Liviya diktatoru atəşkəsin dayandırılmasını xahiş edib
Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı yerli və xarici hərbi əməliyyatlar davam edir. NATO komandanlığı altındakı koalisiya qüvvələrinə aid qırıcılar paytaxt Tripoliyə hava zərbələri endirib. Hədəf yenə də Liviya diktatorunun əmrindəki əsgərlərin hərbi obyektləri olub. Avizərbələrdən sonra paytaxtda güclü partlayışlar baş verib.
NATO-nun “Twitter” sosial şəbəkəsi vasitəsilə Liviya diktatorunun hərbi hədəflərini müəyyənləşdirməsi barədə xəbərlər yayılıb. Alyansın sözçüsü polkovnik-leytenant Mayk Braken bildirib ki, mümkün olan bütün mənbələrdən kəşfiyyat məlumatları alınacaq.
Bu arada, Qəzzafiyə bağlı silahlılarla üysançılar arasında silahlı qarşıdurmaların şiddətləndiyi barədə xəbərlər yayılıb. Ölkənin qərbindəki liman şəhəri Zaviyyədə üsyançılarla Qəzzafi əsgərləri arasında toqquşma yaşanıb.
Liviya müxalifətinin Londonda səfərdə olan təmsilçisi Cümə əl Cəmati üsyançıların Zaviyyə şəhərinin qərb hissəsindəki böyük bir bölgəni nəzarətə götürdüyünü bildirib. Onun sözlərinə görə, paytaxt Tripoliyə ən yaxın şəhər olan Zaviyyədə bu günə qədərəki ən şiddətli döyüşlər iyunun 10-da yaşanıb.
Zintan şəhərində isə üsyançılarla Qəzzafiyə sadiq əsgərlər arasında gedən döyüşlərdə 22 müxalifət tərəfdarı öldürülüb.
Tripolidən 160 km. şərqdə yerləşən Zintan şəhərində nəzarəti ələ keçirməyə çalışan üsyançılar paytaxta gedən sahil yolunu tutmağa çalışır. Müxalifət təmsilçisi üsyançıların Zintanın bəzi nöqtələrini ələ keçirdiklərini bildirib.
Qəzzafi Ərdoğanın təklifini rədd edib
Digər tərəfdən, Qəzzafi qüvvələrinin antik sahələrilə məşhur Qasdamis şəhərinə ilk dəfə hücum təşkil edib. Tripolinin 600 km. cənub-qərbindəki şəhər Əlcəzairlə sərhəddə yerləşir. Gecə vaxtı başlanan hücumla Liviyada 5 aydan bəri davam edən vətəndaş müharibəsində yeni bir cəbhə açılmış oldu. Liviya diktatorunun əsgərləri üsyançıların sığınacaq nöqtələri olan Misrata şəhərini də atəşə tutub.
“The Washington Post” qəzetinin yazdığına görə, Liviya diktatoru ABŞ Konqresinə məktub göndərib. Hazırda məktubun saxta olub-olmaması yoxlanılır. Məktubda Qəzzafinin Liviyanın yenidən avropalıların koloniyasına çevrilməsinə icazə verməyəcəyi və humanitar yardım göstərilməsi barədə xahiş etməyəcəyi kimi məlumatlar öz əksini tapıb. Bundan başqa, Qəzzafi ölkədə ABŞ-ın rəhbərliyi ilə atəşkəsin təmin edilərək danışıqlara start verilməsini xahiş edib.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan NTV kanalında yayımlanan verilişdə bildirib ki, Liviyanı tərk etməkdən başqa çarəsi qalmayan Müəmmər Qəzzafiyə həyatı üçün təminat veriləcəyilə bağlı müraciət ünvanlayıb. Baş nazir Liviya diktatorunun bu təklifi rədd etdiyini söyləyib.
Diktatorun qızı Aişə Qəzzafi isə aprelin 30-da Tripolinin Bab əl-Əziziyə rayonunun bombalanması nəticəsində qohumlarının öldürülməsinə görə NATO-ya qarşı Paris məhkəməsinə iddia ərizəsi təqdim edib.
Budəfəki şikayətin təkcə alyans deyil, Fransa ordusunun hərbçiləri, həmçinin bu ordunun ali baş komandanı sayılan prezident Nikolya Sarkoziyə qarşı yönəldiyi bildirilir. Aişə Qəzzafi oğlunun, kiçik qardaşı Seyf əl-Ərəbin və onun 2 uşağının ölümündə günahkar olanların məsuliyyətə cəlb olunmasını tələb edib. O, NATO-nun Tripolidə mülki yaşayış məntəqəsinə hücum etmək qərarını “hərbi cinayət” adlandırıb.
Informasiya şöbəsi


