Baykal Kılıçdaroğluna hücum etdi

CHP-nin parçalanacağı haqda iddialar ortaya çıxıb

 

Türkiyədə seçkilərdən iki gün keçməmiş siyasi gündəm qızışıb. Mövzuların mərkəzində isə ana müxalifət partiyası CHP-dir. Partiyanın yeni lideri Kamal Kılıçdaroğlu seçkidən uğurla çıxdıqlarını bəyan etsə də, uğursuzluq yaşandığını deyib ona hücum edənlər də var. Ən əsası CHP-nin keçmiş sədri Dəniz Baykal da partiyanın bu seçkidən ziyanla çıxdığını deyənlər sırasındadır.
Dəniz Baykal Türkiyə qəzetlərinə açıqlamasında CHP-nin qazandığı səs faizindən razı qalmadığını deyərək nəticələri partiya üçün məyusedici adlandırıb. Keçmiş sədr nəticələrə görə CHP-nin hazırkı rəhbərliyini tənqid edib.
Kamal Kılıçdaroğlunun ünvüna “özünü aldatma” deyə səslənən Baykal nəticələri belə qiymətləndirib: “Ortada CHP adına bir başarı yox. Mənim sədr olduğum dönəmdə hazırlanan son anketdə CHP-nin səsi 29 faiz idi. İndi isə 26 faizə endik. Biz səs itirdik, AKP isə səsini artırdı. Problemi həll etmək istəyiriksə əvvəlcə xəstəliyi doğru müəyyən etməliyik. Başarılıyıq deyib özünü aldatmaq böyük səhvdir. Ortada bir başarı yox”.
Baykal Kılıçdaroğlu və komandasını tənqid edərək deyib: “Təşkilata bir quruş para vermədilər. Əllərini-qollarını bağlayıb durdular, hərəkət etmədilər. Seçki kampanyası zamanı seçiciyə heç bir mesaj verilmədi. “Çıx televizyaya dartışaq” deyildi. Əldəki bir neçə layihə də yaxşı anladılamadı. Partiya sədri bir nəfərin şousu şəklində kampaniya apardı. Namizədlərin heç biri doğru düzgün çalışmadı”.
Bu arada CHP-nin siyahısından millət vəkili seçilən bir qrupun ayrılaraq ya Demokrat Partiyasına keçəcəyi, ya da yeni bir partiya quracağı haqda iddialar ortaya çıxıb. “Vətən” qəzetinin yazarı Zülfü Livaneli öz köşəsində kulis söhbətlərinə istinadla yazır ki, hazırda həbsxanada olan və CHP-nin siyahısından millət vəkili seçilən Mehmet Haberalın başçılığı ilə bir qrup partiyadan ayrılacaq. Livaneli ayrılacaq qrupun fraksiya yarada biləcək sayda olduğunu iddia edir. Yazar həmin qrupun CHP siyahısından parlamentə salınması və sonradan oradan CHP-dən ayrılması planının arxasında “illərin qoca qurdu” adlandırdığı Süleyman Dəmirəlin durduğunu bildirir.