O, verilən tapşırığı icra etdiyini deyir
Əsabəli Mustafayev: “Polis zabiti əmr yerinə yetirdiyini bəyan edirsə, o zaman açıqlasın ki, işgəncəni kim sifariş verib”
Daxili Işlər Nazirliyi Müsavat Məclisinin üzvü, “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəylinin şikayəti üzrə təhqiqata başladığı bir zamanda Nəsimi Rayon Polis Idarəsində rəis müavini Süleyman Nemətov maraqlı açıqlama ilə çıxış edib. S.Nemətov “Yeni Müsavat” qəzetində gedən müsahibəsində özü barədə deyilənləri təkzib edib.
O bildirib ki, mətbuatda onun barəsində gedənlər böhtan xarakterli yazılardır və bu məsələ araşdırılaraq, qapadılıb: “Mən dövlət məmuruyam. Əmrləri icra edir, ictimai asayişi qoruyuram. Kim hara müraciət edibsə, dövlət orqanları var, araşdırarlar. Mən hələ qəzeti oxumamışam? Görsəm heç onu tanımaram (M.Hacıbəylini nəzərdə tutur – red). O, yəqin ki, demək istəmirəm telefonda, Arif Hacılının qardaşıdır”.
Əslində, S.Nemətovun bildirməsi ki, o, işgəncə verilməsində ittiham olunan şəxsləri tanımır, bu göstərir ki, hüquq-mühafizə orqanlarında araşdırma “yüksək” səviyyədə aparılmır. Bundan başqa, S.Nemətov əmrləri yerinə yetirdiyi ilə bağlı söylədikləri də siyasi əqidəsinə görə həbs olunan şəxslərə qarşı işgəncələrin üst qurumlardan gəldiyini göstərir.
Əsabəli Mustafayev bildirdi ki, S.Nemətov barəsində tədbir görülməsi ilə bağlı müraciət edənlər iddia etmirlər ki, S.Nemətov onları əvvəl tanıyırmış. Şahidlərin də izahatında göstərilir ki, S.Nemətov müxalifətçilərə əlində olan siyahıya görə işgəncə veribmiş: “Sahib Rüstəmlinin söylədiklərinə görə, Süleyman Nemətov əlindəki siyahıya əsasən onlarla söhbət edib. Bu baxımdan heç də iddia olunmur ki, Süleyman Nemətov işgəncə verdiyi şəxsləri bu hadisədən əvvəl tanıyırmış. Süleyman Nemətov adları siyahıda olanlarla söhbət etdikdən sonra rayondan gələnləri iş otağında dinləyib – bura Fəxrəddin Abbasov, Sahib Rüstəmli aiddir. Bundan başqa, polisin mitinqçilərə işgəncə verməsini şahidlər də təsdiqləyir”.
S.Nemətovun bir məmur kimi əmr yerinə yetirdiyinə dair söylədiklərinə gəlincə, Ə.Mustafayev vurğuladı ki, polis qanun çərçivəsində hərəkət etməlidir: “Süleyman Nemətova göstəriş gəlibsə ki, mitinqçilərə işgəncə ver və o, bunu həmin göstərişə uyğun olaraq icra edibsə, o zaman açıqlasın ki, bunu kimin sifarişinə əsasən edib. Açıqlamaq istəmirsə, o zaman etiraf etsin ki, o, qanunsuz əmri icra edib. Bu isə özü bir xətadır”.
Hikmət



