Qəribə vəziyyət yaranıb. Ən birinci şəxs deyir ki, problemin həlli üçün indiki vaxt ən əlverişlidir. Amma bircə pillə aşağı məmurlar isə bu optimizmi rədd edir, biri deyir ki, mən Nostradamus deyiləm, o biri isə ərz edir ki, Kazanda baş tutacaq görüşdən elə bir nəticə gözləmirəm. Prezidentlərin görüşlərini bir qayda olaraq nazirlər hazırlayır. Məmur pessimistdirsə, onda prezidentin optimizmi nəyə əsaslanır? Əslində prosesin bütün detalları ilə prezidenti də məmurlar tanış edir. Bəlkə hərənin öz diplomatik kanalı var? Elə doğrudan gülməli vəziyyətdir!
Indi Balkanlarda böyük diplomatik tədbir açıblar və məni vətəndaş kimi bir məsələ narahat edir. Balkanlar Avropanın bəlkə də ən ziddiyyətli bölgəsidir. Burada Serbiyanı özünə müttəfiq edərək digər ölkələrin rəğbətini necə qazanmaq olar? Mən bunu bilmirəm. Bildiyim odur ki, keçmiş sovet respublikalarının əksəriyyəti ürəyindəcə Rusiyaya necə bir münasibət bəsləyirsə, Balkan dövlətləri bundan min dəfələrlə pis Serbiyaya münasibət bəsləyir! Bəlkə bunlara daha dərin mətləblər bəllidir? Hər halda, mən bunu bilmirəm. Indi siyasət də inhisara alınıb.
Məni bir məsələ də çox, olduqca çox, düşündürür. Doğrudanmı Serbiyanın hansısa bir qəzeti bizim qəzetlərdən daha çox əhəmiyyət kəsb edir? I.Əliyev 2003-cü ildə prezident olub. O vaxtdan bu günə qədər mən onun hansısa yerli mediaya ətraflı müsahibə verdiyinin şahidi olmamışam. Biz hər şeydən xəbərsizik. Sadəcə, hamıda belə təsəvvür var ki, bu hakimiyyətin sərəncamında Ələddinin sehrli lampası var, onlar nə edirlərsə, düz edirlər. Amma nə vaxtsa bu siyasət tam iflasa uğrayacaq. Nə vaxt? O vaxt ki, Ələddinin sehrli lampasının yanacağı qurtaracaq, yəni bu ölkənin nefti tükənəcək. Düzdür, indi ərz edirlər ki, düz 100 illik qaz ehtiyatımız var. Amma güman ki, bu da Kazan görüşü kimi bir şeydir – biri belə deyir, o birisi başqa cür…
Qəbələ RLS-i kimə veriləcək?
Gəlin, etiraf edək ki, özümüzü çox tərifləyirik. Hamıya ərz edirik ki, ölkəmiz neçə illərdir Rusiyanın hərbi bazası olmadan mövcuddur. Baltika ölkələri və bir Gürcüstan istisna olmaqla (onun da ərazisində mövcud olan münaqişə ocaqlarında – separatist bölgələrdə rus hərbi bazaları var) MDB ölkələrinin əksəriyyətində Rusiya hərbi baxımdan təmsil olunub. Indi Qəbələ RLS ilə bağlı, deyəsən, yeni icarə müqaviləsi üzərində iş gedir. Burada maraq kəsb edən detal odur ki, həm də Avro-Atlantika adı da çəkilir. Əcəba, nə demək bu? Təəssüf ki, yenə də məlumatsızlıqdır. Yenə də elə kor-koranə şəkildə hakimiyyətin dediklərinə inanmağa məcburuq. Bir məsələ də var. RLS-dən əldə olunan məlumatların Azərbaycanla bölüşməsindən söhbət gedir. Lakin güman etmirəm ki, bu məlumatlar Azərbaycan üçün hansısa mənada maraq kəsb etmiş olsun. Açığını etiraf edək ki, heç Rusiyanın da bu məlumatlara elə bir ehtiyacı yoxdur, onun sərəncmında, səhv etmirəmsə, alternativ RLS şəbəkəsi mövcuddur. Bu stansiyadan söhbət gedəndə mənim yadıma elə rusların bir filmi düşür: “Geriyə yol yoxdur”. Bəli, meşə ilə böyük məşəqqət və əzab içində silah karvanı gedir. Bir müddətdən sonra komandir məcbur olur ki, həqiqəti açıb desin. Məlum olur ki, silah tamam başqa yolla gedir, bu marşrut isə sadəcə izi azdırmaq üçün imiş!
Bu ölkədə heç nə qalmaqalsız ötüşmür
Bəli, sonda bir ədəbi ştrix əlavə edək. Kitab müsabiqəsi də bitdi. Bir az ləng olsa da ölkədə mütaliəyə həvəs artır. Bu, çox yaxşı haldır. Bir yanda da elə əsl sosial missiyalı ədəbiyyat yaranır, bunu gənclər yaradırlar. Daha “piyalə gözlər” mövzusu tükənib, gənclər başa düşür ki, zamanı və ölkəni, Insanları dərk edən ədəbiyyat yaratmaq lazımdır. Bir xəbər də budur ki, artıq C.Orueli azərbaycanca oxuya biləcəyik. Əcnəbilər bunu 30 il bundan əvvəlcə oxuyub və gülüblər, həm də düşünüblər. Eyb etməz, heç vaxt olmamaqdansa elə bir az gec də olsa yaxşıdır. Yadıma gəlir, bizim gəncliyimiz zamanı bir az ədəbiyyat yanğısı vardı, ədəbi jurnalları necə acgözlüklə oxuyurduq, ilahi! Həmin mütaliə ehtirası qayıdacaqmı? Hər halda, ümidliyik.



