deyil, özünü bilməzliyindən irəli gəlir.

yAp-da müxtəlif missiyanın daşıyıcıları var. Bu dəfə də yAp-ın vicdan və ədalətdən sorumlu nümayəndəsi Səyavuş Novruzov diplamatik korpusun IP nümayəndələri ilə görüşünə münasibət bildirərkən guya, ədalət prinsipinin pozulmasını önə çəkmək üçün eynən bu sözləri dilə gətirib: “Niyə görə həmin səfirlər, diplomatlar qaçqınlarla və başqa-başqa qruplarla görüşmürlər?”

Maraqlıdır, deputatlardan hansı axırıncı dəfə qaçqınlardan birinin qapısını döyüb? Bu isti yay günlərində adi insani yaşayışdan məhrum olan qaçqınların durumunu yüngülləşdirmək üçün təmsil etdiyiniz iqtidar nə iş görüb? Bəlkə onlara verdiyiniz evlərin halından, açılışındakı biabırçılıqdan danışaq?! Məsələn, evlərin ancaq telekanallarda göstərdiyiniz bir-ikisini təmir etdirib, mebel dükanından gətirilən əşyaları nümayiş etdirib qırmızı lent kəsiləndən sonra yenidən mağazaya qaytarılmasından, yaxud o evlərin tikilməsinə ayrılan pulların oğurlanması nəticəsində qısa müddətdən sonra yararsız hala düşmələrindən söz açaq…

Ən başlıcası, bu qaçqın dediyiniz insanların didərgin düşdüyü torpaqların – Qarabağın üzərindən oynanılan oyunlara niyə bir nəfər məmur, deputat etiraz etmir? Diplomatik korpusun kiminlə, niyə görüşəcəyinin proqramını xəyali olaraq tutmağa cəhd yerinə, bu xalqı, ölkəni nə hala gətirdiyinizi bir vicdan tərəzəsinə qoymağınız daha yaxşı olmazdımı?

Hər gün qəzetlərdə dərc olunan məmur harınlığı faktlarının hansına reaksiya oldu bir yAp-çıdan? Hansı məmur özbaşınalığına “dur” deyildi? Yoxsa deyildi də, biz görə, eşidə bilmədik?!

“Qaçqınlarla görüşmürlər” deyə ittiham etdiyiniz diplomatik korpusun əvəzinə bəlkə elə “Qaçqınkom”a rəhbərlik edən Əli Həsənovun Yunanıstanda ada alması xəbərinə bir münasibət bildirəsiniz… Bəs hanı qaçqına olan qayğınız? Yoxsa Əli Həsəvov o adanı maaşıyla alır?!

Hakimiyyətdəkilərdən biri qalxıb “ala bilər” desə, təəccüblənmərəm. Illərdir “analoqsuz inkişafın” nəticələrini yaşadığımızdan daha belə şeylərə heyrət etmək qabiliyyətimizi itirmişik. Amma heyrət etmək qabiliyyətimizi itirmişiksə də, kinayə etmək qabiliyyətimizi itiləmişik. Bu üzdən yAp-dan birinin qalxıb insanlıqdan danışmasına ancaq dodaqucu gülmək olar.

Hardadır o insanlıq? Bəlkə tikintilərdə muzdur kimi işlədib qəpik-quruş verilən fəhlənin yaşayışındadır?! Yoxsa tələbənin əlinə baxar olmuş müəllimin həyat tərzində, xəstədən pul almaq üçün cibini daim hazır saxlamaq zorunda buraxdığınız həkimin maaşında, tələbənin savadında, vətəndaşın qürurunda, seçkinin saxtalaşdırılmasındadır?! Bu siyahını xeyli uzatmaq da olar…

Iradə etdiyiniz ölkənin mənzərəsi budur… Bu mənzərəyə gözucu nəzər yetirəndə bu hakimiyyətin vicdan prinsipinin mahiyyətini dərhal görmək mümkündür.