“İndiyə qədər başıma bu cür hadisə gəlməyib”
“Məni vurdular, mən də vurdum, sonra üzr istədilər”. Bu sözləri “Azadlıq”a müğənni Ədalət Şükürov deyib. Müğənni bildirib ki, nə baş verdiyi əvvəlcə ona aydın olmayıb: “Onlar özləri də bilmirdilər nə istəyirdilər. İnsident fonoqramla, mahnı ilə bağlı deyildi. Onlar heç bilmirlər ki, fonoqram nədir. İçkili idilər, məni vurdular, paylarını da aldılar. Sonra ailəlikcə məndən üzr istədilər. Mən dəfələrlə onlardan soruşdum ki, niyə belə etdiniz. Cavab verdilər ki, səhv olub, bağışlayın”.
Müğənni baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətində olmadığını deyib: “Mən elə oğlan deyiləm. Əvvəla, paylarını alıblar, ikincisi, üzr istəyiblər, bununla da məsələ bitib. Toydu da belə şeylər olur. Doğrudur, indiyə qədər mənim başıma bu cür hadisə gəlməyib. Amma neynəyəsən, bir də görürsən oldu”.
Ədalət Şükürovun döyülməsi barədə qəzetimizə daxil olan məlumatda deyilirdi ki, olay “Neon” şadlıq sarayında baş verib. Lakin dəqiqləşdirmə apardığımızdan şadlıq sarayının adını qeyd etməmişdik. Dünən apardığımız araşdırmalar zamanı bir daha əmin olduq ki, Ədalət Şükürov “Neon”da döyülüb. Lakin bununla belə hadisənin harda baş verdiyini müğənninin özü ilə də dəqiqləşdirdik. “Hadisə “Neon”da baş verib”, – deyə Ədalət Şükürov şadlıq sarayı ilə bağlı sualımıza cavabında bildirib.
Əldə etdiyimiz məlumatlara görə, “Neon” şadlıq sarayı “Rövşən Lənkəranski” kimi tanınan kriminal avtoritet Rövşən Canıyevə məxsusdur. O, şadlıq sarayının idarə edilməsini yaxın adamlarına tapşırıb.
Ədalət Şükürovu vuran şəxsə gəlincə, bu sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Bəylər Əyyubovun şəriki Qalib Məmmədovdur. O, “General Motors” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri olmaqla yanaşı, bir neçə iri obyektlərə sahibdir.
Məsələ ilə bağlı Qalib Məmmədovun da mövqeyini öyrənməyə çalışdıq, lakin səylərimiz nəticə vermədi. “Azadlıq” olaraq bildiririk ki, onu da dinləməyə hazırıq.
İnformasiya şöbəsi
***
Bəylər Əyyubovun şəriki müğənnini əzişdirib
Ədalət Şükürovun toyda fonoqram oxuması başına bəla olub
Müğənni Ədalət Şükürov döyülüb. Hadisə ötən həftənin cümə günü baş verib. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, həmin gün Bakının məşhur şadlıq saraylarından birində ölkənin tanınmış sahibkarlarından birinin oğlunun toyu olub.
Toy məclisinə iki müğənni dəvət edilib: Briliyant Dadaşova və Ədalət Şükürov. Ədalət Şükürovu məclisə toy sahibinin yaxın dostu dəvət edib. Həmin şəxs də sahibkarlıq fəaliyyətilə məşğul olur və bəzi məlumatlara görə, Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla şərikli biznesi var. Bu yerdə oxucuların diqqətinə çatdıraq ki, toy sahibinin, onun dostunun və məclisin keçirildiyi şadlıq sarayının adı bizə bəllidir. Lakin müəyyən səbəblərdən açıqlamırıq.
Ədalət Şükürovu toya dəvət edən məclis sahibinin dostu bir neçə dəfə müğənniyə mahnıları canlı səslə oxumaq barədə sifariş göndərib. Lakin müğənni Bəylər Əyyubovun şəriki olduğu bildirilən sahibkarın sifarişlərinə məhəl qoymayaraq fonoqram oxumağa davam edib. Bundan bərk qəzəblənən toy sahibinin dostu Ədalət Şükürovu cəzalandırmaq qərarına gəlib. Və toyun gedişində qəfildən müğənniyə yaxınlaşaraq onu o ki var əzişdirib. Bundan sonra isə Ədalət Şükürovu toydan qovub. Məlumatla bağlı müğənnin mövqeyini öyrənməyə çalışsaq da, səylərimiz nəticə vermədi. Bununla belə Ədalət Şükürovun baş verən xoşagəlməz hadisə barədə deyəcəkləri olarsa, dərc edə bilərik.
İnformasiya şöbəsi