Belarusda xalq etirazları güclənir

Lukaşenkonun qərarları ölkədəki gərginliyi artırdı

Belarus diktatoru Aleksandr Lukaşenkonun bəzi məhsulların ixracı və idxalına qadağa qoyulması haqda qərarı ölkədə ciddi narazılıq yaradıb. Belarusun Polşa ilə sərhəddə yerləşən Qrodno vilayətində sürücülər etiraz aksiyası keçirib.
“Bruzqi” sərhəd-buraxılış məntəqəsinə gedən yolu bağlayan sürücülər hökumətin məlum qərarına etirazlarını bildiriblər. Aksiyanın dağıdılması üçün əraziyə xüsusi təyinatlılar (OMON) gətirilib. OMON-çular aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Etirazçılardan bəziləri həbs olunub. Onların məhkəmə qarşısına çıxarılması gözlənilir.
Lukaşenkonun qərarına etiraz edən sürücülər aksiya zamanı əl-ələ tutaraq OMON-çuların qarşısında dayanıb dövlət himnini oxuyublar. Lakin xüsusi təyinatlılar aksiyaya sərt müdaxilə edərək sürücüləri döyməklə ərazidən uzaqlaşdırıblar.
“Teleqraf.by” xəbər portalının məlumatına görə, insanların etirazına səbəb hökumətin Belarus istehsalı olan makaron, sement, kimyəvi materiallar və s. məhsulların ölkədən çıxarılmasını qadağan etməsi olub. Sərhəddə yerləşən Qrodno sakinlərinin əsas gəlir mənbəyi məhz məhsulların ixracından asılıdır. Sakinlər Lukaşenkonun məlum qərarından sonra iki gün ardıcıl sərhədi keçmək istəyən maşın və avtbousların hərəkətinə maneələr törədib.
Xatırladaq ki, bir neçə gün öncə Belarusun paytaxtı Minskdə sürücülər yanacağın qiymətinin artırılmasına etiraz əlaməti olaraq aksiya keçirmişdi. Onların etirazından sonra Aleksandr Lukaşenko yanacağın qiymətinin aşağı salınması haqda sərəncam imzalamışdı.
Əlavə edək ki, demokratiya və insan haqlarını kobud şəkildə məhdudlaşdırdığına görə Qərb ölkələrinin Belarus hakimiyyətinə qarşı siyasi və iqtisadi sanksiyaları ölkədəki vəziyyəti ağırlaşdırıb. Belarus son illərin ən ağır iqtisadi böhran dövrünü yaşayır. Ölkə valyutasının dəyəri 50 faizə qədər aşağı düşüb, ərzaq qıtlığı yaranıb. Belarus hökuməti yaranmış vəziyyətdən çıxmaq üçün Beynəlxalq Valyuta Fondundan (BVF) 3-8 milyard dollar arası kredit ayrılmasını istəyib. Lakin hələ ki, BVF bu barədə qərar qəbul etməyib.

Informasiya şöbəsi