Türkiyədə parlament seçkisi başa çatdı. Seçim sonrası ortada açıq bir demokratiya görsənişi var. Bütün seçkilərdə olduğu kimi, doğallıqla, bu seçkidə də udan var, uduzan var. Biz istəsək də, istəməsək də Ərdoğan partiyası bu seçkini də uddu – üçüncü yol. Bir sıra gizli-açıq faktorlarla yanaşı, quşqusuz, bu seçkidə də Ərdoğanın siyasi lider bacarığı, parlaq xarizması böyük rol oynadı. Sözsüz, Türkiyədə də, qardaş Azərbaycanda da Ərdoğanın uduşuna darılanlar, Türkiyə türkcəsində desək, qızanlar var. Başa düşüləndir: üst-üstə düşməyən baxışlar, dünyagörüşləri, prinsiplər üzündən kimlərsə kimlərisə istəməyə bilər. Di gəl, bu yerdə Çörçildən qalma keçərli bir aksiom var: dünyada demokratiyadan pis nəsə yoxdur, ancaq neyləyəsən, indiyədək ondan yaxşısı tapılmayıb!
Çörçilin baxdığı prizmadan baxmaqla bizim Türkiyədəki seçkiyə pozitiv dəyər verməkdən özgə yolumuz qalmır: oyunçu apardı! Yalnız oyunçu yox – belə düşünmək allahsızlıq olardı. Ərdoğan partiyası Türkiyəyə yalnız bizim sevmədiyimiz, Türklüyə yaraşdırmadığımız turban gətirməyib, eləcə də, partiyanın adında olduğu kimi, ekonomik qalxım gətirib. Burası danılmaz bir faktdır. Başlıca olaraq bu fakta görə Türkiyənin böyük çoxluğu seçkidə Ərdoğan partiyasına səs verdi. Qazanılan indiki partiya uğuru birinci AK partiyanın ölkədə gördüyü işlərə, sonra Ərdoğanın xarizmasına bağlıdır. Bunlar bütün pozitiv-neqativləri ilə Azərbaycana, başlıcası Azərbaycanın siyasi toplumuna örnək olacaq görsənişlərdir: öncə iş, sonra görsəniş! Işə bağlı yüksəliş…
AK partiyanın uğurununun gerçəkliyə çevrildiyini görüncə konyunktura partiyası olan Heydər Əliyev YAP-ı AK partiya ilə birgə olduğunu bildirdi. Bununla da bu partiyanın yetkililəri özlərinin kimlik özəlliklərini bir daha ortaya qoydular. Dünənədək bu partiyanı hədələyənlər birdən dönüb ona yandaş oldular.
Dünənədək “Heç kimin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur” deyən baş YAP-çı Ilham Əliyev partiyasının düşünülməmiş, çürük siyasət daşıyıcısı olduğunu ortaya qoydu. Deməli, Ilham Əliyev özünün işinə yarıyanda Türkiyə kimi 75 milyonluq bir ölkənin iç işlərinə qarışa, bir partiyanın başqa partiyaları udması üçün açıq siyasi aqressiyaya yol verə bilər, ancaq başqa ölkələr, lap elə deyək Türkiyə, Azərbaycanda insan hüquqlarının vəhşicəsinə tapdanmasına görə əliyevlər hökumətinə güldən ağır söz deyə bilməz. Prinsipə bax. Bazar iqtisadiyyatından danışa-danışa yumurtaya qiymət qoyur, eləcə də iç, dış siyasəti özünün maraqlarına uyğunlaşdırmağa çalışır. Bu sayaq maraqlar axarında da YAP-ın administrator-filosofu belə bir ideoloji konsepsiya sərgiləyir: “Azərbaycanda milli, fərqli demokratiya qurulur”. Bu “milli”, “fərqli” demokratiyaya görə Azərbaycanda türk dili “xarici dil” adlandırılır, türk iş adamları sıxışdırılıb ölkədən çıxarılır, Türkiyə şəhidliyindən bayraqlar yığışdırılır, “Qazımızı Yunanıstana hansı qiymətə satırıqsa, Türkiyəyə də o qiymətə satacağıq” deyilir. Bütün bunların üstündən əliyevçi rejimin maraqları üçün gərəkirkən “biz bir millət-iki dövlətik” söylənir.
Bildirildiyinə görə, yeni hökumət qurulduqdan sonra Ərdoğan ilkin olaraq Azərbaycana gələcək, sonra ABŞ-a, ardınca Çinə gedəcək. ABŞ Türkiyənin başlıca strateji ortaqlarındandır – burası bəlli. Çində bütün milli hüquqları əlindən alınmış 30 milyonluq Uyğurstan var, Ərdoğan bununla bağlı Çin dövlətinə yönəlik qınaq çıxışlarında bulunub – burası da bəlli. Ərdoğan seçim sonrası ilkin gəzisində qardaş, qonşu Azərbaycana niyə gəlir? – burası bəlli deyil. Yaxın-Orta Doğuda gedən demokratik proseslər Ərdoğanın Azərbaycan politikasına etkisini göstərəcəkmi?