“Cavad xan”ın daşı

Cavad Xan Azərbaycan türkünün qürur duyduğu 5-10 ƏR oğlundan biridir.

Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi Cavad xan general Pavel Sisianovun başçılığı altında uzun müddət Gəncə şəhərini mühasirədə saxlayan rus işğalçı qoşunlarına qarşı qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olmuşdur.

Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır.

KIŞI kimi döyüşür və oğulları ilə bərabər şəhid olur…

Istedadlı rejissor Rövşən Almuradlı “Cavad xan” filmini ərsəyə gətirəndə çox sevindim. Yaxınlarda Rövşən bəylə film barəsində geniş söhbətimiz oldu. 

Və ayrılarkən dalağım sancdı.

“Cavad xan”ı Azərbaycan tamaşaçısına az qala yasaq ediblər.
Nədən?“Mavi” müğənni Elton Conu ajiotajla Bakıya gətirənlərə, əcnəbi müğənnilərin Bakıdakı konsertlərində milyonlar xərcləyənlərə, telekanallarda tamaşaçılara səhərdən-axşama əttökən, ürəkpartladan, şit şoular ərməğan edənlərə, millətin tarixindən bixəbər vəzifəlilərə sualım var.Cənablar, Cavad xanı tarixdən silmək fikrindəsiniz, yoxsa?

Bu millətin tarixinin barmaqla sayılan qürurverici səhifələrinin üstündən xətt çəkməklə nə demək istəyirsiniz?

Cavad Xanın ruslara qarşı vuruşmasını həzm edə bilmirsiniz, bəlkə?

70 il bu millət “26-lar”, “Qatır Məmməd”, “Qaçaq Nəbi”, “Bakılılar”, “Komissarın ürəyi”… və daha nələrə baxmağa vadar edildi. 

Nə Cavad xan yada düşdü, nə Soltan bəy.

Cavad Xan, Soltan Bəy kimi cəsur sərkərdələr qonşu Qərbi demirəm, millətlərdə olsaydı, şişirdə-şişirdə seriallar çəkərdilər.Çəkirlər də.

Biz bacarmırıq?

Bacarırıq. Sadəcə, içimizdə yaşatdığımız naqislik imkan vermir ki, millətimizin başını uca etmiş kişilərin adları qan yaddaşımıza hopsun.Rejissor Rövşən Almuradlının “Cavad xan” filmində gənc nəslin milli oyanışına çox ciddi təsir göstərən süjetlər var. 

Qanı ilə vətənə, dövlətə və millətə bağlı olan Rövşən bəy filmin Azərbaycandan kənarda coşqu ilə qarşılandığını vurğuladı.

Bakıda, rayon mərkəzlərində isə “Cavad xan” filminin nümayişinə imkan yaradılmır.

Baxanlar bilir, filmin mahiyyətində, fəlsəfəsində işğalçılara qarşı savaş durur, milli özünüdərk dayanır.

Torpaqların 20 faizi işğalda olduğu bir zamanda Azərbaycan vətəndaşlarına, xüsusən, gənc nəslə vətənpərvərlik hisslərinin aşılanmasında “Cavad xan” filminin müstəsna rolu ola bilər.

Fəqət imkan vermirlər.

Moskvadan bir “molodes” eşitməkdən ötəri sinov gedənlərin, “TÜRK” məfhumuna düşmən kəsilənlərin daş olub başına düşüb sanki “Cavad xan”…Cavad Xan dövlət adamı, sərkərdə və nəhayət, bir türk olaraq 30 minlik qoşunla rusların 80 minlik ordusunun qarşısına çıxdı.O vaxt ləzgi şamxalları və gürcü çarı bir yana, Şəki və Qarabağ xanları

Cavad Xanla eyni səngərdə dayansaydı, nələr baş verərdi? Bəlkə də qüdrətli bir Azərbaycanın bünövrəsi qoyulardı.
Dayanmadılar. 

Və o xəyanət, canını, malını Azərbaycandan artıq sayanların satqınlığı məhz Azərbaycanın məğlubiyyəti ilə nəticələndi.Qorxaqlıq, riyakarlıq, hər türlü naqisliklər mentalitetimizdə yuva saldı və sonucda xalq olaraq qaldıq, millət ola bilmədik.Millət olsaydıq, “Cavad xan” TÜRKü sevməyənlərin senzurasından keçərdi.Millət olsaydıq, şahsevən olmazdıq.Millət olsaydıq, torpaqlarımızın beşdə biri düşmən əsirliyində qalmazdı.