Fərhad Abdullayevin alimliyə gedən yolunun mübhəm sirləri «Azadlıq»da
“Azadlıq”a ölkənin hüquq sistemində, eyni zamanda elm sahəsində qalmaqal yarada biləcək bir məktub daxil olub.
Bir nüsxəsi də Ali Attestasiya Komissiyasının sədri A.Mehdiyevə, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə, Administrasiyanın humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadəyə və Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevə ünvanlanan məktubda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin plagiat yolu ilə doktorluq adı aldığı iddia olunur.
Məktubda yazılıb: “29 mart 2011-ci ildə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ”Azərbaycan Respublikasında Konstitusiya icraatının nəzəri və praktiki problemləri” mövzusunda “hüquq elmləri doktoru” dissertasiyasını müdafiə edib. Bu dissertasiya elmi iş anlayışına uyğun gəlmir. Bu, sadəcə, gözdən pərdə asmaq üçün quraşdırılmış və Azərbaycan dilinə tərcümə edilən rus dissertasiyalarından plagiatdır. Əlbəttə, bura 9-cu sinif şagirdinin bilik səviyyəsində olan müəllifin fikirləri və düşüncələri də əlavə olunub”.
Məktub müəllif(lər)i iddia edir ki, 1-ci fəslin “Konstitusiya nəzarəti orqanı kimi konstitusiya məhkəmələrinin yaranması və inkişafı tarixi” adlanan 1-ci paraqrafı səhvlərlə birlikdə Polovmenko Konstantin Anatolyeviçin “Rusiyada və Ukraynada konstitusiya ədliyyəsi” adlı 2003-cü il dissertasiyasının 1-ci fəslinin 1-ci paraqrafından köçürülüb.
1-ci fəslin 1-ci paraqrafına, F.Abdullayevin öz nəticələri kimi, Petrova Irina Vladimirovnanın “Konstitusiya məhkəməsi – Rusiya Federasiyasında konstitusion nəzarət orqanı” adlı 2004-cü il dissertasiyasının bir hissəsini (Bax. səh.36-38) də daxil etdiyi məktubda qeyd olunub.
Bütün bunlarla yanaşı, o da bildirilir ki, F.Abdullayev öncə I.Petrovanın dissertasiyasından 36-38 səhifələri 2007-ci il tarixli 18 nömrəli “Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri” jurnalında (bax. jurnalın 30-34 səhifələri) öz məqaləsinə daxil edib. Sonradan isə onları öz fikirləri kimi dissertasiyasına və monoqrafiyasına salıb.
Məktub müəllifi sonda qeyd edir ki, Abdullayev dissertasiyasının 1-ci fəslinin 1-ci paraqrafını S.V.Bobotovun konstitusiya ədliyyəsinə həsr olunmuş işinin yarısını “oğurlayaraq” ərsəyə gətirib.
Məktubda əks olunan məqamları aydınlaşdırmaq məqsədilə 2 gün ardıcıl Konstitusiya Məhkəməsilə əlaqə saxlamaq üçün göstərdiyimiz bütün səylər nəticəsiz qaldı. Mühüm post tutan hakim Abdullayevin bu iddia ilə bağlı istənilən vaxt verəcəyi açıqlamanı “Azadlıq” dərc etməyə hazırdır.
Natiq