Ilham Əliyev yenidən ziyalı alqışına tuş gəlib. Çəpər dibində, bulaq başında alqış-qarğış eləyən qarılar yalan olub, bizim ziyalılarımız gerçək. Girişiblər folkloru dirçəltməyə. Amma bunu da yazılı şəkildə eləyirlər. Yaş senzinin ali məktəblərə və tədqiqat mərkəzlərinə aid olunmasına görə Ilham Əliyevə alqış və dualarını yağdırıblar. Dərin hörmətlərini ifadə etmək üçün bir siyahı düzəldib, dövlət qəzetlərində çap da etdiriblər.
Onların adlarını bura yazmağa bir hacət də yoxdur. Fəqət obrazlı şəkildə demək olar ki, belə ziyalının yüzünü biri təmsil edə bilər. O biri də ancaq yaltaqlanmağa yarayır. Bu adamlar müstəqil düşüncə, qeyri-standart təfəkkür tərzi, çevik məntiq sahibləri kimi cəmiyyətə sırınaraq, cəmiyyətin qanını sorurlar. Elmin, təhsilin boynuna zəli kimi yapışıblar. Padşahlar və yaltaqlar tandeminin ayrılmazlığı onların varlığının tək səbəbidir.Hətta qapaqaçan dəstəyin belə, xaricdən alındığı bir ölkədə fizika üzrə 100-dən çox professor varsa, burada fəlsəfə və ya iqtisadiyyat alimlərindən danışmaq olarmı? Bu alimlər ancaq və ancaq yaltaqlığın yeni formalarını tapmaqla məşğul və məşhur olurlar.
Abel Məhərrəmov neçə gündür zəncir qırır və ya vurur ki, qıymayın bu ziyalılara, söndürməyin bu dibinə işıq sala bilməyən çıraqları, qaraltmayın onların yıxdığı evlərin kərpiclərinə göz tikənlərin həyatını. Axırda da təşəkkür gəlir Ilham Əliyevə. Qədirbilməzliyin bu dərəcəsi də olmaz yəni?! Heç olmasa, altına bir cümlə yazaydılar ki, filankəsin də balasını Allah saxlasın. Bir kəlmə alqışdı da, gəlir vergisi tələb eləmir ki… Onsuz da gəliriniz oldu. Şəmsəddin Hacıyevin onsuz da alqışa-qarğışa qarşı vaksini var, adamını tapıb işini görür. Amma Abel müəllimin vəziyyəti xeyli qəlizdir axı. Onun hər an dəstəyə ehtiyacı ola bilər. Bir dua nədir ki, əsirgəyirsiniz? Onsuz da sizin üçün nə fərqi var, fərariyə “Milli Qəhrəman” deyən adamlarsınız… Deyin ki, kimya elmini Abel Məhərrəmov xilas edib. Edə bilməz ki?! Vallah əlindən gəlsə, edər. Onun da alın yazısı budu da. Bir az qədirbilən olmaq pis olmazdı.
Uşaq vaxtı “Zorro”ya baxanda fikirləşirdim ki, bunun atı özündən qoçaqdı. Məntiqi əsaslandırmam da vardı, təbii ki. Çətin vəziyyətlərdə həmişə at özünü yetirir, igidi vəziyyətdən çıxarırdı. Elə ki, atın başı qarışıq oldu, Zorro başlayırdı ruslar demiş “xaltura”ya. Gitara çalırdı. Nə bilim, fitin dəqiqəsi neçəyə… Jarqon olmasın, lap pivə piyanına oxşayırdı. Elə o dəmdə aləm qarışırdı.
Indi Ilham Əliyevin bu yaş senzi söhbəti lap ona oxşadı. Ramiz Mehdiyevi sıradan çıxarmaq üçün oyun qurdular, axırda alim deyilən adamların pensiyasını artırmaqla işi başa vurdular. Məlum oldu ki, müxalifət mitinqləri ləngitdiyinə görə Ilham Əliyev daxildə haqq-hesab çəkməyə girişib. Olsun, amma yenə də bir başını qaldırıb xalqın üzünə də baxsın. Görsün ki, daha heç kim fit səsinə aldanmır. Ola bilsin ki, böyük bir taqətsizlik var, amma heç kimi stəkanda fırtına qopartmaqla aldatmaq olmaz.
Indi fikirləşəcəksiz ki, Zorronun bu söhbətə nə dəxli vardı? Bizim əsərin qəhrəmanı Putindi. Onun da başı qarışıb öz atına. Bir sözlə, “xaltura” eləyib, gününü keçirir. Ilham müəllim də qalıb qoca aqressivlərlə, qoca yaltaqların arasında. Inqilabı isə gənclər istəyir.