Səfir Azərbaycanda problem yarada biləcək təhlükənin olacağını deyir
Vəfa Quluzadə: “İran və Rusiya təhlükə mənbəyidir”
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ölkəsinin Xəzər dənizinin enerji infrastrukturunun müdafiəsi məqsədilə öz təcrübəsini bölüşməyə hazır olduğunu deyib. Səfirin sözlərinə görə, ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcındadır. Amerika Xəzərdəki enerji infrastrukturunun müdafiəsində Azərbaycana kömək etməyə hazırdır. Brayza istənilən an gözlənilməz risklər yarada bilən hadisələrin baş verə biləcəyini də deyib.
Xəzərin dibinin bölünməsi, sərhədlərin müəyyən edilməsində Azərbaycanın Iran, Rusiya, hətta Türkmənistanla da problemi var. Bəs ABŞ səfirinin dediyi risklər hansılardır?
Politoloq Vəfa Quluzadə Azərbaycanın iki tərəfdən təhlükəyə məruz qala biləcəyini deyir. Ilk təhlükə mənbəyi Irandır. Çünki bu qonşu dövlət dəfələrlə Azərbaycanın hava sərhədlərini pozub. Xəzərdə isə onun hərbi gəmi və katerləri var. Digər tərəfdən, Rusiya Həştərxanda öz hərbi donanmasını modernləşdirib və mütəmadi olaraq təlim keçirir. Bunu da nəzərdən qaçırmaq lazım deyil.
Ekspertin fikrincə, Metyu Brayzanın təkliflərini Azərbaycanda həyata keçirmək üçün səy göstərmək lazımdır: “Məsələn, Abşeronda ABŞ-ın hərbi bazası ola bilər. Bu, hər iki tərəfdən gələn təhlükənin qarşısını ala bilər. Yaxud Xəzərdə mini donanma yaradıla bilər. Orada bir neçə müasir sualtı qayıq, torpedo daşıyan katerlər olması mümkündür. Pentaqonda bunu daha yaxşı bilərlər”.
Ekspert Azərbaycanın ABŞ üçün önəmli strateji bir məkan olduğunu və bura onun iki düşməninin göz dikdiyini vurğuladı. Bu səbəbdən də Azərbaycanın maraqları Amerikanın maraqlar ilə üst-üstə düşür: “Azərbaycan istəmir ki, nə Rusiya, nə Iran tərəfdən hərbi aksiyaya məruz qalsın. Rusiya nəyə qadir olduğunu Gürcüstanda göstərdi. Onun Cənubi Qafqazda real təhlükə olması məlumdur. Amma biz nədənsə buna göz yumuruq”.
V.Quluzadə 1999-cu ildə verdiyi bəyanatı da xatırlatdı. Ekspert o zaman NATO-nun Abşeronda baza yerləşdirilməsi ilə bağlı təklifini nüzürdü tutur. Bu təklif ABŞ və NATO-da müzakirə edilib. Eyni zamanda tüklif Rusiya və Iranın etirazına səbəb olub.
Politoloqun sözlərinə görə, Azərbaycan ABŞ-la münasibətlərindən ciddi şəkildə istifadə etməlidir ki, təhlükə mənbəyi olan qonşular bura yolun bağlı olduğunu anlasın: “Indi vəziyyət olduqca kövrəkdir. Ramiz Mehdiyevi Moskvaya dəvət ediblər. Rusiya öz təmənnalarını Azərbaycan hökumətinə çatdıracaq. Bu da yüngül təmənnalar olmayacaq. Ona görə biz də ayıq olmalıyıq”.
ABŞ-ın təhlükəsizlik sahəsində Azərbaycana yardım etdiyini xatırladan iqtisadçı-ekspert Ilham Şaban isə təcrübədə onlardan yararlanmadığını qeyd etdi: “2001-ci ilin iyulunda ”Araz-Alov-Şərq”də işlər gedən zaman Iranın iki hərbi kateri Azərbaycan gəmilərinin BP-nin kontrakt sahəsindən çıxmağa məcbur etdilər. O zaman faktiki olaraq Qərb səsini çıxarmadı. Ona görə də praktik işə çatanda heç kim heç kimin arxasında dayanmır”.
Ekspert buna misal kimi 2008-ci ildə Gürcüstanda baş verən hadisələri göstərdi: “Gürcüstanla nə qədər müqavilə var idi. Ancaq təhlükə yarananda heç kim onun ərazi bütövlüyünü qorumadı”.
Fizzə