Vidadi İsgəndərliyə qarşı ifadə saxtalaşdırılıb

Hüquq müdafiəçisinin döydüyü iddia edilən Araz Ələkbərov döyülmədiyini deyir

 

Ictimai Palatanın (IP) Təhqiqat Qrupunun rəhbəri, məhbəsdə olan hüquq müdafiəçisi Vidadi Isgəndərliyə qarşı Cinayət Məcəlləsinin 132-ci maddəsi (döymə) ilə yeni ittiham irəli sürülüb. Ruhi xəstə olduğu iddia edilən bir şəxs hüquq müdafiəçisinin üzünə duraraq, 7 noyabr 2010-cu il seçkiləri zamanı onu döydüyünü iddia edib.
Ötən gün bununla bağlı V.Isgəndərlinin qardaşı Oqtay Isgəndərli mətbuat konfransı keçirdi. O, RATI-də keçirdiyi tədbirdə hüquq müdafiəçisinə qarşı irəli sürülən yeni ittihamla bağlı bir sıra məqamlara aydınlıq gətirdi.
Oqtay Isgəndərli bu işin sifarişçilərinin və icraçılarının kimliyinin bəlli olduğunu bildirdi: “Bu, siyasi hakimiyyətin, Göyçay rayon məmurlarının birbaşa sifarişi ilə həyata keçirilib. Rayonun icra başçısı Mənsur Məmmədov Qarabağlar kənd sakinlərinə hədə-qorxu gəlir. Onları qardaşımın əleyhinə danışmağa məcbur edir. Çünki qardaşım Qarabağlar kənd seçki məntəqəsində seçki günü qanun pozuntuları olduğunu faktlarla sübut etmişdi. Ona görə də indi əhaliyə təzyiq edilir. Eyni zamanda seçki komissiyasının üzvlərinə də göstəriş verilib ki, hüquq müdafiəçisinin əleyhinə ifadə versinlər, Vidadinin onlara qarşı kobud hərəkət etdiyini desinlər. Başçı buna razı olmayanları işdən qovulmaları ilə təhdid edir”.
O.Isgəndərli deyir ki, Araz Ələkbərov adlı şəxs ifadəsində hüquq müdafiəçisinin onu döymədiyini bildirib: “O deyib ki, Vidadi müəllim məni əli ilə sadəcə itələdi. Bu, videolentdə də əks olunub. Ancaq həmin video kadrları hüquq-mühafizə orqanları müsadirə edib. Müstəntiq Hidayət Nurəlibəyov isə Araz Ələkbərovun ifadəsini dəyişib və Vidadinin onu döydüyünü yazıb. Işin maraqlı tərəfindən biri də odur ki, hadisə Göyçayda baş verib, ancaq Ağdaş Tibbi Ekspertiza Idarəsində rəy alınıb. Hazırda üç iş üzrə istintaq gedir və bu yaxınlarda istintaq yekunlaşacaq. Onun həbsi siyasi motivlər üzərində qurulub. Döyülmək ittihamını irəli sürməklə işin mahiyyətini dəyişmək istəyirlər. Bir çox səfirliklərdə olmuşam. Səfirliklərin nümayəndələri bildiriblər ki, Vidadi Isgəndərlinin həbsi diqqətdə saxlanılır. Ingiltərə səfirliyi materialları toplayıb və ”Amnesty International” təşkilatına göndərəcək. Təşkilatın növbəti hesabatına hüquq müdafiəçisinin həbsi də salınacaq”.
O.Isgəndərli qardaşı ilə görüşə bilmədiyini söylədi: “Görüşə icazə verilmir. Bunu istintaqın gedişi ilə bağlayırlar. Qardaşımın ürək, şəkər xəstəliyi var, dərman istəmişdi, səhhəti yaxşı deyil”.
Onu da bildirək ki, 132-ci maddə ilə 6 ayadək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Isgəndərli IP-in 17 aprel mitinqindən 2 saat əvvəl həbs olunaraq 15 sutkalıq həbs cəzasına məhkum olunub. 15 sutkanın bitməsinə 1 saat qalmış isə onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə aparıb barəsində CM-in 159 və 160-cı maddələri ilə cinayət işi başlayıblar. Bundan sonra Nəsimi Rayon Məhkəməsi hüquq müdafiəçisi barədə 2 aylıq həbs-qətimkan tədbiri seçib. Hüquq müdafiəçisi hazırda Bakı Istintaq Təcridxanasında saxlanılır.
Hüquq müdafiəçisinin vəkili Xalid Bağırov müstəntiqi məhkəməyə verib.

 

Ramin DEKO