II Abdulla ölkədə siyasi və iqtisadi islahatların keçiriləcəyinə söz verdi
Siyasi azadlıqlar və sosial tələblərlə keçirilən xalq etirazlarının ərəb dünyasını bürüməsi İordaniya kralı II Abdullanı qorxuya salıb. İordaniya kralı ölkədə geniş siyasi islahatlar aparılacağını bəyan edib.
II Abdulla hökumətin formalaşdırılması qaydalarını dəyişmək sözü verib. İdarəçiliyinin 12-ci ildönümü günü televiziya ilə çıxış edən İordaniya kralının sözlərinə görə, gələcəkdə hökuməti parlament seçkisində qalib gələn partiya formalaşdıracaq. Yeni qayda hazırda xüsusi dövlət komitəsinin hazırladığı qanunda müəyyən olunacaq.
İordaniya kralı müraciətində ölkədə iqtisadi islahatlar aparılacağını da bildirib. O, islahatların nə vaxt gerçəkləşəcəyini dəqiqləşdirməyib və qeyd edib ki, tələskənlik ölkəni xaosa sürükləyə bilər.
Xatırladaq ki, İordaniyanın hazırkı qanunvericiliyinə görə, nazirləri, həmçinin baş naziri kral təyin edir. Yanvarın sonunda İordaniyada hökumətin iqtisadi siyasəti və qiymətlərin qalxması əleyhinə kütləvi nümayişlər keçirilmişdi. II Abdulla fevralın 1-də hökuməti istefaya göndərib və yeni baş nazir təyin edib.
İnformasiya şöbəsi



