Kəmaləddin Heydərovun postu təhlükədə

«Fövqəlnazir»in Qərb diplomatları ilə müzakirələrdə hakimiyyətin sirrini faş etməsi ona baha başa gələ bilər

Ingiltərənin nüfuzlu xəbər agentliyi “Reuters”in fövqəladə hallara naziri Kəmaləddin Heydərov barədə dərc etdiyi məqalədə (məqalədən seçmələr “Azadlıq”ın dünənki sayında dərc edilib) maraqlı məqamlardan biri də “fövqəlnazir”in Qərb diplomatları ilə nüvə zavodu barədə söhbətidir.
“Reuters” məşhur “WikiLeaks” saytına istinadən yazıb ki, Amerikalı diplomatlarla görüş zamanı Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan hökuməti nüvə reaktorunun tikintisi haqda qəti qərar verməyib. Ancaq Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin (MAQATE) təmsilçiləri ilə Azərbaycan rəsmiləri arasında nüvə reaktorunun texniki-iqtisadi əsasları barəsində müzakirələr aparılıb. Heydərov bu müzakirələrin 2012-ci ilə qədər təxirə salındığını da söyləyib.
ABŞ səfirliyinin diplomatı Frenk Mermudla görüş zamanı Kəmaləddin Heydərov onun rəhbərlik etdiyi nazirliyə Azərbaycanda nüvə enerjisi istehsal edən zavodun tikintisiylə bağlı araşdırmalar aparılması haqda göstəriş verildiyini vurğulayıb.
“Reuters” yazır ki, digər azərbaycanlı rəsmilər isə onlara nüvə enerjisi ilə bağlı suallar ünvanlananda Azərbaycanın alternativ enerji resurslarına ehtiyacı olmadığını söyləyiblər.
Hakimiyyətdaxili mənbələrin “Azadlıq”a verdiyi məlumata görə, bu fakt Kəmaləddin Heydərov üçün ciddi başağrısına çevrilə bilər. Çünki “fövqəlnazir” faktiki olaraq Azərbaycan hakimiyyətinin Qərb diplomatlarından gizlətməyə çalışdığı məsələnin üstünü açıb: “Kəmaləddin Heydərovun rəqibləri bundan ona qarşı istifadə etməyə çalışır. Artıq hakimiyyət dəhlizlərində Kəmaləddin Heydərovun ”Qərbin adamı” olması barədə danışırlar. Bu isə Qərblə konfrantasiyada olan hakimiyyət üçün arzuolunmazdır. Əgər Kəmaləddin Heydərovun rəqibləri Ilham Əliyevi fövqəladə hallar nazirinin Qərbə bağlı olduğuna inandıra bilsələr, bu, onun üçün çox ağır nəticələrə səbəb olacaq. Vaxtilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi bu ittihamlarla gözdən salan və həbsinə nail ola bilən Kəmaləddin Heydərov indi özü eyni vəziyyətlə üzləşə bilər”.
Mənbə əlavə edib ki, bir müddət əvvəl Kəmaləddin Heydərovun  ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza ilə görüşü və bununla bağlı məlumatlar da “fövqəlnazir” üçün arzuolunmazdır. “Məhz bu görüşdən sonra Kəmaləddin Heydərovun ölkədə gərginliyin artmasına tərəfdar olmadığı, müxalifətlə kompromisə gedilməsini istədiyi barədə məlumatlar ciddiləşdi. Kəmaləddin Heydərovun yaxın ətrafına daxil olan şəxslər açıq-aşkar mitinqlərə yer ayrılmasını bəyan etdilər. Indisə ”Reuters” agentliyinin belə bir məlumat yayması Kəmaləddin Heydərovun rəqiblərinin əlinə onu komandadan kənarlaşdırmaq üçün daha ciddi arqumentlər verib”, – deyə mənbə əlavə edib.

Informasiya şöbəsi