Vəfa Quluzadə: «Naxçıvanın Azərbaycanın ərazisindən qopardılacağını iddia etmək absurddur»
Rusiyanın Strateji Inkişafın Modelləşdirilməsi Mərkəzinin birinci vitse-prezidenti Qriqori Trofimçukun hədə dolu açıqlaması bəzi məqamlara diqqəti cəlb edir. Ekspert bildirib ki, rəsmi Bakı fəal əməliyyatlara başlayarsa, Qafqazda təkrar bölünmə baş verə bilər.
Trofimçuk hesab edir ki, Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Naxçıvanı ondan almağa çalışacaqlar. Ekspertin sözlərinə görə, hərbi əməliyyatlara başlamaq üçün Azərbaycan bəzi güc mərkəzlərinin heç olmasa gizli dəstəyini almalıdır və hətta burada Türkiyənin dəstəyi yetərli olmayacaq.
Söylənilən fikirlərə münasibət müxtəlifdir. Məsələn, politoloq Vəfa Quluzadə Trofimçukun bu açıqlamasını siyasi avantüra sayır. Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların bərpa olunacağı təqdirdə Rusiyanın baş verənlərdən kənarda qalmayacağını deyən V.Quluzadə vurğuladı ki, Rusiya öz işğalçı siyasətinə uyğun olaraq Ermənistanı dəstəkləyir: “Amma Naxçıvanın Azərbaycanın ərazisindən qopardılacağını iddia etmək absurddur. Burada bəzi reallıqlar nəzərə alınmalıdır. Naxçıvanla bağlı Türkiyənin Qars müqaviləsinə görə bəzi öhdəlikləri var. Türkiyə bu müqavilənin şərtlərinə hələ də sadiqdir. Digər tərəfdən, bu gün üçün Türkiyə ordusunun gücü Rusiyanın ordusundan qat-qat çoxdur. Bu ordular qarşı-qarşıya gəlsə, türklər rusları məhv edər. Rusiya bu məsələdə nüvə silahına etibar etməməlidir. Çünki Türkiyə bir NATO ölkəsidir və Rusiyanın ona qarşı hücumu bütün NATO-nun bu qarşıdurmaya qoşulması demək olacaq”. Rusiyadan səslənən bu tip bəyanatlarla Kremlin Yerevanın gözündə qalxmağa çalışdığını deyən V.Quluzadə bildirdi ki, bütün dünya Ermənistanın Rusiyanın vassalı olduğunu bilir. Ona görə də Ermənistan baş verənlərdə heç bir müstəqil mövqe sərgiləyə bilməz: “Ermənistan Rusiyanın quberniyasıdır və Yerevan Rusiyanın göstərişi ilə addımlar atır. Elə Iranla əlaqələrin möhkəmləndirilməsi, Irana rus mallarının ötürülməsi də buna misaldır. Sadəcə olaraq Rusiyaya sərf edir ki, Ermənistanı müstəqil kimi təqdim etsin”.
Xəyal



