Nadir Orucovun vəkili, Rövşən Rüstəmovun yaxınlarının söylədiklərinin əksini deyir
Iş adamı Rövşən Rüstəmovu qətlə yetirən, sahibkar Nadir Orucovun vəkili Polad Məhərrəmli hadisə ilə bağlı yanlış məlumatların yayıldığını bildirib. O, “Bizim Yol” qəzetinə açıqlamasında deyib ki, Nadir Orucovun Rövşən Rüstəmova borclu olması barədə deyilənlər həqiqətəuyğun deyil:
“Nadir Orucov ilkin ifadəsində də göstərib ki, Rövşən Rüstəmov onun ofisinə gəlib, ağır söyüşlər işlədib və silah da mərhumun əlində olub. Onlar əlbayaxa olduqları zaman silah açılıb və Rövşən Rüstəmovun ölümü ilə nəticələnib. Ona görə də indiki zaman üçün mətbuat vasitəsilə hər kəsə demək istəyirəm ki, istintaq getdiyindən dezinformasiyalar yaymaq məqsədli xarakter daşıya bilər”.
Vəkil mətbuatda yayılan xəbərlər sırasında müdafiə etdiyi şəxsin Rövşən Rüstəmovun inşa etdirdiyi şadlıq evinin sənədləşmə işlərini qaydaya salması barədə vəd verməsinə də aydınlıq gətirbi. O, bildirib ki, bu barədə yazılanlar absurddur: “Əvvəla, heç kimə sirr deyil ki, hər hansı tikinti başlamazdan öncə torpaq sənədləri hazırlanır, ayrı-ayrı təşkilatlardan razılıq alınır. Necə ola bilər ki, şəhərin mərkəzində böyük bir şadlıq evi tikilsin, amma sənədləri inşaat işləri başa çatandan sonra düzəldilsin?! Torpaq işləri ilə məşğul olanlar, müvafiq icra hakimiyyəti orqanlarında çalışanlar bu iddianın tamamilə yanlış olduğu qənaətindədirlər. Məsələ ondadır ki, Nadir Orucov Rövşən Rüstəmova heç bir sənədini qaydaya salacağına öhdəlik götürməyib”.
Mərhumun qardaşı Elşən Rüstəmov isə “Azadlıq”a açıqlamasında bildirmişdi ki, Nadir Orucovun Rövşən Rüstəmova 440 min manat borcu olub. Bu pul Nadir Orucova Muğan Kərimov adlı iş adamı üçün tikilən şadlıq sarayının sənədləşdirilməsi üçün verilib. Nadir Orucov verdiyi vədi yerinə yetirməyib. Nəticədə Muğan Kərimov Rövşən Rüstəmovdan, ikincis isə Nadir Orucovdan pulu geri tələb edib. Rövşən Rüstəmov bu məsələyə görə hətta bir neçə dəfə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə də çağırılıb. Lakin heç bir təqsiri olmadan sərbəst buraxılıb. Elşən Rüstəmov növbəti dəfə açıqlamasında özünün və anasının mətbuata Rövşən Rüstəmovun anası da “Yeni Müsavat”a müsahibəsində oğlunun pula görə öldürüldüyünü deyib.
Elşən Rüstəmov “Azadlıq”a növbəti dəfə açıqlamasında özünün və anasının dediklərinin həqiqəti əks etdirdiyini bildirib: “Sadəcə görünür, işi ört-basdır etmək istəyirlər ona görə də bu sayaq danışırlar. Rövşənin əlində silah olmayıb. Nadir onu aldadaraq ofisinə çağırıb və qardaşım içəri girən onu öldürüb”.
Rövşən Rüstəmov iyunun 8-də paytaxtın Hüseyn Seyidzadə, 2A ünvanında qətlə yetirilib. Hadisəni törədən deputatlığa keçmiş namizəd və Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin rəhbəri Nadir Orucov olub. Nadir Orucov həmçinin “Zivər Nadir” MTK Istehsalat Kommersiya firmasının baş direktorudur.
Informasiya şöbəsi


