Bakının qaz şəbəkəsi “Qazprom”un əlinə keçir

Əkbər Hacıyev: «Hazırda bu şirkətlə imzalanacaq müqavilənin hazırlanması prosesi gedir»

Rusiyanın “Qazprom” şirkəti Almaniyanın ən böyük enerji konserni “E.ON”un və onun törəmə şirkəti olan “E.ON Ruhrgas”ın səhmlərini almaqda maraqlıdır. Məlumata görə, bu barədə “Qazprom”un rəhbəri Aleksey Müller Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə bildirib.
Hələlik “Qazprom”un konkret təkliflə çıxış etmədiyinə baxmayaraq, artıq alman siyasətçiləri və ekspertləri “Qazprom”un bu niyyətinə münasibət bildirməyə başlayıblar.
Ekspertlər bu alqı-satqının ölkə iqtisadiyyatı üçün müsbət nəticə verəcəyini desə də, digərləri məsələnin antiinhisar və rəqabət qanunvericiliyi baxımından araşdırılmasını vacib sayırlar. Bununla yanaşı, hələlik “E.ON” şirkətinin özünün də bu niyyətə münasibəti məlum deyil.
Qeyd edək ki, “Qazprom”un bu təşəbbüsü baş tutarsa, onun nəticələri özünü Bakı və Abşeronun qaz şəbəkələrinin idarə olunmasında da göstərə bilər. Qeyd edək ki, bir qədər əvvəl “Azəriqaz” Istehsalat Birliyi Bakı və Abşeronun qazpaylayıcı şəbəkələrinin yenidən qurulması üçün podratçı şirkətin seçilməsini başa vurub. Seçim Almaniyanın “E.ON” və “RWE” şirkətləri arasında aparılıb.
“Azəriqaz” Əkbər Hacıyev APA-ya bildirib ki, bu seçimdə “E.ON” şirkəti qalib gəlib:”Hazırda bu şirkətlə müqavilənin hazırlanması prosesi gedir”. Planlara görə, qalib şirkətlə birgə müəssisənin yaradılması nəzərdə tutulur.