Hökumət təhsil hüququnu da vətəndaşların əlindən alır
Hər il artırılan təhsil haqları bunu deməyə əsas verir
Dövlət ali təhsil müəssisələrində ödəniş haqqı kəskin artırılıb. Məsələn, I qrupda qiymətlər 1000-1200 manatdan, II qrup ixtisaslarında 1000-2500 manatdan başlayaraq 4000 manatadək yüksəlir. III qrup da ən bahalı fakültələr hüquq və tərcümədir. Bu fakültələrdə illik təhsil haqqı 2400-2500 manatdır. IV qrup ixtisas qrupundakı ödənişli fakültələrdə illik təhsil haqqı 1000 manatdan 2500 manata qədərdir.
Ümumiyyətlə, dövlət universitetlərində təhsil haqları 900 manatdan 4500 manat qədərdir. Təhsil haqlarının artırılması ilk növbədə əhaliyə, insanların cibinə vurulan növbəti zərbə kimi qiymətləndirilməlidir. Ölkədə yaşayış səviyyəsi aşağıdır. Pensiyalar yaşayış minimumundan azdır. Büdcədən maliyyəşdirilən təşkilatlarda çalışanlrın, xüsusilə də müəllim və həkimlərin əmək haqqı kommunal xərclərin ödənməsinə və xırda ehtiyacları ödəməyə bəs edə bilər.
Digər tərəfdən, ölkədə təhsilin səviyyəsi xeyli aşağıdır. Xüsusən də regionlarda yalnız orta məktəblərdə verilən təhsillə yüksək balla ali məktəbə qəbul olmaq mümkün deyil. Paytaxt və bir neçə şəhərdən fərqli olaraq rayonlarda “Araz” kursları, türk liseyləri fəaliyyət göstərmir. Ali məktəbə hazırlıq üçün repetitor yanına gəlmək artıq ənənə halı alıb. Buna imkanı olmayıb, öz gücü hesabına hazırlaşanlar da az deyil. Belələri də, adətən, ödənişli fakültələrə daxil olur. Əsl müsibət isə bundan sonra başlayır. Tələbənin bir aylıq xərcini hesablayıb belə nəticəyə gəlmək olar. Ali məktəbə qəbul olan Bakıda mənzil kirayələməlidir. Çünki məlum səbəbdən yataqxanalar tələbələrin xidmətində deyil. Bir nəfərin kirayə haqqı orta hesabla 100 manatdır. Şəhərdə yemək, yol pulu, geyim, digər xərclər ayda ən azı 200-250 manat təşkil edir. Bunun da üstünə illik 1000-2500, ən azı 900 manatı gəldikdə bir tələbəni oxutmaq üçün valideyn bir ilə 5000 manat xərcləməlidir. Ölkə əhalisinin neçə faizi bunu etmək gücündədir? 200-300 manat maaş alan müəllim, həkim, fəhlə, dəmiryolçu bu xərci ödəmək imkanında deyil. Övladını sənət, diplom sahibi etmək istəyənlər çıxılmaz vəziyyətdə qalır. Bu vəziyyətə isə onları neft pullarını şəxsi maraqları üçün xərcləyən, 1 mlrd dollara stadion, 235 mln-a neft şirkəti üçün təmtəraqlı bina tikən, gül bayramına hər il milyonlarla manat xərcləyən Əliyev hakimiyyəti salıb.
Görünür, YAP hakimiyyəti sadə vətəndaşların digər hüquqları kimi təhsil hüququnu da əlindən alır. Təhsil haqlarının bu həddə qədər qaldırılmasının başqa adı yoxdur.
Fizzə


