kiv-df

Tarixə qapı açan qədim heykəllər

Şumerlər onları mənfi ruhlara qarşı hazırlamışlar

Azərbaycan tarixinin araşdırılmasında əsaslı dəlillər verən abidələr sırasında qədim heykəllər xüsusi yer tutur. Belə abidələr arasında şir, buğa, qoç, qartal və s. heykəllər üstünlük təşkil edir. Bu, heç də təsadüf hesab oluna bilməz. Qədim şumerlər həyatda xeyir və şər, işıqlı və qaranlıq qüvvələrin varlığına inanırdılar. Onlar tikdikləri ev və sarayların qapısının ağzında buğa heykəlləri qoyurdular. Belə düşünürdülər ki, heykəllər pis, qorxulu ruhların, qara və şər qüvvələrin saraylara girməsinin qarşısını alır.

Saraya, yaxud evə girmək istəyən pis ruhlar qapının ağzında qoyulmuş heykəlləri görüb, qorxudan geri qayıdırlar.

Buğa heykəlləri Şumerin əksər şəhərlərindən tapılmışdır. Onların çoxu kəcdən hazırlanmışdır. Bəzilərinin hündürlüyü 3 metrdən də çoxdur.
Şumerdə tapılmış şir heykəlləri də sayca çoxluq təşkil edir. Qanad buğada olduğu kimi, şirin də göy mənşəliliyinin göstəricisidir. Şir heykəllərinin hündürlüyü də maraq doğurur. Onlardan bəzilərinin hündürlüyü 3 metrə çatır.

Qoruyucu ruh sayılan şir heykəlləri ən çox sarayların və evlərin giriş qapılarında qoyulmuşdur. Bu heykəllər girişdə, dəhlizin sağında və solunda sıra ilə düzülmüşdür. Hamısı qanadlı və insanbaşlıdır. Hətta bəziləri beşayaqlıdır. Şumerlər, həmçinin, pəncərələrin üstünə də şir başları qoyurdular ki, pis ruhlar oradan evə girməsinlər.

Bakının qədim binalarının qapılarında şir heykəlləri, pəncərələrinin üstündə şir və insan başları var. Bunların da qoruyucu ruhlar olduğuna heç bir şübhə yoxdur.
Ölkə ərazisində ÿqədim qoç heykəlləri ilə bağlı araşdırmalar aparan yeganə mütəxəssis Abuzər Ələkbərov qoç fiqurlarının ümumiyyətlə Asiyada çox geniş yayıldığını söyləyir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya institutunun əməkdaşı bildirir ki, hətta dünya üzrə bu tipli abidələrin tarixi eradan əvvəl II əsrə gedib çıxır. Onun sözlərinə görə, Azərbaycanda bu abidələr sonrakı dövrlərdə – Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin zamanında daha çox populyar olub: “Bu tipli abidələr, demək olar ki, Azərbaycanın bütün rayonlarında var. Mən Yardımlının, demək olar ki, bütün kəndlərində olmuşam. 1980-ci illərin sonlarında bu rayonda işləmişəm. Işğal olunmuş rayonlarda – Laçında, Kəlbəcərdə qoç heykəlləri daha çox idi. Bu abidələr haqqında çoxsaylı yazılar var. Cənub bölgəsində yerləşən rayonlarda da qoç heykəllərinə çox təsadüf olunur. Sadəcə, bu abidələr barəsində mənfi təbliğat aparılıb. Guya heykəllərin boynunda qızıl gizlədiblər. Nəticədə sındırılıb dağıdılıb. Naxçıvanda, xüsusən Ordubad rayonunda, Qərbi Azərbaycanın Sisyan rayounun Urud kəndində də qəbiristanlıqlarda çoxsaylı qoç heykəlləri mövcuddur. Bu heykəllərə ”qoçdaşlar” deyirlər. Bunlar qoç fiqurlu qəbir daşlarıdır. Rasim Əfəndiyevin “Daşlar danışır” kitabında “Urud” qəbiristanlığı ilə bağlı geniş yazılıb. Lerik və Cəlilabadda da fiqurlar daha çoxdur. Lerikin Cəngəmiran kəndində yerləşən bir qəbiristanlıqda 100-dən artıq qoç fiquru var. Mən ötən il onların şəkillərini çəkmişəm. Amma demək olar ki, hamısı sındırılmış vəziyyətdədir. Bu heykəllərin əksəriyyəti qaçaqmalçılıq yolu ilə başqa yerlərə də daşınıb”.

Dağılan, çalınan tarixi dəyərlər

Mütəxəssis alimin dediyi kimi, bəla burasındadır ki, tarix üçün çox dəyərli material verən bu unikal heykəllər çox yerdə nadanlıq, biganəlik üzündən məhv edilib.ÿMəsələn, Qərbi Azərbaycanın Qarakilsə bölgəsi tariximizə aid belə abidələrlə ən zəngin ərazilərdəndir. Burada alban mədəniyyətinə məxsus çoxlu abidə yerləşir. Təəssüf ki, həmin abidələrdən ermənilər öz tarixlərini daha qədimə aparmaq üçün istifadə edirlər. Məsələn, Urud kəndi ərazisindəki qoç heykəllər bütün dünyaya “ermənilərin daş dövrü abidəsi” kimi təqdim olunur. Ermənilər Qərbi Azərbaycan torpaqlarındakı qəbiristanlıqlarda orta əsr Azərbaycan ustaları, bədii daşyonma sənətkarları tərəfindən yaradılmış daş qoç və qoyun heykəllərini daşıyaraq Irəvan şəhərinə aparmış, onların üstündə həkk edilmiş Azərbaycan xalqına məxsus kitabə və təsvirləri məhv edərək erməniləşdirmişlər. Qarakilsə rayonunun Urud kəndindən aparılmış qoç heykəllərin aqibəti də bu cür olmuşdur.Eyni aqibəti işğal olunmuş başqa ərazilərimizdəki heykəllər haqqında da deyə bilərik.ÿ Artıq rəsmi məlumatlarda həmin ərazilərdən yüzlərlə belə abidənin daşınıb aparılmasına dair faktlar var.ÿErmənilər tərəfindən məhv edilən Kəlbəcər tarix-diyarşünaslıq muzeyi ilə bağlı məlumatda deyilir: “Muzeyin həyəti 900 kvadratmetrdən artıq olub… Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib, divarlarda da bir muzey yaradılmışdı. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü At və Qoç heykəli nümayiş etdirilirdi”.

Abidələr üzərindəki rəmzlər

Çox maraqlıdır ki, xarici görünüşünə görə qoç fiqurları qoyun fiqurlarından fərqlənir. Qoyun-qoç heykəllərini iki qrupa bölmək olar: sadə heykəllər və üzərində rəsmlər və süjetli kompozisiyalar olan heykəllər.

Azərbaycanın qədim əhalisinin qoça (qoyuna) olan xüsusi münasibətini biz tunc dövrünün sonrakı mərhələlərində öz ziyarətgahlarını və ibadətgahlarını bu heyvanın fiqurları ilə bəzəməsində də görə bilərik. Məsələn, Qazax rayonu ərazisində Sarıtəpə qədim yaşayış yerində açılmış binanın divarlarının bəzilərində müxtəlif fiqurlar təsvir edilmişdir. Fiqurların yanğın nəticəsində bişməsinə baxmayaraq, onlar öz görkəmini olduğu kimi saxlamışdır. Binanın döşəməsində isə buynuzları aşağı burulmuş qoç başına oxşar fiqura təsadüf edilmişdir. Həmin yerdə qoyun başını əks etdirən digər bir fiqur da tapılmışdır.

Qoç və insan heykəllərinin üzərində təsvir olunan rəmzlərlə bağlı A.Ələkbərov deyir ki, hətta bəzi daşların üzərində süjetli kompozisiya da var: “Bu heykəllərin üzərində ən çox silah təsvirləri – ox, kaman, xəncər, qılınc, məişət əşyaları, lüleyin, təsbeh və digər təsvirlər mövcuddur. Tədqiqatçılar bu təsvirləri dəfn olunan insanların məşğuliyyəti ilə bağlayırlar. Əslində, bu da birtərəfli yanaşmadır. Çünki bu təsvirlərin hamısının kökünü 14, 15, 16-cı əsrlərə bağlayırıq. Amma ondan əvvəlki dövrlərdə də bu abidələrə rast gəlinir. Bu, keçmişdən gələn ənənədir”.

Belə abidələrlə bağlı tarixçi alim Məşədixanım Nemətovanın da araşdırmaları var. O, əsasən həmin heykəllərin üzərində olan təsvirlərin mənasını açmağa maraq göstərir: “Mən Laçın və Kəlbəcərdə bu abidələri araşdırmışam. Həmin heykəllər məzar üzərində yerləşir”.

Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya və etnoqrafiya şöbəsinin müdiri Fariz Xəlili isə deyir ki, sözügedən abidələr Ağqoyunlular, Qaraqoyunlular dövlətləri zamanına təsadüf edir: “Abidələr Səfəvilərin dövründə yaşayıb. XVII, XVII, XIX əsrə təsadüf edən abidələrdir. Qoç qəbirlər əsasən, XV əsrə təsadüf edir. Daşların üzərindəki günəş təsvirinin atəşpərəstliklə heç bir bağlılığı yoxdur. Sadəcə, insanın ucalığını, gücünü göstərir. Günəş parlaqlıq, ay təmizlik mənasını verir.

Təəssüf ki, abidələrimizə sahib çıxmırıq. Camaat da, əksinə, dağıtmaqla məşğuldur. Elə bilirlər ki, içərisində qızıl var. Qoruqçu varsa, yəqin onlar da öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Mədəniyyət Nazirliyinin yerli rayon şöbələri bu işlə məşğul olan birbaşa orqandır. Bir dəfə qoç heykəllərdən birini muzeyə gətirmək istədik, amma bizə icazə vermədilər. Abidələrin qorunması üçün yerli camaat da təşəbbüs qaldıra bilər”.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir