Polis intiharının tükürpədici sirri

Özünü güllələdiyi deyilən serjant Asim Baxşıyevin ailə üzvləri «Azadlıq»a nələr danışdı?

“Ondan üzə durmaq tələb olunurdu; maaşından hər ay 250 manat kəsilirdi; rayonun mərkəzi bazarının rəhbəri Varis Məmmədovu şərləmək əmri verilmişdi…”

Iyunun 9-da Ağsunun Daşdəmirbəyli kəndinin sakini, 1985-ci il təvəllüdlü polis serjantı Asim Baxşiyevin özünü öldürməsi ilə bağlı məlumat yayıldı. Daxili Işlər Nazirliyinin yaydığı məlumata görə, Asim Baxşiyev həmin gün saat 21:40 radələrində Ağsu rayon Polis Şöbəsinin inzibati binasının qarşısında, Dövlət Yol Polisinə məxsus “Wolksvagen-Passat” markalı avtomobildə xidməti silahı ilə özünü güllələyib. Polis serjantı sağ gicgah nayihəsindən aldığı güllə yarası ilə avtomobildə keçinib. Mərhumun meyiti təxminən bir saatdan sonra həmin ərazidən keçən rayon sakini aşkar edib və bu barədə polisə məlumat verib. Mərhum iyunun 10-da doğulduğu Daşdəmirbəyli kəndində torpağa tapşırılıb.

“Rəis onu işdən çıxmağa vadar edirdi”

Bu hadisə Ağsuda uşaqdan-böyüyə qədər hər kəsin müzakirə mövzusuna çevrilib. Heç kim Asimin intihar etməsinə inanmır. Rayonda hadisə ilə bağlı müxtəlif versiyalar səslənir. Olayın təfərrüatlarını öyrənmək üçün mərhumun yaşadığı kəndə getdik.
Kənddə qonşularla bir az söhbət edəndən sonra yas mərasimi olan ocağa baş çəkdik. Evin böyük oğlu Rəfail Baxşiyev qardaşının belə bir hərəkət etməsinə inanmır. O, hər gün Asimi işə apardığını deyir: “Hər səhər ruh yüksəkliyi ilə evdən çıxıb işə gedirdi. Özünə ev də tikdirirdi. Ev hazır olandan sonra ailə quracaqdı. Özünün imkanı o qədər də yaxşı olmadığından evin tikintisinə atam da kömək edirdi. Elə ölən gün atamdan aldığı pul da cibində qalmışdı. Evdən pul almışdı ki, evi üçün sifariş verdiyi qapıların pulunu ödəsin. Hadisə baş verən gün onu polis şöbəsinin qarşısında düşürtdüm. Hər gün işdən çıxanda zəng edirdi, gəlib onu götürüb evə qayıdırdıq. Ancaq ayın 9-da Asimdən zəng gəlmədi”.
Asimin hansısa problemi olsaydı, ailəsinə bildirirdi. Hadisə baş verəndən iki saat sonra ailəsinə xəbər verilib ki, Asim özünü vurub: “Ümumiyyətlə, Asimin intihar etməsini ağlıma gətirmirəm. Çünki qaradşım problemi olsaydı ən azı mənə deyərdi. Onun yalnız polis rəisi və qərargah rəisi ilə problemi vardı. Son vaxtlar bu iki şəxs onu çox narahat edirdi. Rəis onu işdən çıxmağa məcbur edirdi. Asimin yalnız problemi bu olub”.
Hadisə baş verməzdən az öncə qardaşı Ağsu rayon polis şöbəsinin rəisi Hatəm Hacıyevin otağında olub. Həmin vaxt orada qərargah rəisi Qorxmaz Məmmədov və rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin rəisi Kərəm (soyadını dəqiqləşdirə bilmədik – R.D) də olub. Hər üçü Asimi təhqir edib, işdən çıxması haqqında ona ərizə yazdırmaq istəyiblər. O isə həmin vaxt ərizəni könüllü yazmaq istəməyib. Polis rəisi və digər iki nəfərin təhqirlərinə dözməyib otağı tərk edib. Yalnız bunu deyib: “Bir neçə dəqiqədən sonra gəlib ərizəni yazacam”. O, xidməti silahını da götürüb maşınına gedib. Bir saatdan sonra isə Asimin meyiti xidməti avtomobilindən tapılıb. Məlumata görə, Asim hadisədən əvvəl, yəni saat 21:00-da sıra baxışında olub. Sıra baxışından sonra polis rəisi Hatəm Hacıyev əsəbi halda onu otağına çağırıb.

Asim Baxşıyevin düşdüyü qara siyahı

Ailəsi deyir ki, Asimlə polis rəisi arasında mübahisə barədə hələ çox əvvəl məlumatlı olublar. Ancaq işin belə nəticələnəcəyi heç kəsin ağlına gəlməzmiş. Onunla Hatəm Hacıyev arasında mübahisə isə bir neçə ay əvvəl başlayıb. O, rayona polis rəisi təyin edilən gündən tabeçiliyində olan bütün şəxsləri çağırıb onlardan rüşvət yığmağı, dinc sakinləri şərləməyi tapşırıb. Hatəm Hacıyev Asim Baxşiyev və başqa yol polislərinə sürücülərlə amansız davranmağı tapşırıb. O isə bunu qəbul etməyib. Məhz buna görə Asim Baxşiyev də rəisin “qara siyahı”sına düşüb. Hətta o, ölümündən 10-15 gün əvvəl bu barədə dostlarına da deyib. Belə ki, Hatəm Hacıyev rayondakı sahibkarları və digər imkanlı şəxsləri əsarət altında saxlamaq üçün onları min bir bəhanə ilə həbs etdirmək istəyib. Təxminən bir ay əvvəl rayonda məşhur olan həkimlərdən biri avtomobilində baş verən qəfil nasazlıqdan qəza törədib. Hadisə yerinə ərazidə növbədə olan Asim və digər yol polisi gəlib. O, hadisənin həqiqətən də nasazlıqdan törəndiyini müəyyən etdikdən sonra olduğu kimi qeydiyyata alıb. Ancaq polis serjantının belə hərəkəti rəisə xoş gəlməyib. Hatəm Hacıyev Asim Baxşiyevə qəzanı avtoxuliqanlıq kimi qeydiyyata almağı əmr edib. O isə bu işə qol qoymayıb. Gözümçıxdı da elə bundan sonra başlayıb. Rəis polis serjantına polisdən şərlənərək təxris ediləcəyini bildirib. Bundan sonra rəisin tapşırığı ilə Asim Baxşiyev dəfələrlə növbədənkənar gecə növbəsinə təyin olunub.

İş yoldaşının üzünə durmadı

Asim Baxşiyevlə Hatəm Hacıyev arasında problem bununla bitməyib. Yas yerində olanda daha bir məlumat aldıq. Sən demə, Hacıyev Baxşiyevi yenidən “şərləmə əməliyyatı”na cəlb edib. Məlumata görə, son günlər rəis polis serjantını iki “iş”ə sövq edib. Bunlardan rayonun mərkəzi bazarının sahibi, iş adamı Varis Məmmədovun şərlənməsi olub. Hadisədən bir neçə gün əvvəl Hatəm Hacıyev Asim Baxşiyevə tapşırıq verib. Iş isə belə olmalı imiş – Asim Baxşıyev Varis Məmmədovun avtomobilini saxlatdırmalı, əynindəki polis geyimini cırmalı və hadisə yerinə polis qüvvəsi çağırmalıymış. Bundan sonra sahibkar polis əməkdaşına tabe olmamaq və polisə zor tətbiq etmək ittihamı ilə həbs edilməli imiş. Ancaq Baxşiyev Hacıyevin bu planını qəbul etməyib. Rəis bundan əsəbiləşərək dərhal tapşırıq verib ki, Asim bir həftə fasiləsiz gecə növbəsində saxlanılsın. Bir həftədən sonra isə ona öz iş yoldaşının üzünə durmağa məcbur ediblər.
Asim başına gətirilənləri dost-yoldaşlarına da danışıb. Sonuncu “iş”də Hatəm Hacıyev Asim Baxşiyevi çağıraraq “ya dediklərimi edəcəksən, ya da şərlənib ömürlük həbsə gedəcəksən” deyib. Rəis təklif edib ki, Asim Baxşiyev iş yoldaşı olan digər polis əməkdaşının üzünə dursun və onu rüşvət alanda gördüyünü söyləsin. Polis serjantına bu “iş”in müqabilində normal iş şəraiti və pul mükafatı da təklif edilib. Ancaq Asim buna razı olmayıb…

Rəisin planları…

Rayonda olanda öyrəndik ki, Hatəm Hacıyev də yasda iştirak edib. Polis rəisi yas mərasiminə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, rayon prokuroru Salman Məmmədli və digər vəzifəlilərlə birgə gəlib. Ancaq polis rəisi mərasimə daxil olandan yas mağarını tərk edənə qədər heç kimlə bir kəlmə də danışmayıb. Iş o qədər kritik həddə çatıb ki, Hatəmi Hacıyev mərhumun atası Ərəstun Hacıyevin üzünə belə baxa bilməyib.
Hacıyev istintaqı yayındırmaq üçün maraqlı planlar qurub. Hazırda polis rəisi Asim Baxşiyevin iki səbəb üçün özünü öldürməsi barədə faktları “üz”ə çıxarır. Onlardan biri Asim Baxşiyevin rüşvət alması barədə polisə məlumat çatıb, o, bundan xəbər tutub və özünü öldürüb. O, hətta Asim Baxşiyevin cibindən tapılan (atasından aldığı qapıların pulu – R.D) pulun həmin rüşvət olduğunu təsdiqlətdirmək istəyir. Ikinci plan isə belədir – Asim Baxşiyevin rayonda hansısa fahişə ilə əlbir olması barədə polisə məlumat daxil olub və bu barədə ona məlumat verilib. Polis serjantı da həbsindən qorxub özünü öldürüb.

***

Polis rəisi bundan başqa Asim Baxşiyevin maaşının 450 manatının 250 manatı alırdı. Hatəmi Hacıyev işçilərinə əlavə haqq qoyur. Onlara başqa işlər tapşırır, idarədə təmir adıyla pul yığır…
Bu, bizim araşdırmamız nəticəsində ortaya çıxan məqamlardır. Qarşı tərəf deyilən ittihamlarla razılaşmırsa, mövqe sərgiləyə bilər…

Ramin DEKO,
Bakı-Ağsu- Daşdəmirbəyli-Bakı