Sabunçuda da Ictimai Palata yaradıldı

Ictimai Palata təşkilatlanmanı və mitinqlərə hazırlıq işlərini sürətləndirir

Ötən gün Ictimai Palatanın 6-cı rayon şöbəsinin – Sabunçu rayon şöbəsinin təsis konfransı keçirildi. Ictimai Palatanın üzvləri AXCP sədrinin müavini Asəf Quliyevin, AXCP Rəyasət Heyətinin üzvü Rahim Hacıyevin, Müsavat başqanının müavini Gülağa Aslanlının qatıldığı yığıncağın gündəliyində ənənəvi olaraq iki məsələ dayanırdı: Ictimai Palatanın yerli təşkilatının təsisi, qurumun rayon şöbəsinin əlaqələndirmə şurasına seçkilər və ictimai siyasi vəziyyət.

Strukturlar yaradıldı

Konfransda hesabat verildi ki, Ictimai Palatanın 6 nəfərdən ibarət təşəbbüs qrupu may ayında yaradılıb, konfransa isə yüzədək şəxs Ictimai Palatanın yerli şöbəsini yaratmaq üçün qoşulub. Səsvermə yolu ilə Ictimai Palatanın Sabunçu şöbəsi yaradılandan sonra 4 nəfərlik Əlaqələndirmə Şurası seçildi. Əlaqələndirmə Şurasında təmsilçilik üçün Zöhrab Ibrahimli, Hətəm Allahverdiyev, Rəşad Cavadov və Zahid Fərzəliyevə etimad göstərildi.

Ictimai Palatanın nüfuzu hakimiyyəti narahat edir


Təşkilati məsələlərin həllindən sonra ölkədəki ictimai-siyasi durum, o cümlədən 19 iyun mitinqinə hazırlıq məsələsi müzakirə olundu. Ictimai Palatanın regional komissiyasının üzvü Gülağa Aslanlı çıxışında Palatanın ideyasını yığıncaq iştirakçılarına çatdırdı. O bildirdi ki, günü-gündən ictimai nüfuzu artan Ictimai Palatanı hakimiyyət həzm edə bilmir. Bu quruma beynəlxalq marağın güclənməsi isə ümumiyyətlə, hakimiyyətdə panika yaradıb.
Gülağa Aslanlı dedi ki, növbəti aksiya bir daha Ictimai Palatanın cəmiyyətdəki dəstəyini göstərəcək. Natiq yerli fəalları aksiyaya mütəşəkkil hazırlığa səslədi.

Ərəb ölümdən qorxmur, bəs biz?

Ictimai Palatanın üzvü, AXCP sədrinin müavini Asəf Quliyev də güclənən müxalif ovqatın və Ictimai Palatanın hakimiyyəti təlaşa saldığını bildirdi. O qeyd etdi ki, 19 iyunda yaxşı təşkil olunmuş mitinq keçirməklə avtoritar xislətli hakimiyyəti sarsıtmaq mümkündür. Ərəb ölkələrində xalqın dirənişindən danışan AXCP sədrinin müavini dedi ki, azadlıq və demokratiya uğrunda mübarizə aparan ərəblər ölümdən qorxmadığı kimi, azərbaycanlıların da bu yolda polis dəyənəyindən, həbslərdən qorxmağa mənəvi haqqı yoxdur.
Asəf Quliyev 19 iyun mitinqinə bütün cəmiyyətin səfərbər olması üçün öz ideyalarını da konfrans iştirakçılarına çatdırdı.

Demokratiyanın astanasında

AXCP Rəyasət Heyətinin və Ictimai Palatanın üzvü Rahim Hacıyev Azərbaycanın demokratikləşməsi üçün nikbin əsaslardan danışdı. O bildirdi ki, uzun illər aparılan ağır iş artıq öz nəticələrinə yaxınlaşır, sadəcə indi illərin mübarizlərindən daha intizamlı və fəal fəaliyyət tələb olunur: “Bütün dünyanın gözü bizdədir. Artıq dünya diktaturalara şans tanımaq istəmir. Bizim də əlimizə böyük tarixi fürsət düşüb. Biz daha intizamlı fəaliyyətlə yaxın zamanlarda Azərbaycanı demokratiyaya qovuşdura bilərik”.

***

Daha sonra Ictimai Palatanın Sabunçu rayon şöbəsinin təsisçilərindən Nabatəli Qulamoğlu, Nizami Allahverdi  mitinqlərlə bağlı fikirlərini bildirdilər. Onlar rayon fəallarının 19 iyun mitinqində öncül olacağını qeyd etdilər. Natiqlər Ictimai Palatanın “Yol Xəritəsi” barədə də danışaraq, bu sənədin cəmiyyətdə təbliğinin vacibliyini vurğuladılar.

Natiq