Ziya Məmmədov göyçaylılara lilli su içirdir

Göyçayda Ziya Məmmədovla Kəmaləddin Heydərov malikanələrlə əhatələnən süni göl yaradıblar

Mehriban Əliyevanın himayəsində olan internat məktəbin ərazisindən 20 sot necə ələ keçirildi?

Göyçaylılar rayonun adını dəyişib bataqlıq qoymaq istəyirlər. Çünki rayonun mərkəzinə günlərlə su gəlmir. Insanları işsizlik və digər sosial problemlər bataqlığına salan hökumət, indi də onları su ilə imtahana çəkir. Sakinlərin isə səbir kasası daşıb. Çörəyi, digər ərzaq məhsullarını qonşudan alıb, günü-günə calayıb birtəhər baş girləyən göyçaylılar su məsələsində böyük problemlərlə üzləşirlər. Iş o yerə çatıb ki, hər gün duz-çörək kəsən insanlar su məsələsində bir-birlərinə qarşı çox qəddar olurlar. Istənilən göyçaylı ehtiyacı olan hər bir şey üçün      qonşuya gedib əliboş qayıtmaz. Ancaq bir vedrə su almaq xüsusi bacarıq tələb edir.

Göyçayın su dərdi


Əhali su tapanda belə bu, Qəbələdən gələn radiasiyalı, lilli və çirkab olur. 2010-cu ilin fevralın 2-də Ilham Əliyevin də açılışında iştirak etdiyi və düyməsini basdığı su xətti işləmir. Əhalinin içməli suya olan ehtiyacını ödəmək üçün ayrılan 14 milyon manat yoxa çıxıb. Göyçayı içməli su ilə təchiz edəcək iki su xəttindən biri artıq işləmir, digərinin isə boruları keyfiyyətsizdir. Artıq bir neçə aydır ki, rayon sakinləri susuzluqdan olmazın əziyyət çəkir. Əhali mal-qaranın belə içmədiyi sudan istifadə etmək məcburiyyətindədir. Rayon sakinləri qablarla məscidin yaxınlığındakı bulaqdan su daşıyır. Rayonun mərkəzində olan parkın fontanları quruyub, içərisi isə palçıqdır. Ancaq yüz metr aralıda olan Heydər Əliyev Mərkəzinin qarşısındakı çəmənliyə xüsusi olaraq təmiz su gəlir. Heç bir rayon sakini o sudan yararlana bilməz. Halbuki yaşıllığa içməyə yararlı suyun verilməsinə ehtiyac yoxdur. Yəni rayon rəhbərliyi istəsə, lilli suyu yaşıllığa, istifadəyə yararlı suyu əhaliyə verər. Istəsə… Görünən budur ki, istəmir.
Aldığımız məlumata görə, lilli suyun əhaliyə verilməsinin özəl səbəbi var. Əgər lilli suyun qarşısı alınsa, dağlardan axan suyun özü ilə gətirdiyi çınqıl tükənər. Bu da oliqarxların, daha dəqiq ifadə etsək, nəqliyyat nazir Ziya Məmmədovun büdcəsinə böyük miqdarda ziyan vurar. Məhz bu səbəbdən palçıqlı su süzgəcdən keçirilmədən əhaliyə verilir. Nəticədə müxtəlif xəstəliklər meydan sulayır. Təsadüfü deyil ki, son üç ildə rayonda xərçəng, böyrək xəstəliyindən əziyyət çəkən insanların sayı artıb.

Ziya Məmmədovla Rövnəq Abdullayevin savaşı

Rayon Ziya Məmmədovun kurasiyasındadır. Bunu Göyçayda uşaqdan-böyüyə qədər hamı bilir. Icra başçısı nazirin xalası oğlu Mənsur Məmmədovdur. Başçı tabe olduğu şəxs üçün Göyçayı imperiyaya çevirib. Ziya Məmmədov rayonun ən səfalı guşələrini zəbt edib, özünə və oğlu Anar Məmmədova malikanələr tikdirib. Məmmədovlar rayonun Potu kəndində süni göl yaradıblar. Iki möhtəşəm villa ilə əhatələnən ərazidə təyyarə meydançası da tikilib. Bu ilin fevralında həmin süni gölün açılışı olub. Əldə etdiyimiz məlumatlara görə, süni gölə katerlər gətirilib. Tikinti işlərində çalışan fəhlələrə nazir şəxsən özü pul paylayıb. Böyük şadyanalıqla açılış mərasimi təşkil olunub, üstəlik, Bakıdan müğənnilər də dəvət olunub. Necə deyərlər, Potu Məmmədovların istirahət oylağına çevrilib. 
Məmmədovların malikanəsinə üz tutduq. On hektarlıq ərazi başdan-başa hasarlanıb. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyədədir. Nağıllarda oxuduğumuz kimi quş-quşluğu ilə orada qanad saxlaya bilməz. Zavallı göyçaylılar milyonlar hesabına başa gələn süni gölü peyk vasitəsilə izləyib az da olsa təsəlli tapırlar.
Daha bir süni göl isə rayonun Çərəkə və Çərəzə kəndlərində yaradılıb. Məlumata görə, həmin göllərdən biri fövqəladə hallar naziri Kəmaləddin Heydərova, digəri isə icra başçısına məxsusdur.

Onu da bildirək ki, Mənsur Məmmədov rayonun mərkəzini başdan-başa satıb. Sabir adına istirahət parkı əvvəlcə uşaq əyləncə mərkəzi idi, indisə parkın yerində böyük şadlıq evi tikirlər.
Maraq üçün qeyd edək ki, Göyçayda iki “klan”ın maraqları tez-tez toqquşur. Nəqliyyat “baronu” ilə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Göyçayın qaz idarəsinə müdir təyin etmək üstündə açıq savaşdadırlar.

20 sotluq hədiyyə

Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın himayəsində olan internat məktəbinin ərazisinin 20 sotu Idman və Turizm Nazirliyinin Göyçay şöbəsinin müdiri Elşən Şirinova bağışlanıb. O da həmin yerdə özünə ikimərtəbəli ev tikdirir. Ərazidə olarkən təmir-tikinti işlərinin şahidi olduq. Rayon ziyalıları bununla bağlı dəfələrlə dövlət orqanlarına müraciət ediblər. Ancaq nəticəsi olmayıb. Bəs, Elşən Şirinov hansı xidmətlərinə görə 20 sot torpaq payı alıb? Rayon sakinlərinin sözlərinə görə, əslən Göyçaydan olan hüquq müdafiəçisi Vidadi Isgəndərlinin üzünə durmağa adam tapdığı üçün o, belə bir ənama layiq görülüb.
Məlum olduğu kimi, məhbəs həyatı yaşayan V.Isgəndərliyə bir neçə gün öncə Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə yeni ittiham irəli sürülüb. Onun üzünə duran Qarabağlar kənd sakini Araz Ələkbərov adlı şəxsdir. Sonradan məlum olub ki, o, ruhi xəstədir. Dəfələrlə özünə qəsd etmək istəyib. Damarlarını doğramaq istəyən A.Ələkbərovun həyatını bir neçə dəfə kənd sakinləri xilas edib. Biz onun xəstə olmasıyla bağlı sənədi də əldə etdik. Sənəddə qeyd olunub: “Özünükəsmə kimi emosional hərəkətlərinə görə hərbi xidmətdən tərxis olunub”.

Bunlara baxmayaraq Ələkbərova vəd verilib ki, hüquq müdafiəçisinin əleyhinə ifadə verəcəyi halda onu məktəbdə idman müəllimi vəzifəsinə təyin edəcəklər. Hazırda o, yaşadığı Qarabağlar kəndində fərdi qaydada şagirdlərə idman dərsi keçir. Izahatı geri götürsə, onu 6 il həbs gözləyir. A.Ələkbərov hüquq müdafiəçisinin əleyhinə izahat verərkən bunları yazıb: “Vidadi seçki məntəqəsində olanda məni itələyib”. Ancaq izahatda bu, “döyüb” kimi qeyd edilib. Ələkbərovun bu addımına görə ona böyük ictimai qınaq var. Onunla görüşmək istəsək də, mümkün olmadı. Əmisi onun kənddə olmadığını dedi.

Vidadi İsgəndərliyə Azadlıq!

Göyçaylıları əsəbləşdirən daha bir hal Vidadi Isgəndərlinin haqsız yerə həbs olunmasıdır. Insanların hüquqlarını qoruyan hüquq müdafiəçisi rayon sakinləri üçün çox işlər görüb. Məhz bunun qarşılığında rayon sakinləri onun azadlığa çıxması üçün imza toplayırlar. 
Rayon rəhbərliyi isə bunu həzm edə bilmir, ona qarşı kampaniyanı davam etdirir. Imza toplayanlara min bir üsulla təzyiq edirlər.
Kəndlərdə bəzi adamlara tapşırılıb ki, onlar seçki günü məntəqələrə gedib niyə səs vermədiklərini açıqlasınlar. “Vidadi Isgəndərli məntəqələrdə dava saldığı üçün qorxuya düşüb səs verməkdən imtina etdik”. Bu işlərin icrasına YAP-ın yerli seçki qərargahının rəhbəri Ramiz Ibrahimov məsuldur. Bu xidmətinə görə ona 52 min manat dəyərində avtomobil hədiyyə olunub.

***

Bu da Göyçayın durumu. Insanları bütün vasitələrlə sınağa çəkir, onları bir tikə çörəyə möhtac qoyurlar. Ancaq ekrana çıxanda azadlıq və demokratiya hayqırırlar…

Ramin DEKO