“Məni Facebooka Dostoyevski gətirməyib”

Radoin Raskolnikov: “Bəlalarımızın mənbəyi «Azərbaycan Krallığı Diktaturası»dır”

“Əl-Cəzirə məni öz adımla təqdim edirsə, Facebook-da adımı gizli saxlamağın bir anlamı olmalıdır”


Ayəndə Mürsəliyeva

Mən nominalistik deyiləm. Məni facebook-da belə çağırırlarsa, deməli, bu da mənim adımdır. Amma facebook-dakı əsas profilimdə olan ad şəxsiyyət vəsiqəsindəki adım deyil. Gerçək adımı gizlətmirəm. Mən bu profili istifadə edərkən gerçək adımı da təqdim edərək Əl-Cəzirədə göstərdilər. Sadəcə adını seçdiyim əsər qəhrəmanı xoşuma gəlir. Həm də 11 mart aksiyasına görə işdən qovulandan sonra facebook-da adımı dəyişdim ki, yeni iş yerlərinə müraciət edəndə adımı internetdə axtarışa verən zaman bu profil çıxmasın. BÈu, qəhrəmanımızın özünün təqdimatıdır. Çağdaş gəncliyə örnək ola biləcək bu gənclə siz də yaxından tanış olun.


 

– Geniş bioqrafiyan ictimai-siyasi fəaliyyətini nə qədər dərindən əsaslandırar?
– Geniş deyəndə ki,.. nə yaşadım, nə geniş olsun. 1987-ci ildə Bakıda doğulmuşam, Şəkidə böyümüşəm, BDU-nun hüquq fakültəsini bitirmişəm. Heç 1 il yoxdur ki, ictimai-siyasi proseslərdə fəallıq göstərməyə çalışıram. Işləyirəm, amma dediyim kimi, bir dəfə qovulduğuma görə bunu indi gizli saxlayıram.

FB hesablarımın sirrinimi soruşursunuz?

– İki hesabım var. Birində şəxsiyyət vəsiqəsindəki ad-soyadımdır. Həmin hesabdakıların əksəriyyətini məcburiyyətdən facebook dostluğumda saxlamalı oluram. Yəni elə adamlardır ki, məni mövqeyimə görə qınayırlar, amma münasibətimizə görə facebook-dan silə də bilmirəm. Lakin bu həqiqəti burada da bildirməyi “günah” saymıram.
İlk facebook hesabımı şəbəkələşməyə dəxli olmayan səbəbə görə yaratmışdım. Amma sonra facebook-dan istifadə məqsədim dəyişdi. Indi facebook mənim üçün nəfəslik kimidir. Diktatura havasızlığından boğulan birinə azadlıq oksigeni necə lazımdırsa, senzurasız sosial şəbəkələr də bizə elə lazımdır. Bura mənim üçün ictimai-siyasi fəaliyyətimi koordinasiya edən, dost qazandıran, qazandıqlarımı itirməməyə şərait yaradan məkandır.

“İnsan” “azadlıq” sözünün sinonimidir

– Facebook-a qədər başqa sosial şəbəkələrin bir çoxunda var idim. Sonra onlar facebook-un kölgəsində qaldı və tədricən istifadədən çıxdı. Bu yaxında twitter-də köhnə qeydiyyatımı təzələdim. Amma ora baş çəkməyə heç cür vaxt tapa bilmirəm. Sosial şəbəkələr mənim üçün bundan əvvəlki suala cavabda yazdıqlarımdan əlavə, həm də bəzi mənfi xüsusiyyətlər daşıyır. Əlbəttə, bu diktaturamızın blefləri kimi “xalxın balalarını qırğına vermək” “xüsusiyyəti” deyil. Mən insanın “azadlıq” sözünə sinonim olduğuna inanıram. Insan azadlığı üçün hər necə olsa, mübarizə aparacaq. Indi Azərbaycanda əksər mübarizlər facebook-da enerjilərini boşaldır, təsəlli tapır, diktaturaya qarşı aqressiyalarını soyudurlar. Dediyim odur ki, facebook-filan olmasaydı, biz alternativ yol axtaracaqdıq ki, senzuradan, nəzarətdən qaçaq. Nəticədə, ənənəvi KIV bu qədər zəif olmaya, meydanlarımız bu qədər uzun müddətə boş qalmaya bilərdi. Amma bunlar ehtimaldır, reallaşması üçün konkret metodlar göstərilmir, ona görə də hələ ki, facebookdayıq. Ümumiyyətlə, qlobal mənada sosial şəbəkələr dünyanı xeyli kiçildib. Mən əvvəllər ən yaxşı halda e-mail-lə, telefonla uzaq xaricdə yaşayan biri ilə əlaqə yarada bilərdim. Indi isə facebook-da birini dost kimi əlavə etməklə onun şəxsi məlumatlarını, maraq istiqamətlərini və s.-ni öyrənə bilirəm. Əvvəllər əlçatmaz sayılan şəxslərlə burada şəxsən danışa bilirik. Üstünlükləri o qədər çoxdur ki, burda yarımçıq saxlasam, yaxşıdır.

Buradakı fəaliyyətimin adı? Onu siz də müəyyənləşdirə bilərsiniz…

– Mən mümkün qədər diktatura əleyhinə mübarizə aparmağa çalışıram. Indi bunun siyasət adlanıb-adlanmaması məni o qədər də maraqlandırmır. Idarə Heyətinə üzv olduğum “Nida” Vətəndaş Hərəkatı siyasi qurum deyil. Özümün də partiya mənsubiyyətim yoxdur. Lakin mən qızların evdə qarımasından tutmuş Kür daşqınlarına qədər bütün problemlərin kökünü sistemin, rejimin iyrəncliyində görürəm və ona görə də hər zaman diktaturaların, o cümlədən Azərbaycan Krallığı Diktaturasının əleyhinəyəm. Indi baxın da, bu, vətəndaş mövqeyidir, siyasətdir, ya nədir…

“Amma siyasətsiz yaşamaq mümkün deyil”

– Çünki məsələn, seçki dövründə konkret namizədlərin təbliği ilə də məşğul oluram. Hakimiyyətin on minlərlə saxta profilinin qaragüruhu içində mən də tərəfində durduğum AXCP-nin, Müsavatın təbliğini aparmasam, onda niyə burdayam ki?! Bu siyasət sözü haqqında bir şeyi də deyim ki, insanın hətta yemək üçün qurduğu plan da siyasətdir. Bunu mənə Erkin müəllim öyrədib ki, Azərbaycan türkcəsinin dar imkanları çərçivəsində “policy” və “politics” sözlərinin fərqi çətin anlaşılır.

– Facebook ənənəvi KIV-ə uduzurmu?
– Uduzur, özü də çox. Hazırda biz “ən yaxşı olmayan, amma bundan yaxşısını fikirləşib tapa bilmədiyimiz” (Çörçill) demokratiyaya doğru getmək istəyirik, buna görə də facebook-a vaxtımızı, yəni ömrümüzü xərcləyirik. Demokratiya ona görə ən yaxşı deyil ki, biz azlıq olsaq da, haqlıyıq, çoxluq olan sadə insanlar isə bir qarın çörəyə görə azadlıq kimi dəyəri satmağa hazırdırlar və satırlar da. Yəni facebook ənənəvi KIV-ə orda uduzur ki, bizim facebook-dakı ideyalarımız kəndlərdə, rayonda, elə Bakını özündə yaşayan (daha doğrusu mövcud olan) geniş kütlələrə çatmır. Gündə 8-16 saat işləyən konstitusiyalı qulların nə vecinədir ki, facebook-da biz neynirik. Adam ya işləyir, ya yeyir, ya da yatır. Vəssalam. Təəssüf ki, televiziya kimi ziyanlı vasitə hələ də Azərbaycanda əsas KIV-dir. Və bizim ora çıxışımız sıfırdır. Facebook-da Azərbaycandan 400 min (bunun heç yarısı diktaturaya müxalif ola, ya olmaya) hesab olsa da, televizora azı 4 milyon baxır.

“Konstitusion qulları” inqilaba səsləmək çox çətindir

– Bəyəm Facebook inqilab təşkil edir? Sən də onu inqilab təşkilatçısı sayırsan?
– Təşkilatçı yox, köməkçi sayıram. Facebook-a girməyə görə Türkiyə faiz etibarilə dünyada ilk üçlükdədir. Türkiyənin mübariz solçuları var və əksəriyyəti də savadlıdır, yəni kompüterin nə olduğunu bilirlər, facebook-dan istifadə edirlər. Təşkilatçı facebook olsaydı, onda Türkiyə indi başdan-başa kolxozxana olardı. Inqilablar (daha dəqiq desək, çevrilişlər) üçün şərait yetişməlidir. Yadımdan çıxıb hansı idi, dostlarımdan biri 11 mart qabağı gəncləri hakimiyyətin ovlaması zamanı demişdi ki, indi bu gənclərin tutulmasına görə on minlərlə insan ayağa qalxmırsa, demək, bizdə hələ inqilab-zad yetişməyib. Yəni əgər şərait olmasa, 100 facebook da gəlsə, konstitusiyalı qullara xeyri yoxdu. Bir də əsas məsələ təşkilatçılıqdır. Çevrilişlərin baş verdiyi ərəb ölkələrindən fərqli olaraq bizdə təşkilatlanmış və təəssüf ki, öz arasında ziddiyyətləri həll edə bilməyən müxalifət var. Onların mövcudluğu böyük məsuliyyətdir, o deməkdir ki, ay camaat, siz özbaşına nəyisə etsəniz sizi qınayarıq, biz təşkil edəcəyik, siz iştirak edəcəksiniz. Kütləni hara istəsən, sürükləmək olar. Qırğızlar heç dəxli olmadan minlərlə özbək qadınını 1-2 günə zorladılar. Təşkilatçıdan çox şey asılıdır. Facebook təşkilatçılar üçün kimyəvi silah kimidir, düzgün istifadə edə bilsən, qarşındakının məhv olmaqdan başqa çarəsi qalmayacaq.

– Tez-tez “Facebook provokatorları”nı ortaya atırlar. Bunların rəsmi təbliğat naminə qurulduğu şübhəsizdir. Bu əməliyyatlar nə qədər effektivli sayıla bilər?
– Diktatorlar, adətən, ağılsız olurlar. Nadir hallarda Atatürk kimi ağıllı adam diktator olur. Biz birinciyə aidik. Facebook-da senzurasız mühit olduğundan (özünüsenzuranı demirəm), hakimiyyət burda asanlıqla məğlub olur. Zatən Azərbaycanda nəyinsə ayrıntıları ilə başa salınacaq adam çox azdır, hər şey gün kimi aydındır. Yəni kimsə ağzını açıb hakimiyyəti müdafiə eləsə, azad söz deməyə şərait olan yerdə ətrafdakılardan heç müxalifətçi olmayanlar da onun ağzından vurarlar. Buna görə də facebook-da fəallıq bir az artan kimi (bu da ki, daim artır) hakimiyyət başını itirir. Isterik vəziyyətdə 1 nəfərin adına çoxlu hesab açırlar, sonra da həmin adamın dostları o hesabları şikayət edirlər. Inanıram ki, hakimiyyətdəkilər özləri də bu hərəkətlərinin motivlərini anlamırlar.

“Sosial şəbəkələr diktatorlara da sərf edir”

– Burada sərf etdiyimiz enerji içimizdə qalsa, daha kəskin tədbirlərlə diktaturanı daha tez yıxardıq, bu baxımdan sosial şəbəkələr diktaturalara sərf edir. Nə qədər mənalı paylaşmalar etmək istəsək də, vaxtımız həm də boş yerə gedir. Gizli fəaliyyət göstərmək lazım olanda daha tez deşifrə oluruq. Xeyirlərini də deməklə qurtarmaq olmaz: təşkilatımızın fəaliyyətini daha rahat koordinasiya edirik, görüşləri təşkil etmək asanlaşıb, daha çox insan tanıyırıq, dünyaya açılırıq, həyatımızda önəmli yer tuta biləcək insanları daha yaxından tanıyırıq və s. və i.a..