Ictimai Palatanın iyunun 19-na mitinq təyin etdiyini eşidib “Yenə də?..” reaksiyası verənlər var. Əlbəttə, yenə də. Işıqları sönən evinizi düşünün. Iliç lampası ta mənzilinizdə işıldamayınca özünüzü ora-bura çırpırsınızmı? Borcunuzla maraqlanırsınız, xətlərinizi, lampanı yoxlayırsınız, narahat olursunuz. XXI əsrdə otağınızın qaranlıqda qalmasını sinirə bilmirsiniz, deyilmi? Bəs cəhalətli qaranlığa gömülən Azərbaycanın işıqlanmasını niyə istəməyək? Bizdən hələ ki, özümüzü yandırıb bu ölkəni işıqlandırmağı istəyən yoxdur ki…
Meydana çıxıb dinc, qansız, qadasız yolla, “Adam kimi yaşamağa imkan verin!” deməyə nə var?
Türkiyə seçki kampaniyasını olduqca qızğınlıqla sona yetirdi. Bu gün bəlkə də siz bu məqaləni oxuyanda Türkiyənin yeni siyasi sisteminin konturlarının sərhədləri bilinəcək. Möcüzə gözləmirəm, AKP şəksiz birinciliyi götürəcək. Mən Türkiyədə 12 iyundan sonrakı prosesləri proqnozlaşdırmaq üçün bu qeydləri etmirəm. 12 iyuna qədər olanlar daha çox maraqlıdır. Bilirsiniz, Türkiyənin sağını-solunu inqilab dalğaları bürüyüb. Sözün həqiqi və məcazi mənasında od-alov əhatəsindəki Türkiyədə bir təlaş hiss etdinizmi? Etmədiniz təbii ki. Türkiyədə Ilham Əliyev hökuməti kimi “anti-inqilab” tədbirləri də gözə dəymədi. Əksinə, sağ-solundakı xalq etirazları içində Türkiyə çox ərkyana, məğrur dayanmışdı.
Türkiyənin bu təmkinli duruşu onun demokratik təməlindən qaynaqlanırdı. Kimin şübhəsi var ki, Atatürk və silahdaşları Türkiyəni modern hala gətirməsəydi, indi bu ölkə Suriyadan da betər cəhənnəmə dönmüşdü. Gözümüzün önündə demokratiya insanlığın xilas variantı kimi bir daha Türkiyə nümunəsində özünü sübut etdi. Demokratiya stabil və firavan cəmiyyət üçün əvəzsizdir. Ancaq o da bahar, yay kimi özü gələn deyil. Ölkəni demokratikləşdirmək, Suriya, Liviya, Yəmən etməmək üçün gərək vətəndaşlar hərəsi əlini bir daşın altına qoysun. Başımızı yorğanın altına soxub, orda demokratiya haqqında ibarəli cümlələr guppuldatmaqla heç nəyə nail olmaq mümkün deyil.
Dünyanın rifah içində yaşayan və bizim həsrətlə baxdığımız heç bir ölkəsi “Allahdan buyruq, ağzıma quyruq” prinsipi ilə yaşayıb o həddə çatmayıblar. O ölkələrin hər biri ağır və zəhmət tələb edən günlərdən keçərək xoşbəxtliyə qovuşublar.
Demokratiya boşboğazlıq deyil, o, çox bahalı bir nemətdir. Onun əvəzini ödəmək lazımdır. Necə ödəməli? Çox rahat – istismar olunmağına dözməyəcəksən, insan kimi yaşayış tələb edəcəksən, 8 saatlıq iş günü, ehtiyaclarını ödəyəcək maaş, keyfiyyətli səhiyyə, təhsil, söz azadlığı istəyəcəksən. Polisin cibə nəşə atması ilə barışmayacaqsan, hakimin ədalətsizliyini adi hal kimi ötüşdürməyəcəksən. Xülasə, insan oğlu insan olacaqsan, vəssalam, bununla da dərdlərə dərman tapılmış olur.
19 iyun mitinqi demokratiya küləklərinin bziim ellərdə covlan etməsinə bir fürsətdir. Orada ol və borcunu ödə, ey insan kimi yaşamaq istəyən azərbaycanlı dost.
Bəzən belə işlərim də var
Hər il orta hesabla Azərbaycanda min insan yol qəzasında ölür. Çox kədərli və dəhşətli statistikadir. Inanın ki, mənim də sizin kimi ürəyim var və onun funksionallığında heç bir problem yoxdur. Xaraktercə də humanist olduğumu düşünürəm. Lakin qınansam da yazacağam, hər gün yollarda avtomobilləri eşşək kimi sürən, 2 ayaqlı eşşəkləri görəndə üzümü təbiətə, ulu yaradıcıya tutub deməyə bilmirəm: Ya Rəbb, hər il yol qəzasında 1000 nəfər az deyilmi? Azdır, çox azdır.