kiv-df

Dramatik obrazlar ifaçısı Ələsgər Ələkbərov

Vaqif obrazından başlanan səhnə uğuru

Adı sənət tariximizin ən parlaq səhifələrində yer alan böyük aktyor Ələsgər Ələkbərovdan söz düşəndə, təbii ki, ilk olaraq onun dramatik rolları göz önündə canlanır.

O, həqiqətən dramatik rolların əvəzsiz ifaçısı idi. Aktyorun səhnədə görünməsi, demək olar ki, tamaşanın taleyini həll edərdi.

Amma onun rolları haqqında fikirlər olduqca müxtəlif idi. Hətta aktyorun ünvanına yersiz tənqidlər də səslənirdi. Ancaq bunlar heç vaxt onu sənətdən soyutmadı, əksinə, daha məsuliyyətlə irəli apardı. Maktuf (“Maqbet”), şah Zeyir (“Şahnamə”), Aydın (“Aydın”), Heydər bəy (“1905-ci ildə”), Fərhad (“Fərhad və Şirin”) və onlarla rolları aktyorun güclü plastikaya, geniş diapazona malik olduğunu təsdiqləyirdi. Ancaq iki obraz – Vaqif (“Vaqif”) və Otello (“Otello”) rolları onun sənət dünyasının ən parlaq nümunələridir. Bu obrazları Azərbaycan səhnəsində güclü aktyorlar ifa ediblər. Ələsgər Ələkbərovun ifasında isə onlar tamam başqa bir aləmdir. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” sənədli filmində “Vaqif” tamaşasından bir neçə epizod əks olunur. Bu parçalarda Ələsgər Ələkbərov Vaqifi o qədər təbii, o qədər canlı formada yaradıb ki, tamaşaçı aktyorun istedadına heyran olur.

Ələsgər Ələkbərov bu obrazı 28 yaşından oynamağa başlamışdı. Və illər ötdükcə Vaqif obrazının onun ifasında mənalı və dərin bir təkamül keçdiyini görürük. Aktyor bu rolu qüdrətli bir rəssam kimi tam dolğun, mənalı və səsli yaratdığına görəydi ki, indi də insanların xəyalında Vaqif məhz Ələkbərovun oynadığı Vaqif kimi canlanır. Onun ifasındakı Vaqif obrazı teatr tariximizdə qazanılan ən böyük müvəffəqiyyətlərdən biri sayılır.Ədil Isgəndərovun quruluşunda “Vaqif” tamaşası milli teatrda düz 1064 dəfə səhnələşdirilib.

“Otello” da onun aktyor yüksəlişinin başqa bir örnəyi idi. Bu rol Ələsgər Ələkbərovun yaradıcılıq qələbəsi idi. O, rejissorun yaratmış olduğu imkanlardan layiqincə istifadə etmişdi. Teatr tənqidinin o vaxt “bütün Otellolardan daha canlı insan” adlandırdığı Ələkbərov – Otellonun hər kəlməsi müstəmləkəçi imperialistlərə qarşı odlu ittiham kimi səslənirdi.

“Otello” tamaşasından Ələsgər Ələkbərovun şəkli Şekspir muzeyində indi də saxlanılır. Moskva dekadasında həmin tamaşanı seyr edən və heyran qalan ingilislər tamaşanı lentə alıb aparıblar. Tamaşa vaxtı Moskva teatrının pərdəsi alqışlardan düz 17 dəfə bağlanıb və yenidən açılıb. Bir fakt da var ki, rejissor Ə.Isgəndərov “Otello” tamaşasında baş rolu Ələsgər Ələkbərova verəndə onunla “qanlı bıçaq” imiş. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Ədil Isgəndərov haqqında “On sozdal menya” deyirmiş…

Aktyorluq istedadı məktəbdən bəlli idi

Ə.Ələkbərov məktəbdə oxuduğu illərdə tez-tez Əbilov klubundakı dram dərnəyinə getməyə başlamış, amma anası onu bu həvəsindən çəkindirmək istəmişdi. Çünki bilirdi ki, camaat “artist tayfasına yaxşı baxmır”. Sonra Ələkbərov Bakı Teatr Texnikumunda oxumaqla (1927-1930) bərabər, Bakı Türk Işçi Teatrına qəbul olundu. Bu teatr onun aktyorluq qabiliyyətinin daha da inkişaf etməsində mühüm rol oynadı.

Aktyor burada Hacı Baxşəli (“Ölülər”), ikinci bələdiyyə  (“Hücum”) kimi yaddaqalan obrazlar yaratmışdı. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Gəncə teatrlarında çalışmış, 1933-cü ildən öz yaradıcılıq taleyini indiki Akademik Milli Dram Teatrına bağlamışdı.

Teatrda işlədiyi illərdə görkəmli aktrisa Hökumə Qurbanova ilə ailə qurur. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlir. 1933-cü ildə Bakı Türk Işçi Teatrı Gəncəyə köçürülür. Gənc ailə də Bakıdan Gəncəyə köçür. Sonra onların ailə həyatı qısqanclıq üzündən dağılır.

1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti və ədəbiyyatı ongünlüyündə Vaxtanqov teatrının səhnəsində Azərbaycan Dram Teatrının kollektivi “Otello”nu oynayırdı. Bütün salonun diqqəti ən çox bir aktyora – Ələsgər Ələkbərova dikilmişdi. O, Otello rolunu oynayırdı. Ələsgər Ələkbərov Moskvada neçə-neçə Otellolar görmüş tamaşaçılar qarşısında Otello oynayırdı. Tamaşa qurtarır, pərdə bağlanır, ancaq salonu bürümüş alqış səslərinin ardı-arası kəsilmir. Moskva tamaşaçıları Azərbaycanın qüdrətli aktyorunun ifasında yeni Otello görürdülər. Bu Otello doğrudan da onların indiyədək gördüyü Otellolardan tamamilə fərqli idi. Dekadanın sonunda Azərbaycandan gələn incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilməliydi. Rəşid Behbudov, Qəmər Almaszadə, Leyla Vəkilova SSRI Xalq artisti fəxri adına layiq görülür. Hamı Akademik Dram Teatra ayrılan fəxri adın Ələsgər Ələkbərova veriləcəyini gözləyir. Ancaq bu fəxri ad teatrın rəhbəri Ədil Isgəndərova verilir. Bakıya qayıdandan sonra Ələsgər Ələkbərov teatrdan çıxmaq üçün ərizə ilə Mədəniyyət Nazirliyinə müraciət edir. Mədəniyyət naziri Məmməd Qurbanovun etirazına baxmayaraq, o, teatrdan uzaqlaşır. Ələsgər Ələkbərov bir də teatra 1959-cu ilin axırında – Ədil Isgəndərov vəzifəsindən uzaqlaşdırılandan sonra qayıdır. Ancaq sonra özü də başa düşür və etiraf edirdi: “Isgəndərovsuz teatr həmin teatr deyil”.

Ə.Ələkbərovun kinofilmlərdə yaratdığı bir sıra obrazlar Azərbaycan kinosu tarixində xüsusi yer tutur.

Hər zaman klassiklərin əsərlərindəÖzündən əvvəl səhnəyə gəlmiş aktyorlar kimi Ə.Ələkbərovun da obrazları klassiklərin – M.V.Axundov, C.Məmmədquluzadə, C.Cabbarlının ölməz, realist əsərlərindən alınmışdı. Məsələn, C.Cabbarlının Aydın, Elxan, Aqşin, Eyvaz surətlərini səhnədə ilk dəfə, özü də çox məharətlə yaratmışdı. Ələkbərov bir-birinə tam əks obrazları da məharətlə yaradırdı. Ancaq onu göstərmək kifayətdir ki, aktyor “1905-ci ildə” pyesində tamamilə bir-birinə zidd 3 rolda – Eyvaz, general, Salamov rollarında çıxış etmiş, eyni istedad və sənətkarlıqla bu rollarda istədiyinə müvəffəq olmuşdu.

Onun Vaqifi, Fərhadı, Cavanşiri, Elxanı, Kral Liri və Otellosu böyük səhnə xadimləri səviyyəsində əsl aktyor yaradıcılığı örnəkləridir. Ə.Ələkbərov öz sələflərindən öyrəndiklərinin üzərinə müasir tələb elementlərini, zamanının ritmi ilə ayaqlaşan, tamaşaçı zövqünə uyğun ünsürləri gəlməklə, mahir bir aktyor kimi şöhrətlənmişdir.

Onun tamaşalarına baxanlar uzun müddət yaratdığı obrazın təsirindən çıxa bilməzdilər. Ə.Ələkbərov səhnəmizə yeni üslub, yeni yaradıcı manera gətirdi. Onun rollarında klassik aktyor sənəti məktəbinin gözəl ənənələri yaşayır. Bu ənənələr elə aktyorun ekran qəhrəmanlarında da özünü büruzə verir.Onun üçün kino aləmi də teatr qədər sevimli idi. Yaratdığı müxtəlif xarakterli kino obrazları kinematoqrafiya tarixində silinməz izlər buraxıb. Belə deyirlər ki, Ələkbərovun ən qiymətli cəhəti kino texnikasını yaxşı bilməsində idi ki, bu da hər aktyora müəssər olmur.

Onun yaratdığı Rüstəm kişi (“Böyük dayaq”) kinomuzun əvəzsiz obrazlarındandır. Elə Fətəli xanın (“Fətəli Xan”) tarixi obrazı da Ələsgər Ələkbərovun yüksək istedad sahibi olduğuna bariz nümunədir. “Lətif”, “Almaz”, “Kəndlilər”, “Leyli və Məcnun”, “Uzaq sahillərdə” filmlərində də aktyor gözəl ekran qəhrəmanları yaratmışdı.
Ələsgər Ələkbərov milli aktyorluq sənətimizin korifeylərindəndir. Onun sənəti əsl mənada məktəbdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir