Gənclər 19 iyunda da öndə olacaq

Ictimai Palatanın iyunun 19-na planlaşdırdığı aksiyada da təşkilatın bundan əvvəlki mitinqlərində olduğu kimi gənclər ön sırada olacaqlar. Bu qənaətə istər IP üzvü olan partiyaların gənclər təşkilatlarının təmsilçilərinin, istərsə də təşkilata üzv olmayan gənclər təşkilatının nümayəndələrinin açıqlamalarına əsasən gəlmək olar.

Əbülfəz Qurbanlı: “Siyasi əqidəsinə görə məhbusların sayının artdığı zamanda IP-nin aksiya keçirməsi vacibdir”


AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı 19 iyun aksiyasına hazırlıq işlərinə partiyanın gənclərinin ötən həftədən başladığını söylədi. Partiyanın üzvü olan gənclərin aktivləşdirilməsi ilə yanaşı xeyli sayda bitərəf gənclərlə də görüşlər keçirdiklərini söyləyən Ə.Qurbanlı vurğuladı ki, aksiya həftəsində hazırlıq işlərini daha sürətləndirəcəklər: “Bundan başqa, sosial şəbəkələrdə də təbliğat apararaq, gənclərin aksiyada fəal olmasına çalışacağıq. Eyni zamanda başqa aktiv gənclər təşkilatları ilə əlaqələr quraraq fəal gənclərin aksiyada birgə və yaxud ayrı-ayrılıqda iştirakını müzakirə edəcəyik”. Hazırkı dövrdə siyasi əqidəsinə görə məhbusların sayının artdığı, beynəlxalq aləmin Azərbaycana diqqətinin yönəldiyi bir zamanda IP-nin aksiya keçirməsinin vacib olduğunu deyən Ə.Qurbanlı qeyd etdi ki, təşkilatın aksiyasında bu baxımdan həm də siyasi məhbuslara azadlıq şüarı səsləndiriləcək.

Səxavət Soltanlı: “Iyunun 19-da müsavatçı gənclər aktiv olacaqlar”


Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı da bildirdi ki, təmsil etdiyi partiyanın gəncliyi IP-nin növbəti aksiyasına ciddi hazırlaşır. Təşkilatın sədrinin həbsdə olmasına baxmayaraq sıravi üzvlərin ruhdan düşmədiyini deyən S.Soltanlı vurğuladı ki, iyunun 19-da müsavatçı gənclər digər aksiyalarla müqayisədə daha mütəşəkkil və aktiv olmağa çalşacaqlar: “Müsavatçı gənclərin aksiyaya hazırlığı yüksək səviyyədə davam edir və biz yenə mitinqdə ön sıralarda olmağa hazırıq. Aksiyaya razılığın verilib-verilməməsindən asılı olaraq, ona uyğun taktika seçəcəyik. Əgər aksiya razılaşdırılmış olacaqsa bir, razılaşdırılmamış olacaqsa, fərqli taktika ilə hərəkət edəcəyik. Müsavat Partiyası da digər gənclər təşkilatı ilə əlaqələr yaratmaqla iyunun 19-dakı aksiyanın izdihamlı keçməsinə çalışır”.

Cəmil Hacıyev: “Gənclərin əhval-ruhiyyəsinin yüksəldilməsi istiqamətində fəal iş aparırıq”


IP-nin qəbul etdiyi qərarlara hörmətlə yanaşdığını deyən ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev də bildirdi ki, partiyaları 19 iyun aksiyasının təşkilatçısı və icraçısı olmasa da, təşkilatlarının üzvlərinin aksiyaya qatılmaları ilə bağlı qadağa yoxdur: “Biz bu aksiyanı da yüksək qiymətləndiririk. Düşünürəm ki, Azərbaycan gəncliyi bu aksiyada çox fəal iştirak etməlidir. Çünki hazırda gəncliyin üzərinə böyük vəzifələr düşür. Bu istiqamətdə gənclərin əhval-ruhiyyəsinin yüksəldilməsi istiqamətində fəal iş aparırıq. Düşünürük ki, budəfəki aksiya da ötən mitinqlər kimi yaddaqalan olacaq”.

Xəyal