Dindar insan təbiətə sevgi ilə yanaşmağa borcludur

Din və Demokratiya Mərkəzi Xəzər Universitetinin “Dünya” məktəbində “Ekologiya və mənəviyyat” mövzusunda tədbir keçirib

Din və Demokratiya Mərkəzi Bakı şəhəri “Soltan Əli” məscidində “Ekologiya və mənəviyyat” mövzusunda tədbir keçirdi.

Mərkəzin sədri Nəriman Qasımoğlu məscidə toplaşan dindarlar qarşısında “Quran ayələri və təbiətlə davranış etikası” mövzusunda məruzə etdi. Məruzəçi öz çıxışına müqəddəs Kitabımızda təbii varlıqlara verilən Tanrı andları ilə başladı. “Ət-tin” (“Əncir”) surəsindən “And olsun əncirə, zeytuna, and olsun Sinay dağına…, ən gözəl bir biçimdə yaratdıq insanı” ayəsini sitat gətirərək qeyd etdi ki, Rəbbimiz xitab etdiyi insanı onu gözəl bir şəkildə yaratdığına inandırmaq üçün bitkilərə, təbiətdəkilərə and verməklə həm də and içdiklərinin bir növ müqəddəsliyini də təlqin etmiş olur. Bu həqiqəti dərk edən dindar insan təbiətə sevgi ilə yanaşmağa borcludur. N.Qasımoğlu uca Yaradanın təbiətə vurduğu rəngləri, qoyduğu ahəngi, yaratdığı tarazlığı pozmaq cəhdlərini Ona qarşı asilik kimi dəyərləndirərək inananların diqqətini Qurandakı digər ayələrə də yönəltdi.

Sonra mərkəzin sədr müavini Vasif Sadiqli çıxış etdi. O, Azərbaycanlıların milli düçüncə qaynaqlarında ekoloji dəyərlərə verilən önəmdən danışdı. V.Sadiqli bədii ədəbiyyatımız və ekologiya məsələsinə toxunaraq dindarların diqqətini Azərbaycan ədəbiyyatında təbiətə sevgi ilə yanaşmağın, onu qorumağın zəruriliyi haqqında nümunələrə cəlb etdi. Dindarlar qarşısında çıxış edənlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyası İnsan haqları İnstitunun şöbə müdiri Ə.Qurbanov oldu. O, tədbirin əhəmiyyətini qeyd edərək əhalinin ekoloji şüurunun formalaşmasında dini-mənəvi dəyərlərə müraciətin, bu dəyərlərin təbliğinin vacib rolundan danışdı. Tədbirin rəsmi hissəsi başa çatandan sonra dindarlarla məsciddə  mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Əhalinin ekoloji şüuru və tərbiyəsinə mənəvi dəyərlərin təsiri mexanizmlərinin yaradılması” layihəsi çərçivəsində gerçəkləşdirilib.