Rövşən Rüstəmovun öldürülməsi ilə bağlı yeni təfərrüatlar
“Bizi hələ istintaqa çağırmayıblar, çağırsalar, mətbuata dediklərimizi müstəntiqin də nəzərinə çatdıracağıq”. Bu sözləri “Azadlıq”a iyunun 8-də qətlə yetirilən iş adamı Rövşən Rüstəmovun qardaşı Elşən Rüstəmov deyib. Xatırladaq ki, Rövşən Rüstəmovu başqa bir iş adamı Nadir Orucov qətlə yetirib. Nadir Orucov istintaqa ilkin ifadəsində bildirib ki, Rövşən Rüstəmovun qətlə yetirməsinin səbəbi ikincinin söyüş söyməsilə bağlıdır. Lakin mətbuatda yayılan məlumatlarda olaya səbəb Nadir Orucovun Rövşən Rüstəmova külli miqdarda borcunun olması göstərilir.
Mərhumun qardaşı da hadisə ilə bağlı ilk dəfə “Azadlıq”a açıqlama verəndə Nadir Orucovun Rövşən Rüstəmova 440 min manat borcu olduğunu deyib. Elşən Rüstəmov bildirib ki, tikinti biznesilə məşğul olan qardaşı Muğan Kərimov adlı şəxs üçün şadlıq sarayı tikibmiş. Həmin şadlıq sarayının sənədləşdirilməsi üçün Muğan Kərimov Rövşən Rüstəmova 440 min manat, mərhum da bu pulu sənədləşmə işini üzərinə götürən Nadir Orucova verib. Lakin nə Nadir Orucov nə üzərinə götürdüyü işi yerinə yetirib, nə də pul qaytarıb. Muğan Kərimov da Rövşən Rüstəmovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Mərhum olayla bağlı bir neçə dəfə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə(MCQMI) çağırılıb. Lakin günahsız olduğundan sərbəst buraxılıb.
Elşən Rüstəmov dünən bizimlə söhbətində anası Nübar Rüstəmovanın “Yeni Müsavat” qəzetinə dediklərinə də aydınlıq gətirib: “Anamın söylədikləri faktdır. Doğrudan da Bakı Şəhər Icra Hakimiyyətinə Nərminə adlı bir qadın var və sənədləşmə işlərini onun vasitəsilə aparılır. Nadir Orucov da pulu bu qadına verib. Məndə olan məlumata görə, bu qadının özünün xeyli adama borcu var. Sənədləşmə üçün pul alıb, süründürməçilik edir. Biz bütün bunları istintaqın da nəzərinə çatdırmağı düşünürük”.
Rövşən Rüstəmovun ailəsi hesab edir ki, mərhum xüsusi planla aradan götürülüb.
Nərminə adlı həmin qadınla bağlı araşdırma apararkən bəlli oldu ki, bu qadın Bakı Şəhər Icra Hakimiyyətinə tutduğu vəzifəyə görə deyil, çox güclü himayədarları olduğundan tikinti işləri ilə bağlı sərəncamlar hazırlatdıra bilir. Məlumatlara görə, Hacıbala Abutalıbov bu qadının bir sözünü iki etmək cəsarətində deyil. Məlumatlarda bildirilir ki, bu xanımın bircə imzası kifayətdir ki, Hacıbala Abutalıbov istənilən yerə sərəncam versin. Nərminlə adlı həmin xanımla əlaqə yaratmaq istəsək də, nəticə vermədi. Yalnız onun Rufan adlı köməkçisinin mobil telefonunu əldə edə bildik. Lakin gün ərzində onun telefonu bağlı oldu. Növbəti sayımızda onunla əlaqə yaradıb Rüstəmovlar ailəsinin iddiaları ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq.
Rövşən Rüstəmovun Nadir Orucovla aralarında olan borc məsələsinə görə MCQMI-yə çağırılması ilə bağlı DIN-lə əlaqə saxladıq. Burada maraqlı məqam ondan ibarətdir ki, MCQMI-də Rövşən Rüstəmov ifadəsində məsələnin nə yerdə olduğunu ifadəsində göstərib. Lakin qurum Rövşən Rüstəmovu sərbəst buraxmaqla kifayətlənib. Qarşı tərəf dindirilməyib və iş yarımçıq bağlanıb. Ehsan Zahidov isə “Azadlıq”a açıqlamasında bildirib ki, onda bu barədə məlumat yoxdur: “Açığı bu barədə məndə məlumat yoxdur. Ola bilər ki, Rövşən Rüstəmovdan şikayət olunub, çağırıblar deyilənlər təsdiqini tapmayıb və sərbəst buraxıblar. Lakin yenə də deyirəm ki, bu barədə bizdə hər hansı məlumat yoxdu. Onu da əlavə edim ki, bu hadisədə polis üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Cinayəti törədən şəxsin kimliyini müəyyənləşdirilib və tutularaq istintaqa təhvil verilib”.
İnformasiya şöbəsi


